Məhkəmə qərarları › İş №2(001)-4014/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4014/2023

12.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4014/2023 12.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanan əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “Əmək müqaviləsi” bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin rəhbərliyi ilə əmək müqaviləsi bağlayaraq, satış üzrə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. xx.xx.2022-ci il tarixində aralarında bağlanmış əmək müqaviləsinə ikitərəfli qaydada xitam verilmiş, işdən azad olunmuşdur. Son aylarda o, yeni iş yeri ilə bağlı sənədləşmələr aparan zaman məlum olmuşdur ki, onun adına aktiv əmək müqaviləsi mövcuddur. Yəni, işəgötürən MMC öz vəzifəsini icra etməmi, xitam verilmiş əmək müqaviləsi bildirişini “Əmək və Məşğulluq” altsisteminə daxil etməmişdir. Dəfələrlə axtarmasına baxmayaraq, Cavabdeh MMC-nin rəhbərliyini tapa bilməmişdir. Ancaq cəmiyyətin təsisçisi ilə telefon əlaqəsi saxlaya bilmişdir. Sonuncuda bildirmişdir ki, onun təsisçisi olduğu cəmiyyətin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, iş yeri barədə elanda gördükdən sonra elanda göstərilən nömrəyə zəng etmiş və işə düzəlmək istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin rəhbərliyi ilə Əmək müqaviləsi bağlayaraq satış üzrə mütəxəssis vəzifəsinə işə götürülmüşdür. Bununla bağlı şəxsiyyət vəsiqəsinin və diplomun surətini telefonda danışdığı şəxsə göndərmiş və elektron sistemdən əmək müqaviləsi haqqında bildirişin qeydə alındığını görmüşdür. Lakin işə getməmiş, əmək haqqı almamış, daha sonra təhsili ilə bağlı ölkə xaricinə getdiyi üçün 2022-ci il tarixdə işdən azad olmağı barədə ərizə ilə müraciət etmiş və elə bilmişdir ki, işdən azad olunmuşdur. Lakin işdən azad olmağı barədə ərizə müraciət etməyinə baxmayaraq onu işdən çıxarmayıblar. İşdən çıxmağı ilə bağlı ərizəni Əhməd Rəcəbli küçəsində telefonda danışdığı şəxsə vermişdir. Məhkəmənin pandemiya dövründə evdən çıxmaq üçün icazə məqsədi ilə işə düzəlib-düzəlmədiyi barədə sualına cavab olaraq ele bir halın olmadığını bildirdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi X1 izahatında bildirmişdir ki, Cavabdeh MMC-nin qanuni nümayəndəsi öz elektron imzası bərpa edib, əmək müqaviləsinə xitam verə bilər. Bundan sonra əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsinin bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsini həyata keçirirlər. Əmək müqaviləsi bildirişi onlarda yoxdur, iddiaçı özü internet səhifəsindən çıxara bilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin İddiaçı ünvanladığı **********7 saylı, 18 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, müraciətinə Nazirlik yanında X3 Xidmətində baxılmışdır. Ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricində olması barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ile daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından ve bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sistemine gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış Əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə İşəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəüqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqavciləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməsi barədə məlumat vermişdir.

9. “myGov” platformasından olan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixindən 250 manat aylıq əmək haqqı almaqla Cavabdeh MMC-də satış meneceri kimi işləyir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət etdiyini və ərizəsini geri götürmədiyi halda, MMC-yə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etməsindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilmədiyini iddia edir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin İddiaçı ünvanladığı **********7 saylı, 18 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı 2022-ci ildən işdən çıxmaqla bağlı mümkün bütün üsullardan istifadə edib. Lakin işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin müvafiq məktubuna belə cavab verilməmişdir.

11. Cavabdeh MMC-nin səlahiyyətli şəxsləri məhkəmə iclaslarında iştirak etmədiyinə görə iddiaya münasibət bildirməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

13. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.(maddə 49.1)

14. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.(maddə 49.5)

15. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.(maddə 69.1)

16. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.(maddə 69.2)

17. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.(maddə 69.5)

18. Fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır.(maddə 74.1-1.2)

19. Bu Məcəllənin 49-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsi bildirişi qüvvədən düşmüş hesab edildikdən sonra əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparılır.(maddə 87.8) Tətbiq edilən prosessual hüquq normaları:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

24. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

25. Məhkəmə hesab edir ki, tərəflər arasında olan əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam verildiyindən onun məhkəmə qaydasında xitam verilməsi zərurəti mövcud deyildir. Belə ki, Əmək Məcəlləsinin yuxarda qeyd edilən (16 və 17-ci bəndlər) 69.1-ci və 69.2-ci normalarının məzmunundan anlaşılır ki, əmək müqaviləsinə xitam verilməsi işçinin 1 təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməsi ilə şərtləndirilmişdir. Əmək müqaviləsinin xitamı üçün məcəllədə nəzərdə tutulan sonrakı tələblər isə işəgötürən tərəfindən yerinə yetirilməli olan hərəkətlərdir. Qanunverici bununla bağlı işçinin tələblərini yerinə yetirməyi işəgötürən üçün imperativ göstəriş kimi müəyyən etmişdir. Məhkəmə həmçinin qeyd edilən normanın mahiyyəti ilə bağlı qeyd edir ki, normada işçinin işəgötürənə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yazılı ərizə ilə müraciət etməsi deyil, xəbərdarlıq etməsi təsbit edilmişdir. Bu onu deməyə əsas verir ki, işçinin əmək müqaviləsinə xitam verməsi işəgötürənin iradəsindən asılı olmayıb işçinin işəgötürənə məlumat verməsi ilə şərtlənir. İş materiallarından görünür ki, iddiaçı (işçi) işəgötürəni xəbərdar etmiş və həmin ərizənin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət keçmiş və həmin müddət ərzində ərizəçi (iddiaçı) ərizəsini geri götürməmişdir. Belə olan halda, qanunverici işçiyə işə çıxmamaq hüququ verməklə həmin vəziyyətdə əmək münasibətlərinin davam etmədiyini və əmək müqaviləsinə xitam verildiyi mənasını ehtiva edir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İşin hallarına və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd edir ki, işçi 1 təqvim ayı qabaqcadan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etdiyindən, müqaviləyə xitam verilməsi ilə bağlı sonrakı prosedur hərəkətlərin edilməsi işəgötürənin üzərinə düşür və işəgötürənin həmin öhdəliklərini yerinə yetirməməsi işçinin əmək müqaviləsinə xitam vermək və başqa işə qəbul olmaq kimi hüquqlarını məhdudlaşdıra bilməz.

27. Bundan başqa məhkəmə iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X3 Xidmətinə həvalə edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən hamin elektron informasiya sistemine gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Bu səbəbdən də məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilmiş hesab edildiyindən hazırki qətnamə əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin sistemə daxil edilməsi üçün əsas hesab edilməlidir. Nəticə:

28. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli, hazırki qətnamə isə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

29. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilsin. Hazırki qətnamə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar