Məhkəmə qərarları › İş №2(001)-3996/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3996/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3996/2021 18.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 11.02.1962-ci il tarixdə Ermənistan SSR-nin Spitak rayonu Qursalı kəndində anadan olmuş və həmin vaxt Spitak rayonu VVADQ şöbəsində 20.02.1962-ci il tarixdə doğum akt qeydi aparılmaqla onun adına doğum haqqında şəhadətnamə verilmişdir. O, 1988-ci ildə məlum hadisələrlə bağlı qaçqın düşmüş, əvvəl Gürcüstana getmiş, daha sonra Azərbaycan Respublikasına gələrək ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin vaxt onun SSRİ vətəndaşının pasportu və hərbi bileti olmuş, lakin bir nəfər tərəfindən aldadılmış və sənədləri də oğurlanmış, onda yalnız doğum haqqında şəhadətnamə qalmışdır. Onun atası X11 Bakı şəhərində 2003-cü ildə vəfat etmiş, anası X6 isə 1984-cü ildə Spitak rayonunda vəfat etmiş, lakin ölüm haqqında şəhadətnamələri yoxdur. Spitakda baş vermiş zəlzələdən sonra uzun müddət soyuq havada qaldığından soyuq dəymədən ciyərləri xəstədir. Uzun müddət müalicə olunmuş, bu səbəbdən sənədlərini düzəldə bilməmişdir. O, hüquqlarının həyata keçirilməsi, özünə şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq dövlət qurumlarına müraciət etdikdə ona məxsus doğum haqqında şəhadətnamədə möhürün pozulması, oxunmaması səbəbindən müraciətləri təmin edilməmişdir. Bu səbəbdən də o, şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Doğum haqqında akt qeydi Ermənistanda aparıldığından doğum haqqında arayış alması və ya dublikat şəhadətnamə alması mümkün deyildir. Onun doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə ərizəsinə Maraqlı şəxs tərəfindən verilmiş cavabda əsas olmadığı üçün ərizəsi təmin edilməmiş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Onun doğumun qeyd edilməsi barədə sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi ona şəxsiyyət vəsiqəsi alıb, müalicəsi ilə bağlı xarici ölkəyə getmək istəməsidir. Ona görə də 20.02.1962-ci il tarixdə barəsində Ermənistanın Spitak rayon VVADQ şöbəsində doğumunun qeyd edilməsinin, 11.02.1962-ci il tarixdə Ermənistanın Spitak rayonu Qursalı kəndində doğulmasının, ata adının X11, milliyyətinin azərbaycanlı, ana adının X6, milliyyətinin azərbaycanlı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Ermənistan SSR Spitak rayonu Qursalı kənd soveti tərəfindən verilmiş 24.12.1976-cı il tarixli İ - СЛ № 343172 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X7 24.12.1976-cı il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Nəsirova soyadı verilmişdir. Ermənistan SSR Spitak rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28.04.1971-cı il tarixli İİ – СЛ № 290635 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 11.02.1962-ci il tarixdə Ermənistan SSR Spitak rayonu Qursalı kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20.02.1962-ci il tarixdə 52 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan X11, anası milliyəti azərbaycanlı olan X1r. Ermənistan SSR Spitak rayonu Qursalı kənd soveti tərəfindən verilmiş 27.05.1983-cü il tarixli İİ - СЛ № 333421 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 11.02.1962-ci il tarixdə Ermənistan SSR Spitak rayonu Qursalı kəndində anadan olmuş Ərizəçi ilə X9 27.05.1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Nəsirova soyadı verilmişdir. Ermənistan SSR Spitak rayon VVAQ şöbəsi tərəfindən verilmiş 28.04.1977-ci il tarixli İİ – СЛ № 290636 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 18.01.1964-cü il tarixdə Ermənistan SSR Spitak rayonu Qursalı kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 40 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan X11, anası milliyəti azərbaycanlı olan X1r. Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş 10.04.1990-ci il tarixli XV – ЖГ № 309701 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 31.01.1990-ci il tarixdə Gürcüstan SSR Marneuli rayonu Sadaxlı kəndi anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 942 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan Ərizəçi, anası milliyəti azərbaycanlı olan X2r. Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 02.03.1993-cü il tarixli XVİİİ – ЖГ № 305371 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 31.01.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14-5 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan Ərizəçi, anası milliyəti azərbaycanlı olan X4r. Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evi tərəfindən verilmiş 01.03.1997-ci il tarixli XX – ЖГ № 312264 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 20.12.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 542 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası milliyəti azərbaycanlı olan Ərizəçi, anası milliyəti azərbaycanlı olan X2r. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 11.08.1992-ci il tarixli 711 saylı sərəncamının surətindən müəyyən olunur ki, 1963-cü il təvəllüdlü A.İ.Quliyevanın, 1962-ci il təvəllüdlü Ərizəçi, 1990-cı il təvəllüdlü N.Ərizəçi Xutor qəsəbəsi 8-ci sıra ev 11 ünvanına daimi qeydiyyata alınmalarına icazə verilmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, Ərizəçi ilə 1983-cü ildə nikaha daxil olmuş, bu nikahdan üç övladı anadan olmuşdur. Əri Ərizəçi 11.02.1962-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuşdur. 1988-ci ildə Ermənistanın Spitak rayonunda baş vermiş zəlzələ ilə bağlı onlar ilk əvvəl Gürcüstana getmiş, 1991-ci ildə Azərbaycan Respublikasına gələrək ünvan 2 ünvanında məskunlaşmışlar. Əri Ərizəçi uzun müddət xəstə olduğundan özünə məxsus sənədləri ala bilməmiş, işləyə bilməmişdir. Ərizəçi valideynləri azərbaycanlı olmuş, atası X11 Bakı şəhərində 2003-cü ildə vəfat etmiş, anası X6 isə 1984-cü ildə Spitak rayonunda vəfat etmişdir. Əri hazırda xəstə olduğundan Türkiyəyə müalicəyə getməlidir. Lakin şəxsiyyət vəsiqəsi olmadığından Ərizəçi müalicəsi üçün ölkədən gedə bilmir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, o, 31.01.1992-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X2r. Onun atası Ərizəçi 11.02.1962-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuşdur. Atasının valideynləri azərbaycanlı olmuş, onun ata babası X11 Bakı şəhərində 2003-cü ildə vəfat etmiş, ata nənəsi X6 isə 1984-cü ildə Spitak rayonunda vəfat etmişdir. Valideynləri 1988-ci ildə Ermənistanın Spitak rayonunda baş vermiş zəlzələ ilə bağlı əvvəl Gürcüstana getmiş, 1991-ci ildə Bakı şəhərində məskunlaşmışlar. Atasının şəxsiyyət vəsiqəsi olmadığından müalicəsi ilə bağlı Türkiyəyə gedə bilmir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, o, 31.01.1990-cı ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuş, atası Ərizəçi, anası X2r. Onun atası Ərizəçi 11.02.1962-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuşdur. Atasının valideynləri azərbaycanlı olmuş, onun ata babası X11 Bakı şəhərində 2003-cü ildə vəfat etmiş, ata nənəsi X6 isə 1984-cü ildə Spitak rayonunda vəfat etmişdir. Valideynləri 1988-ci ildə Ermənistanın Spitak rayonunda baş vermiş zəlzələ ilə bağlı əvvəl Gürcüstana getmiş, 1991-ci ildə Bakı şəhərində məskunlaşmışlar. Atasının şəxsiyyət vəsiqəsi olmadığından müalicəsi ilə bağlı Türkiyəyə gedə bilmir. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, o, 02.01.1956-cı ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuşdur. O, Ərizəçi ilə Spitak rayonunda qonşu olmuş, onlar Bakı şəhərində də qonşudurlar. Ona görə də bilir ki, Ərizəçi 11.02.1962-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuş, valideynləri milliyətcə azərbaycanlı olan X11 və X1r. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, 31.07.1963-cü ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuşdur. O, Ərizəçi ilə Spitak rayonunda qonşu olmuş, onlar Bakı şəhərində də qonşudurlar. Ona görə də bilir ki, Ərizəçi 11.02.1962-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuş, valideynləri milliyətcə azərbaycanlı olan X11 və X1r. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərmişdir ki, o, 20.02.1968-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuşdur. O, Ərizəçi ilə Spitak rayonunda qonşu olmuş, onlar Bakı şəhərində də qonşudurlar. Ona görə də bilir ki, Ərizəçi 11.02.1962-ci ildə Ermənistanın Spitak rayonu Qursalı kəndində anadan olmuş, valideynləri milliyətcə azərbaycanlı olan X11 və X1r. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs 15.04.2021-ci il tarixli 05/q-904/13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə 15.04.2021-ci il tarixli müraciətinə baxılaraq təqdim edilmiş doğum haqqında şəhadətnamədə qaralama və ziddiyyət olduğundan onun ərizəsinin təmini mümkün olmamış, ona hüquqi faktın müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi 11.02.1962-ci il tarixdə Ermənistanın Spitak rayonu Qursalı kəndində doğulması və Ermənistan SSR Spitak rayon VVAQ şöbəsi tərəfindən doğumunun 20.02.1962-ci il tarixdə qeyd edilməsi, atasının milliyəti azərbaycanlı olan X11, anasının milliyəti azərbaycanlı olan X6 olması olması faktı öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi 11.02.1962-ci il tarixdə Ermənistanın Spitak rayonu Qursalı kəndində doğulması, doğumunun Ermənistan SSR Spitak rayon VVAQ şöbəsi tərəfindən 20.02.1962-ci il tarixdə qeyd edilməsi, atasının milliyyəti azərbaycanlı olan X11, anasının mülliyyəti azərbaycanlı olan X6 olması faktları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar