Məhkəmə qərarları › İş №2(001)-4019/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4019/2023

04.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4019/2023 04.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladları xx.xx.2014-cü il təvəllüdlü X2, 23.10. 2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı övladları xx.xx.2014-cü il təvəllüdlü X2, 23.10. 2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh1 rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra iddiaçı birbaşa Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsi döngə 1 ev 52 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, hazırda da bütün cehiz əşyaları həmin ünvanda saxlanılır. İddiaçının köçdüyü ev ümumi bir həyətdə yerləşməklə özbaşına tikilmiş fərdi yaşayış evidir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2, iddiaçının övladları ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı və qaynatası ünvan 2 ünvanın həyətində yerləşən fərdi yaşayış evində birgə yaşayırlar. Həmin ünvanda yaşamalarını Azərqaz İB-nin və Azərişıq ASC tərəfindən göndərilən ödəmə çeklərindən də görmək olar. Cavabdeh2 ailədə yaranan bir çox problemler səbəbindən onları evdən atmaq və ya başqa ünvanda kirayədə yaşamalarını iddiaçıya və övladlarına dəfələrlə bildirmişdir. İddiaçının və övladlarının başqa ünvanda yaşamağa nə maddi imkanı, nə də ki, digər yaşayış yerləri yoxdur. Hazırda xx.xx.2014-cü il təvəllüdlü X2 həmin ünvana yaxın ərazidə yerləşən 276 nömrəli mətəbdə təhsil alır, xx.xx.2017-ci il təvəllüdlü X5 isə bu il məktəbə gedəcədir. İddiaçı övladları ilə birlikdə həmin ərazidə yerləşən poliklinikada qeydiyyatdadırlar. İddiaçıya və övladlarına məxsus bütün əşyalar, eləcə də cehiz əşyaları köçmək istədikləri evdə yerləşir. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla hüquq müəyyənedici sənədləri yoxdur, bu evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsada həmin ev mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Belə ki, iddiaçı həmin ünvanda qeydiyyatsız yaşamasıma baxmayaraq cavabdehlərin və uşaqlarının pasport qeydiyyat ünvanı eyni ünvana qeyd olunmuşdur. Hazırkı şəraitdə cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşandığından iddiaçının da övladları ilə həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır, iddiaçı mübahisəli evdən öz iradəsindən aslı olmayan səbəbdən çıxması, iddiaçının və uşaqlarının həmin sahədə yaşamaq hüquqularının itirilməsinə səbəb ola bilməz. Mubahisəli tikilinin ikinci mərtəbəsi iddiaçının cavabdehlə birgə nikah dövründə tikilib təmir edilmiş, iddiaçı həmin tikilidə cavbdehlə birlikdə yaşadığından, cavabdehlə birgə təsərrufatın idarə edilməsində iştirak etiyindən, həmçinin mübahisəli ev iddiaçının və övladlarının yeganə yaşayış yeri olduğundan iddia ərizəsi təmin edilməlidir. Ona görə də İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X2, 23.10. 2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, hazırda övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək yaşadığını bildirib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır, həmin ünvanda iddiaçıya və onun yaşadığı həyətdə tikilmiş fərdi yaşayış sahəsinə heç bir aidiyyatı yoxdur. 52 saylı evin ona məxsus olması 2002-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiqini tapmışdır. Hazırda da İddiaçı ayrıca giriş-cıxışı olan eyni zamanda Cavabdeh2 məxsus həyətdə evdə yaşayır və bütun şəraiti vardır. İddiaçının iddia etdiyi tikili Cavabdeh2 evinin ikinci mərtəbəsi olmaqla boşdur və Cavabdeh2 vəsaiti ilə 52 saylı ünvanda tikilmişdir. İddiaçı isə öz ailəsi və övladları ilə həyətda olan ayrıca tikilidə məskunlaşmış və heç kəs də həmin tikilidən iddiaçını qovmamış və cıxarmamışdır. Sadəcə olaraq iddiaçı mülki hüquqlardan sui-istifadə edərək Cavabdeh2 məxsus olan evdə məskunlaşmaq, özbaşına tikiliyyə yiyələnmək məqsədi güdür. İddiaçının mübahisələndirdiyi tikiliyə hec bir aidiyyatı yoxdur, həmin tikilinin inşasına onun tərəfindən heç bir xərc çəkilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsini qəbul edib təmin edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 60. 1.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 955268 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X1 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 487 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Salmanova soyadı verilmişdir. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 440346 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5542 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İV № 035179 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5924 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV № 510675 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4792 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh1, anası İddiaçıdır. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1350 saylı arayışından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə döngəsi 1, 46 saylı evdə, həyat yoldaşı Cavabdeh1 qeydiyyatda olduğu ünvan üzrə həyat yoldaşı ilə birlikdə qeydiyyatsız yaşayır. Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh2 ünvan 3 ünvanı üzrə qaz sərfiyyatı üzrə yaranmış borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. Azərişıq ASC-nin xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlığından müəyyən olunur ki, Cavabdeh2 ünvan 4 ünvan üzrə elektrik enerjisindən istifadəyə görə yaranmış borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli 6K-1186-2002 saylı qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə döngəsi 1, 46 saylı evlə Bakı şəhəri ünvan 5 ünvanlarda inşa edilən özbaşına tikililərdir. ünvan 6lı xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, X2 Bakı şəhəri 276 saylı tam orta məktəbin 4c sinfində oxuyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, özbaşına inşa edilən tikili olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsi döngə 1, 52 saylı fərdi yaşayış evi 2014-cü ildən etibarən İddiaçı və onun ailə üzvü olan əri Cavabdeh1 və 3 övladının daimi yaşayış yeridir, iddiaçının başqa yaşayış yeri yoxdur. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş, almış şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsi döngə 1, 52 saylı fərdi yaşayış evi iddiaçının övladları ilə birlikdə yeganə yaşayış yeri olduğundan, cavabdehlər iddiaçının övladları ilə birlikdə həmin evə köçərək yaşamalarına etiraz etmədiklərindən iddia ərizəsi əsaslıdır ona görə də təmin edilməlidir. Belə ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi S.Bəhlulzadə küçəsi döngə 1, 52 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar