Məhkəmə qərarları › İş №2(001)-4031/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4031/2024

27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4031/2024 27.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi cəlb edilməklə) daşınmaz əmlaka sahiblik və istifadə etmək faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5035 saylı məhəllədə yerləşən ümumi sahəsi 5 otaqdan olan ibarət 33 saylı evin 22 saylı mənzilinə dair mülkiyyət hüququ üzrə sahiblik və ondan istifadə etmək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2 və 307.2.6-cı maddələrinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakdan sahiblik və istifadə etmə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, həmin əmlak mülkiyyət hüququ üzrə ərizəçiyə məxsus olsun və bunu təsdiq edən sənədlər itirilmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Ərizədən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, ərizədə göstərilən daşınmaz əmlak ərizəçinin mülkiyyətində deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə hesab edirəm ki, Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi cəlb edilməklə) daşınmaz əmlaka sahiblik və istifadə etmək faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onların özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs qismində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi cəlb edilməklə) daşınmaz əmlaka sahiblik və istifadə etmək faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onların özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar