Məhkəmə qərarları › İş №2(3-8)-679/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-679/2026

18.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-679/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, Ərizəçi Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi (maraqlı şəxslər Qusar Rayon İcra Hakimiyyəti, Samur Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsi göstərilməklə) hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, aqrar islahat zamanı onun pay torpağı almaq hüququ olan şəxs olmağı faktının müəyyən edilməsi, ona verilməli olan pay torpağının verilməməsi faktının müəyyən edilməsini, iş üzrə Qusar Rayon İcra Hakimiyyəti, Samur Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, * saylı Xaçmaz Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının qanunsuz və əsasız hesab edilməsini, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli iş üzrə icraata xitam verilməsi barədə qərardadının ləğv edilməsini, işin xüsusi icraat qaydasında mahiyyəti üzrə yenidən baxılması üçün Qusar Rayon Məhkəməsinə qaytarılması, ərizə üzrə aqrar islahat nəticəsində Ərizəçi verilməli olmuş pay torpağı hüququ ilə bağlı hüquqi faktın müəyyən edilməsi üçün işin mahiyyəti üzrə baxılmasının təmin olunmasını xahiş etmişdir. Qusar rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Əli Cəlilov) şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizədə göstərilən hallar iş materialları ilə təsdiqlənsə də, həmin faktlar guya məhkəmədən kənar qaydada təsdiq oluna bildiyi üçün xüsusi icraat qaydasında baxıla bilməz. Bu yanaşma Ali Məhkəmə təcrübəsinə, apellyasiya instansiyalarının sabit hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları standartlarına açıq ziddir. Məhkəmənin özü tərəfindən qəbul olunmuşdur ki, ərizəçi aqrar islahat zamanı pay torpağı almaq hüququna malik olmuş, həmin pay torpağı ona verilməmiş, bu hal məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunmuş və buna baxmayaraq məhkəmə işə xitam vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hüquqi mövqeyinə əsasən əgər hüquqi fakt iş materialları ilə təsdiq edilirsə, məhkəmə xüsusi icraat üzrə icraata xitam verə bilməz, həmin faktın hüquqi nəticəsini müəyyən etməlidir. Eyni zamanda Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarında da ifadə olunmuşdur. Həmin qərarda göstərilmişdir ki, torpaq münasibətlərində hüquqi faktların müəyyən edilməsi zamanı formal yanaşma yolverilməzdir və şəxsin hüquqi gözləntiləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi bu mövqeni nəzərə almamışdır. Hüquqi faktın mövcudluğu təsdiqlənirsə işə xitam verilməsi yolverilməzdir. Ali Məhkəmə təcrübəsində göstərilir ki, əgər ərizədə göstərilən faktlar iş materialları ilə təsdiqlənirsə, həmin fakt hüquqi nəticə doğurursa, məhkəmə xüsusi icraat qaydasında baxışdan imtina edə bilməz. Bu işdə isə fakt təsdiqlənib, lakin hüquqi nəticə müəyyən edilməyib və bu hal Ali Məhkəmə yanaşmasına ziddir. Məhkəmədən kənar təsdiq imkanı formal olduqda xüsusi icraata bağlana bilməz və məhkəmədən kənar təsdiq imkanı arqumenti əsassızdır. Ali Məhkəmə praktikasına görə inzibati qaydada müdafiə formal və real nəticə verməyən hallarda məhkəmə müdafiəsi istisna edilə bilməz. Bu işdə isə dövlət orqanları pay torpağının verilməməsini faktiki tanımır, arxiv və qeydiyyat boşluğu mövcuddur. Deməli, inzibati müdafiə effektiv deyil və məhkəmə müdafiəsi yeganə vasitədir. Sumqayıt Apellyasiya Məhkəməsinin formalaşmış yanaşmasına əsasən xüsusi icraatda formal xitam yolverilməzdir. Apellyasiya məhkəməsi dəfələrlə qeyd etmişdir ki, xüsusi icraatın məqsədi hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması və formal əsaslarla işə xitam verilməsi və bu institutun mahiyyətinə ziddir. Dövlət orqanın cavabı hüquqi müdafiəni əvəz etmir. Apellyasiya praktikasına görə arxiv sənədinin olmaması, inzibati organın tanımaması, hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsinə maneə deyil. Qusar Rayon Məhkəməsinin işə xitam verilməsi barədə ##.##.2026-cı il tarixli qərardadı yalnız prosessual səhv deyil, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyası ilə təmin olunmuş əsas hüquqların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Aqrar islahat zamanı pay torpaq almaq hüququ qanunla tanınmış hüquqdur, mülkiyyət hüququnun yaranmasına yönəlmiş hüquqi əsasdır. Şəxsdə qanuni gözlənti (legitimate expectation) yaradır. Məhkəmə isə bu hüququn mövcudluğunu qəbul etdiyi halda, onun hüquqi nəticəsini müəyyən etməkdən imtina etmiş, nəticədə ərizəçinin mülkiyyət hüququnun formalaşmasına mane olmuşdur. Bu isə Konstitusiyanın 29-cu maddəsinin mahiyyətinə ziddir. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Lakin məhkəmə işə mahiyyəti üzrə baxmamış, formal əsaslarla icraata xitam vermiş, ərizəçinin hüquqlarının məhkəmə müdafiəsini faktiki olaraq mümkünsüz etmişdir. Konstitusiyanın 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Aqrar islahat zamanı digər şəxslərə pay torpağı verildiyi halda, ərizəçi eyni hüquqa malik olsa da, bu hüquqdan məhrum edilmiş, məhkəmə isə bu pozuntunu aradan qaldırmaq əvəzinə işə xitam vermişdir. Bu isə hüquqların bərabər təmin olunmaması deməkdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmələr hüquq və azadlıqların formal deyil, real və effektiv müdafiəsini təmin etməlidir. Lakin bu işdə məhkəmə hüququ tanıyır, lakin müdafiə etmir, hüquqi nəticə çıxarmır, vətəndaşı hüquqi qeyri-müəyyən vəziyyətdə saxlayır. Bu isə hüququn mahiyyətcə inkarıdır. Birinci instansiya məhkəməsinin qərardadı nəticəsində ərizəçinin mülkiyyət hüququ, (Konstitusiyanın 29-cu maddəsi) məhkəməyə müraciət hüququ, (Konstitusiyanın 60-cı maddəsi) bərabərlik hüququ (Konstitusiyanın 25-ci maddəsi) pozulmuşdur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308.Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə aqrar islahat zamanı torpaq payının verilməməsi ilə bağlı ərizə ilə müraciət edərək, ailə üzvlərinini hamısına pay torpağı verildiyi halda ona pay torpağı verilmədiyini bildirmiş, ona verilməmiş pay torpağının qanunvericiliyə uyğun olaraq ayrılmasını xahiş etmişdir İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-A-****/**-**/**** saylı məktubunda qeyd edilmişdir ki, hazırda ölkəmizdə torpaq islahatı bitmiş, torpaq islahatını aparan komissiyalar və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bu səbəbdən də torpaq islahatının nəticələrindən narazı olan vətəndaşların qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ olduğu Ərizəçi izah edilmişdir. Məktubda ərizəçiyə həmçinin - Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə uyğun olaraq mülkiyyətə, icarəyə və istifadəyə verilməyən dövlət torpaqlarının müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələrin idarə etdiyi bildirilmişdir. İşdən həmçinin görünür ki, ərizəçi hüquqi faktın müəyyən edilməsi qaydasında irəli sürdüyü tələblərini əsaslandırarkən torpaq islahatı aparılan zaman bərabərlik prinsipinin pozulduğunu və onun hüququnun təmin edilmədiyini göstərmişdir. Kollegiya qeyd edir ki, ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Ərizədə qoyulan məsələ inzibati funksiyanın yerinə yetirilməməsi ilə əlaqədar olduğundan mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Eləcə də ərizəçinin faktiki olaraq mübahisələndirdiyi halların həllinin başqa qaydası nəzərdə tutulduğundan, məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin aqrar islahat zamanı onun pay torpağı almaq hüququ olan şəxs olması və ona pay torpağının verilməməsi faktının müəyyən edilməsi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə uyğun deyildir. Beləliklə məhkəmə kollegiyası işin qeyd olunan hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır və şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar