Məhkəmə qərarları › İş №2(3-8)-217/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-217/2026

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-217/2026 05.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi mülkiyyət hüquqlarının tanınması barədə ərizəsinə dair mülki iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, Ərizəçi mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata tanınması tələbinə dair ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1649/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsindən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Quba şəhərində yerləşən 0,27 hektar sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 104 saylı reyestr kitabının 8 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********70 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Yeni avtovağzal ərazisində yerləşən seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan 0,27 ha torpaq sahəsində tikdiyi iki mərtəbəli fərdi yaşayış evinə faktiki ölçüləri göstərilməklə onun mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Yeni avtovağzal ərazisində yerləşən 0,27 ha torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. O, həmin torpaq sahəsində iki mərtəbəli yaşayış evi tikmişdir. Yaşayış evi tikdirərkən bilməməzdikdən aidiyyatı orqanlarından qanunla tələb olunan qərar və layihə almamışdır. Hazırda həmin yaşayış evini mülkiyyət hüququ əsasında öz adına rəsmiləşdirmək istəyir, ona görə də məhkəməyə müraciət edir.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1649/2015 nömrəli qətnaməsi ilə ərizə təmin olunmuş, Quba şəhəri, Yeni avtovağzal ərazisində yerləşən seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə Ərizəçi məxsus olan 0,27 ha torpaq sahəsində tikdiyi iki mərtəbəli fərdi yaşayış evinə faktiki ölçüləri əsasında mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin mülkiyyət hüququnun tanınmasını xahiş etdiyi iki mərtəbəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olan 0,27 ha torpaq sahəsində inşa edilmişdir. Bu tikintinin mövcudluğu digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, habelə fiziki şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmır.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 240.1, 240.2, 307.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

7. Qətnamədən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunverciliyin tələbinə əsasən kənd təsərrüfatlı torpaq sahələrində bağ evi inşa edilə və onun üzərində mülkiyyət hüququ müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən sözügedən mülki iş xüsusi icraat qaydasında baxılmış və ərizəçi qismində Ərizəçi, maraqlı şəxs qismində isə Quba Rayon İcra Hakimiyyəti göstərilmişdir. Göründüyü kimi müvafiq mülki iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəf olaraq cəlb edilməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Dövlət orqanının üzərinə öhdəlik və ya vəzifə qoymaq üçün mübahisə tərəfi olmalıdır, həmçinin bu vəzifə və öhdəliklərin icrası onun hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı olduğu üçün publik hüquq münasibətlərinə aiddir. Lakin dövlət orqanının publik hüquq münasibətlərindən irəli gələn məsələlərə mülki deyil, inzibati icraat çərçivəsində baxılmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin 2015-ci il 10 aprel tarixli Plenum qərarı). Həmçinin bildiririk ki, qətnamənin qəbul edildiyi zaman İnzibati məhkəmələr mövcud idi və yuxarıda qeyd olunan müvafiq Plenum qərarından da göründüyü kimi qətnamədə qeyd edilən tələbə inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı idi. Əlavə olaraq bildiririk ki, xüsusi icraat qaydasında baxılmalı olan işlərin siyahısı Mülki Prosessual Məcəllənin 307-ci maddəsində öz əksini tapmışdır. Lakin “mülkiyyət hüququnun müəyyən olunması” adlı bir fakt növü müəyyən edilməmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə (...) Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)

Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

14. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, Yeni avtovağzal ərazisində yerləşən seriya RX № ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 0,27 ha torpaq sahəsində tikdiyi iki mərtəbəli fərdi yaşayış evinə faktiki ölçüləri göstərilməklə onun mülkiyyət hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Göründüyü kimi mövcud tələb üzrə ərizəçinin hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsi üzərində mövcud özbaşına tikiliyə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasıdır.

16. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması hüquqları qeydə alan inzibati orqanın hərəkətləri ilə əlaqədar mübahisə olmaqla, həmin qeydiyyatı aparan orqana qarşı yönəlməli olan inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir.

17. Hazırkı mübahisə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi, Ərizəçi münasibətdə hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsinin nəticəsində yaranmış, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimlənir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.3-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. Belə ki, “Daşınmaz Əmlakı Dövlət Reystri” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:[35] 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:[36] 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

20. Odur ki, iddiaçı müvafiq qanunvericlikdə nəzərdə tutulan qaydada əmlakın qeydiyyata alınması üçün müəyyən edilən şərtlərə riayət etməlidir. Qeyd edilən şərtlərə riayət edildikdən sonra Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 mülkiyyət hüququnun qeydə alınması barədə ərizə ilə həmin inzibati orqana müraciət etməli, həmin inzibati orqan onun müraciətinin icrasından imtina etdikdə həmin inzibati orqanın hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Lakin o, hazırki tələblə Quba Rayon Məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan halını nəzərə almadan işə mahiyyəti üzrə baxmışdır. Halbuki, birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina etməli olduğu halda, ərizəni məhkəmənin icraatına qəbul edərək mahiyyəti üzrə baxmış, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.

21. Sadalanan xüsusatlara və qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, irəli sürülən tələb xüsusi hüququn nizamasalma predmetinə aid olmaqla publik hüquqla tənzimləndiyindən mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.

22. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli orqana, ondan narazı qaldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1649/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilsin. Hazırki iş üzrə icraata xitam verilsin. Ərizəçi aidiyyəti üzrə müvafiq inzibati orqana , ondan narazı qaldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar