Məhkəmə qərarları › İş №2(001)-4009/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4009/2021

13.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4009/2021 13.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirov Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10.06.1994-cü il tarixli 30/27110 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Həmzə Babaşov küçəsi, ev 6, 8 saylı mənzil onun şəxsi mülkiyyətindədir. X2 02.12.2006-cı il tarixdə iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, 2018-ci ildə cavabdeh mənzil üzrə qeydiyyata alınmış və 2019-cu ilin mart ayından sonra evi tərk edərək atasına məxsus evə köçmüşdür. Cavabdehin qeyd edilən mənzildə qeydiyyatda olmasına baxmayaraq o, 2019-cu ilin mart ayından sonra orada yaşamır. Cavabdehin pasport qeydiyyatında qalması onun mülkiyyətində olan mənzilinə hüququnun həyata keçirilməsinə maneə törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də qanunvericiliyin tələblərini nəzərə alaraq öhdəliyini yerinə yetirməyən cavabdehin yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi zərurət vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili E.Yəhyazadə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Lakin 3-cü şəxs Binəqədi Rayon Polis İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçilməsini xahiş etmişlər. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 10.06.1994-cü il tarixli 30/27110 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Həmzə Babaşov küçəsi, ev 6, 8 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan nikahın haqqında şəhadətnamədən görünür ki, X4 ilə Cavabdeh nikahları Bakı şəhər Binəqədi rayon VVADQ şöbəsində 02.12.2006-cı il tarixdə 1269 nömrə ilə qeyd edilmişdir. Məhkəmənin iclasında iştirak edən şahid X4 izahatında bildirdi ki, iddiaçı onun atasıdır, cavabdeh isə onun arvadıdır. O, 02.12.2006-cı il tarixdə iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, 2018-ci ildə cavabdeh mənzil üzrə qeydiyyata alınmış və 2019-cu ilin mart ayından sonra evi tərk edərək atasına məxsus evə köçmüşdür. Cavabdehin qeyd edilən mənzildə qeydiyyatda olmasına baxmayaraq o, 2019-cu ilin mart ayından sonra orada yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, Cavabdeh qeyd olunan qanunvericiliyin tələblərinə əsasən sözü gedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Həmçinin,“Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdehlərin həmin mənzildə qeydiyyatda (pasport qeydiyyatı) olmaları öz-özlüyündə, cavabdehlərin həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Beləliklə, müəyyən edildi ki, cavabdeh artıq uzun müddətdir ki, mübahisəli mənzildə yaşamır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ formal xarakter daşıdığından, həmin mənzildə formal olaraq qeydiyyatdadır. Onun həmin mənzildə qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərindəki sərəncam hüququnun həyata keçirməsinə mane olur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Həmzə Babaşov küçəsi, ev 6, 8 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Həmzə Babaşov küçəsi, ev 6, 8 saylı mənzildən istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-4009/2021 23 avqust 2021-ci il İddiaçı: İddiaçı Ünvan: ünvan 1 Cavabdeh: Cavabdeh Ünvan: ünvan 1 İddiaçının vəkili:X5 Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 4, mənzil 12 Bakı şəhəri 28 saylı vəkil bürosu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(001)- 4009/2021 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti – “04” vərəqədə (hər bir ünvana). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar