Məhkəmə qərarları › İş №2(001)-4056/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4056/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4056/2020 29.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Veisalov Maqamedin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə bildirdi ki, iş apellyasiya instansiyası məhkəməsində olan müddətdə tərəflər arasında barışıq sazişi bağlanmış və bu səbəbdən hazırkı işin baxılmasına zərurət qalmamış və ona görə də, iddiaçı iddiadan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Veisalov Maqamed iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, həmin saziş İddiaçı ilə Cavabdeh arasında bağlanmış və barışıq sazişində aşağıdakılar qeyd edilmişdir: " ... Cavabdeh İddiaçı ünvan 1 ünvanlı mənzil ilə bağlı 10000 manat məbləğini kompensasiya verməsini qarşılıqlı razılaşırlar. Həmin məbləğdən 2000 manatı İddiaçı artıq ödənilmişdir, hazırda isə ona 4500 ödənilir. Qalan 3500 manat isə Cavabdeh İddiaçı 9 ay müddətinə ödəməyi öhdəsinə götürür. İddiaçı 10000 manat kompensasiya məbləğinin 2000 manatını əvvəlcədən ona ödənilməsini təsdiq edərək hazırda Cavabdeh tərəfindən ona ödənilən 4500 manatı qəbul edir və onun tərəfindən ödənilməli olan qalan 3500 manatı 9 ay müddətinə ödəməsinə dair öhdəlik götürməsi ilə razılaşır. Bunun qarşılığında İddiaçı Cavabdeh qarşı Binəqədi rayon məhkəməsində “mənzilə köçürmə tələbinə dair” iddia tələbindən imtina edir, ünvan 2 ünvanlı mənzilin üzərinə həbs qoyulması barədə iddia təmin tədbirinə dair ərizəsini geri götürür, ünvan 2 ünvanlı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə etirazı yoxdur.İddiaçı həmçinin Binəqədi rayon məhkəməsinin icraatında olan 2(001)-4056/2020 saylı müiki işin icraatına xitam verilməsinə razıdır, bununla bağlı ona iddiadan imtinanın, mülki işin icraatına xitam verilməsinin hüquqi nəticələri izah edilmişdir". Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə müvafiq olaraq, hakim iddiaçının iddiadan imtina etməsini ... təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prossesual Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiadan imtinanın qəbul edilməməsi üçün hər hansı əsas mövcud deyil, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq olunmalı və 2(001)-4056/2020 saylı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinin tələbinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası təsdiq olunsun və 2(001)-4056/2020 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar