Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4053/2020 20.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İddiaçı, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci ildə “X9” şirkətinin əməliyyat şöbəsinə 2-ci mədən neft çıxarma üzrə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 1-ci mədənə neft çıxarma üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə 3-cü mədənə neft çıxarma üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə “X9” şirkətinin 3-cü mədənə briqadir vəzifəsinə qəbul edilmişdir. Həmin tarixdə onunla xx.xx.2016-cı il tarixli 1374 saylı müqavilə imzalanmışdır. Bu vaxtdan etibarən iddiaçı və digər işçilərlə müqavilənin müddəti yalnız 1 illik uzadılmağa başlanılmış, hər il fevral ayında müqavilənin müddəti daha 1 il müddətinə yenilənmişdir. xx.xx.2020-ci ildə isə müqavilənin müddəti cəmi 4 ay müddətinə - yəni, xx.xx.2020-ci ilədək uzadılmışdır. xx.xx.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən X5in qurtarması ilə əlaqədar iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli HRQ 06/20 saylı Əmr imzalanmışdır. Əmrə əsasən işçinin son iş günü xx.xx.2020-ci il hesab edilmişdir. İstifadə edilməmiş məzuniyyətə görə ona 7 təqvim günü üçün kompensasiya ödənilməsi qərara alınmışdır.İddiaçının neft-qaz sahəsində işlədiyi 44 il müddətində onun haqqımda hər hansı intizam tənbeh tədbiri görülməyib, əksinə nümunəvi işinə görə daim vəzifələrdə irəli çəkilmiş, hətta göstərdiyi yüksək göstəricilərə görə bir dəfə təşəkkürnamə də almışdır. Üç nəfərlik ailəsinin yeganə qazanc gətirən üzvüdür. Ondan başqa ailədə işləyən və əmək haqqı alan heç kim yoxdur. Koronavirus (Covid 19) pandemiyası ilə əlaqədar çıxışlarında ölkə prezidenti İlham Əliyev dəfələrlə şirkətlərə işçiləri ixtisar etməməklə bağlı öz tövsiyələrini verib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 2016-cı ildən etibarən iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə zidd olmuşdur. Eyni zamanda, çalışdığı sahə Əmək Məcəlləsinin 47-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilən hallar siyahısına da aid deyil. xx.xx.2020-ci il tarixli HRQ 06/20 saylı Əmrdən də göründüyü kimi, iddiaçı ilə xx.xx.2016-cı il tarixli 1374 saylı müqaviləyə deyil, bu müqaviləyə əlavələr və dəyişikliklər edilməsinə dair xx.xx.2020-ci il tarixli müqaviləyə xitam verilmişdir ki, bu da əmrin qanunsuz olduğunu bir daha təsdiq edir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində Şirkətdən öncə başqa müəssiələrdə çalışması barədə yazdığı qeydlərin heç birinin Şirkətin onu işdən azad edilməsinə dair HRQ 06/20 saylı, xx.xx.2020-ci il tarixli Əmrinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, İddiaçı özü də iddiasında qeyd edir ki, digər müəssisələrdən sonra onun Şirkətdə işlədiyi müddətdə o, xx.xx.2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, öz xahişi əsasında işdən azad olunmuşdur. Belə olan halda, onunla Şirkət arasında xx.xx.2016-cı il tarixdə yenidən Əmək Müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin tələbinə əsasən bu Müqavilənin müddətli bağlanılması ilə əmək qanunvericiliyinin heç bir tələbi pozulmuş hesab olunmur. Yəni iddiaçı artıq işdən azad olunmuşdur və 2016-cı ilin fevral ayında Şirkətə yeni işçi kimi götürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə əsasən, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin qeyd olunan normasının tələbindən də göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilənin müddətli olması ona görə qanunidir ki, əvvəla həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmişdir ki, bu da iddiaçının Müqaviləni imzası ilə təsdiq etməsində öz əksini tapır. Eyni zamanda müqavilənin müddəti birbaşa olaraq Müqavilənin özündə əks olunmuşdur. Bundan başqa, iddiaçının özünün də qeyd etdiyi kimi, o Şirkətə işçi olaraq xx.xx.2016-cı il tarixdə işə qəbul edilmiş və onun Əmək Müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir ki, bununla da, qanunvericiliyin tələbinə görə Müqavilənin müddətsiz hesab olunması üçün nəzərdə tutulan 5 il müddət keçməmişdir. Şirkət İddiaçı işlədiyi müddət ərzində ona qarşı heç bir qərəzli mövqe nümayiş etdirməmiş, əksinə olaraq iddiaçının özünün də qeyd etdiyi kimi, müxtəlif tarixlərdə onun əmək haqqını artırmışdır. İddiaçının “Şirkətin xx.xx.2020-ci il tarixli, HRQ 06/20 saylı Əmrinin qanunsuz olması” barədə fikrinə gəldikdə, Şirkətin həmin Əmrində texniki yalnışhq olaraq “xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin” ifadəsi yazılsa da, əslində söhbət xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən gedir. Çünki, əvvəla tərəflər arasında qüvvədə olan yalnız bir Əmək Müqaviləsi mövcud olmuşdur ki, o da xx.xx.2016-cı il tarixli müqavilədir, qalanları isə müqavilənin tərkib hissəsi sayılan, tərəflər arasında müxtəlif tarixlərdə imzalanmış “Əlavə Razılaşmalardır”. Belə ki, Əmrdən də göründüyü kimi həmin Əmrdə “Əlavə Razılaşmaya xitam verilsin” yox, məhz “Əmək Müqaviləsinə xitam verilsin” ifadəsi qeyd olunmuşdur. Bu da onu özündə ehtiva edir ki, sözügedən Əmrlə xx.xx.2020-ci il tarixli Əlavə Razılaşmaya yox, xx.xx.2016-cı il tarixli Əmək Müqaviləsinə xitam verilmişdir. Bundan başqa sözügedən Əmrdə texniki yalnışlığa yol verməklə Müqavilənin tarixində “2016” əvəzinə “2020” qeyd etməsi ilə iddiaçının heç bir hüququ pozulmamışdır. Yəni göstərilən tarixin sənəd üzərində texniki olaraq yalnış qeyd edilməsi nə iddiaçının hüququnun pozulması hesab edilmir, nə də ki, Əmrin mahiyyətini dəyişmir. Şirkət işəgötürən olaraq işçinin (yəni İddiaçı) əmək müqaviləsinə xitam verərkən Əmək Qanunvericiliyinin tələb etdiyi bütün prosedurlara riayət etmiş, cavabdehin müqaviləsinə xitam verilməsi barədə rəsmi portalda qeydiyyatını aparmış, İddiaçı işdən azad edilərkən onun son haqq hesabı, istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyası ödənilmiş və əmək müqaviləsinə xitam verilməsinə dair rəsmi bildiriş, əmrin surəti və əmək kitabçası ona vaxtında və lazımi qaydada təqdim edilmişdir. Belə olan halda,iddiaçının hüquqlarının pozulmasından söhbət belə gedə bilməz. Şirkət texniki yalnışlığa yol verdiyi HRQ 06/20 saylı, xx.xx.2020-ci il tarixli Əmrə düzəliş edilməsi barədə HRQ 09/20 saylı, xx.xx.2020-ci il tarixli yeni Əmr vermişdir ki, sonuncu Əmrdə məhz “xx.xx.2020-ci il” tarixinin “xx.xx.2016-cı il” tarixi kimi oxunması göstərilmişdir. Şirkət heç bir qanun pozuntusuna yol vermədən iddiaçı ilə aralarında mövcud olan Əmək Müqaviləsinə xitam verdiyi üçün və bununla əlaqədar Əmrdə qeyd olunmuş tarixlə bağlı texniki yalnışlıq istisna olmaqla Əmrin əsaslandırılmasında heç bir nöqsana yol verilmədiyi üçün İddiaçı hər hansı hüququ pozulmadığından, onun iddiasının heç bir hüquqi əsası yoxdur və ona görə də iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda İddiaçı izahatında göstərdi ki, bu sahədə 44 il işləyib, pensiya yaşına cəmi bir ili qalıb, ailəsində yeganə işləyib əmək haqqı alan şəxsdir. Ümumiyyətlə onunla müddətli əmək müqavilələrinin bağlanması qanunsuz olmuşdur. Belə ki, onun işi həmişə daimi xarakterə malik olub. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Vüqar İsgəndərov izahatında göstərdi ki, İddiaçı tibbi komissiyanın rəyinə görə ümumiyyətlə işə yararlı deyil. Lakin hal-hazırda bunu təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 1374 saylı müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən İddiaçı Şirkətə 3-cü mədənin 6-cı sahəsinin briqadir vəzifəsinə işə qəbul edilmiş, müqavilə 1 il müddətinə bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli xx.xx.2016-cı il tarixli 1374 saylı Əmək Müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə Razılaşmalardan görünür ki, müqavilənin müddəti hər dəfə bir il müddətinə olmaqla, üç dəfə uzadılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xx.xx.2016-cı il tarixli 1374 saylı Əmək Müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” 10 saylı Razılaşmalardan görünür ki, həmin tarixdə müqavilənin müddəti cəmi 4 ay müddətinə - xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı onunla xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək bağlanmış müddətli X5in başa çatması ilə əlaqədar əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İddiaçı bildirişlə həmin tarixdə tanış olmuş və bu barədə bildirişə imza etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinyəlib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsi ləğv edilən gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək Məcəlləsinin 2-ci hissəsinə müvafiq olaraq, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. İş materiallarında olan “Əmək müqaviləsinin xitam olunması barədə” xx.xx.2020-ci il tarixli, HRQ 06/20 saylı əmrdə aşağıdakılar göstərilmişdir: “İddiaçı
1. xx.xx.2020-ci il tarixdən X2rtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Cavabdeh şirkətinin 3-cü Mədənin briqadiri və Cavabdeh şirkəti arasında mövcud olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilsin
2. İşçinin son iş günü xx.xx.2020-ci il hesab edilir.
3. İstifadə edilməmiş məzuniyyətə görə ona 7 təqvim günü kompensasiya ödənilsin.
4. Əsas: əmək müqaviləsi”. Əmrin məzmunundan göründüyü kimi, həmin əmrlə işəgötürən tərəfindən mövcud olmayan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən və cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasından sonra, işəgötürən tərəfindən xx.xx.2020-ci il tarixdə “Əmrə düzəliş edilməsi barədə” HRQ 09/20 saylı əmr qəbul edilmiş və həmin əmrlə Cavabdeh şirkətinin xx.xx.2020-ci il tarixli HRQ 06/20 saylı əmrində xx.xx.2020-ci il sözünün xx.xx.2016-cı il sözü kimi oxunması qərara alınmışdır. Məhkəmə hesab edir ki, əmrin qəbul olunmasından 1 aydan çox müddət keçdikdən və iddiaçı məhkəmə müdafiəsi hüququndan istifadə etdikdən sonra bu cür düzəlişin edilməsi heç bir hüquqi nəticə doğura bilməz. Bununla yanaşı əmrdə hansı səbəbdən “işçinin son iş günü xx.xx.2020-ci il hesab edilir” göstərilməsi də iş materiallarından anlaşılmır. Məhkəmə bu barədə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 məhkəmə iclasında sual ünvanlamış, lakin sualına əsaslandırılmış cavab ala bilməmişdir. Eyni zamanda İddiaçı məhkəmənin hazırlıq iclasında bildirmişdir ki, əmr ona lazımi qaydada vaxtında təqdim olunmamış, o, əmri almaq üçün bir neçə gün əvvəl idarəyə özü getmiş və ona əmri təqdim edən işçini hal-hazırda ona əmri verdiyinə görə cəzalandırıblar. Məhkəmə tərəfindən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 iddiaçıya əmrin surətinin, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilib-verilməməsinə dair sübutu məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin məhkəmənin baxış iclasında cavabdeh tərəfindən məhkəməyə bir sıra sənədlər təqdim olunsa da, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2ci hissəsinin tələblərinə riayət edilməsini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bundan əlavə məhkəmə Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında 2016-cı ildə bağlanmış və müddəti dörd dəfə uzadılmış müqavilənin üç dəfə 1 il müddətinə, sonuncu dəfə isə 4 ay müddətinə bağlanması məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. Məhkəmə iclasında iştirak edən Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X6 iddiaçının müddətli əmək müqaviləsinin qanunsuz olmasına dair dəlilinə münasibətdə bildirdi ki, müddətli əmək müqaviləsi tərəflərin razılığı ilə bağlanmış və iddiaçı onu imzalamaya da bilərdi. Məhkəmə cavabdehin nümayəndəsinin göstərdiklərini əsaslı hesab etmir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2005-ci il tarixdə Cavabdeh şirkətinin əməliyyat şöbəsinə 2-ci mədən neft çıxarma üzrə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 1-ci mədənə neft çıxarma üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu il tarixdə 3-cü mədənə neft çıxarma üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Öz xahişi ilə işdən azadl edildiyi gündən cəmi bir gün sonra - xx.xx.2016-cı il tarixdə isə müddətli əmək müqaviləsi əsasında Cavabdeh şirkətinin 3-cü mədənə briqadir vəzifəsinə qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının eyni şirkətdə əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, həmin müəssisəyə öz xahişi ilə işdən azad edildiyi gündən bir gün sonra müddətli əmək müqaviləsi əsasında işə qəbul edilməsi nəzərə alınarsa, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması şübhə doğurur. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürərək hesab edir ki, onunla işəgötürən arasında əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, işçinin əmək funksiyasının daimi xaraktera malik olması qabaqcadan bəlli olmuş və iddiaçının əmək müqaviləsi əvvəl müddətisiz olduğu halda, yeni əmək müqaviləsini müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “X7”-nın 1-ci hissəsinin 1-ci bəndinə əsasən, hər kəsin öz yaşayışı üçün sərbəst seçdiyi peşə üzrə əməklə qazanmaq hüququ olmalıdır. Xartiyanın 1-ci hissəsinin 2-ci bəndinə görə, bütün işçilərin əməyin ədalətli şəraitlərinə hüquqları vardır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi əmək qanunvericiliyinin pozulması nəticəsində baş vermiş və bu səbəbdən o, əvvəlki işinə bərpa olunmalı, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Şirkətinin 3-cü mədənin briqadiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli, HRQ 06/20 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına “briqadir” vəzifəsinə bərpa edilsin. xx xxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar Nəbizadə