Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4095/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onların paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 43 ünvanında yerləşən ümumi sahəsi 427,6 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ ilə onlara məxsusdur. Belə ki, qeyd olunan yaşayış evi onlara babalarından vərəsəlik qaydasında keçmiş və həmin yaşayış evinə dair adlarına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən müvafiq çıxarışlar verilmişdir. Onlar, mülkiyyətlərində olan fərdi yaşayış evinə İddiaçı1 keçmiş həyat yoldaşı olan Cavabdeh ailə qurduqdan sonra pasport qeydiyyatına düşməsinə razılıq vermişlər. Lakin, cavabdehlə İddiaçı1 arasında olan nikah rəsmi qaydada pozulmuş və hal-hazırda cavabdeh yeni ailə həyatı qurmaqla yeni ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Dəfələrlə cavabdehdən onlara məxsus yaşayış evindən pasport qeydiyyatından çıxmasını tələb etsələr də, heç bir səbəb göstərmədən qeydiyyatdan çıxmaqdan imtina etməklə evlərinə istifadə hüququnu saxlamaq niyyətində olduğunu bildirmişdir. Bu səbəbdən, onlar öz mülkiyyətləri üzərində istədikləri kimi sərəncam vermək hüququndan məhrum olunmuşlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, onlar mülkiyyətçi kimi hüquqlarını müdafiə etməklə məhkəmə cavabdehin onların paylı mülkiyyətində olan yaşayış evinə istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul etməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, o, cavabdehlə 03 oktyabr 2008-ci il tarixdə ailə qurmuş, həmin nikahdan bir qızları doğulmuşdur. 2009-cu ildə cavabdeh onların mülkiyyətində ola evə qeydiyyata düşmüş, daha sonra onların münasibətləri gərginləşmiş və onların nikahı məhkəmə qətnaməsi ilə 29 iyul 2015-ci il tarixdə pozulmuşdur. Nikahları pozulduqdan sonra cavabdeh daimi yaşayış üçün başqa ünvana köçmüşdür. Hazırda isə cavabdeh faktiki nikah münasibətində olmaqla ailəsi birlikdə başqa ünvanda yaşayır. Cavabdehin faktiki nikah münasibətindən bir övladı da vardır. Göründüyü kimi, cavabdehin yaşayış üçün onların evinə hər hansı ehtiyacı qalmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdehin onların mülkiyyətində olan evdə formal qeydiyyatda olması onlara müəyyən çətinliklər yaradır. Belə ki, əvvəla, onlar, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Bundan əlavə, cavabdehin onların evində qeydiyyatda qalması onların həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Cavabdeh faktiki ailəsi birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli evə ehtiyacı yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 2(001)- 4699/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı1 qarşı “nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddiası qismən edilmiş, iddiaçı X15 ilə cavabdeh İddiaçı1 arasında 03 oktyabr 2008-ci il tarixdə bağlanılmış, 975 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 20 avqust 2009-cu il təvəllüdlü X10 anası X9 himayəsində saxlanılması, cavabdeh İddiaçı1 tərəflərin birgə nikahlarından olan övladları 20 avqust 2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul şəklində alimentin tutularaq iddiaçı X11 ödənilməsi, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 04 mart 2015-ci il tarixdən hesablanması, iddianın alimentin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin elektron çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, 43 nömrəli evin “A” tikilisinin ½ hissəsi və “B” tikilisi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 12 iyun 2018-ci il tarixdə İddiaçı1 adına, “A” tikilisinin ½ hissəsi isə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 23 avqust 2019-cu il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, digər şəxslərlə yanaşı Cavabdeh da Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, 43 nömrəli evdə qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 43 ünvanında yerləşən 0,0657 ha torpaq sahəsi ünvan 2ay 2013-cü il tarixli 516113 nömrəli vərəsəlik məktubu, keçmiş Kirov rayonu X4 08 avqust 1952-ci il tarixli qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 14 mart 2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ilkin olaraq 30 may 2017-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontorunun 17 iyun 2017-ci il tarixli 2V-52, 2V-53 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 3M-112, 3M-113 nömrəli miras payların bağışlanması müqavilələrinə əsasən torpaq sahəsinin ½ hissəsi bərabər paylarda vərəsələr İddiaçı2 və İddiaçı1 keçmiş, sözügedən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququna dair 06 iyul 2017-ci il tarixli çıxarış verilmişdir. Həmçinin bildirilmişdir ki, torpaq sahəsi üzərində inşa edilmiş “A” və “B” literli fərdi yaşayış evləri payçıların razılıq ərizələrinə və tərtib edilmiş eskiz layihəyə əsasən məlumatlandırma icraatı qaydasında vahid əmlak olaraq “A” tikilisinin ½ hissəsi və “B” tikilisi tam hissədə İddiaçı1, “A” tikilisinin yerdə qalan ½ hissəsi isə İddiaçı2 adına 12 iyun 2018-ci il tarixdə ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətdədir. Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 51 ünvanında qeydiyyatda olan X3, Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 44 ünvanında qeydiyyatda olan X12 və ünvan 3 ünvanında qeydiyyatda olan X6 tərəfindən ünvan 4t ofisində verilmiş, reyestrdə 8İ-4931 nömrə ilə qeyd edilmiş ərizəyə əsasən onlar təsdiq edirlər ki, Cavabdeh Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 43 ünvanında 2016-cı ilədək yaşamışdır, həmin ildən bu günədək isə bu ünvanda yaşamır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, 1721 saylı arayışından görünür ki, İddiaçı1 keçmiş həyat yoldaşı – Cavabdeh notariat ofisinin təsdiqlədiyi 01 iyul 2021-ci il tarixli **********931 saylı akta əsasən Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, 43 nömrəli evdə 2015-ci ildən bu günədək yaşamır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından olan çıxarışdan görünür ki, Cavabdeh 31 may 2020-ci il təvəllüdlü X16 adlı övladı vardır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1986cı il təvəllüdlü X11 12.09.2009-cu il tarixində verilmiş şəxsiyyət vəsiqəsində onun qeydiyyat ünvanı Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, 43 nömrəli evdir. 30 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh 03 oktyabr 2008-ci il tarixdə ailə qurmuş və həmin tarixdən onlar, 12 may 2013-cü il tarixli 516113 nömrəli vərəsəlik məktubu və Kirov rayonu X4 08 avqust 1952-ci il tarixli qərarı ilə iddiaçıların babalarına – X2 məxsus mübahisəli evdə yaşamağa başlamışlar. İddiaçı1 ilə cavabdeh arasında olan nikah 29 iyul 2015-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, birgə nikahlarından olan uşaqları cavabdehin yanında qalması müəyyən edilmiş və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı1 Cavabdeh xeyrinə aliment tutulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh himayəsində olan uşaqla birlikdə mübahisəli evdən köçüb getmişdir. Bu hal iş materiallarında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. 30 may 2017-ci il tarixdə mübahisəli ev X1 adına qeydiyyata alınmış, daha sonra isə 17 iyun 2017-ci il tarixdə mübahisəli əmlak iddiaçılara miras payı olaraq vərəsəlik qaydasında keçmiş, mübahisəli evin “A” tikilisinin ½ hissəsi və “B” tikilisi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 12 iyun 2018-ci il tarixdə İddiaçı1 adına, “A” tikilisinin ½ hissəsi isə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 23 avqust 2019-cu il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, İddiaçı1 ilə cavabdeh 03 oktyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli mənzildə birlikdə yaşamaqları işin mübahisə olunmayan halıdır, bu isə o deməkdir ki, tərəflər arasında sözügedən mənzillə bağlı münasibətlər həmin tarixdən sonra yarandığından, cavabdeh 12.09.2009-cu ildən həmin ünvanda qeydiyyatda olduğundan, həmçinin həmin tarixdə mübahisəli ev 12 may 2013-cü il tarixli 516113 nömrəli vərəsəlik məktubu və Kirov rayonu X4 08 avqust 1952-ci il tarixli qərarı ilə iddiaçıların babalarına – X2 məxsus olduğundan hazırki iddia tələbinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Belə olan halda, 01 oktyabr 2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evdə pasport qeydiyyatında olduğu, lakin 6 ilə yaxın müddətdir ki, onun həmin evdə yaşamadığı, həmçinin onun başqa ailə münasibətlərinin olduğu, başqa ailə münasibətindən 31 may 2020-ci il təvəllüdlü X16 adlı övladı olduğu işin mübahisəsiz hallarıdır. Bütün bunlar da onu deməyə əsas verir ki, cavabdeh 6 ilə yaxın müddətdir ki, mübahisəli evi daimi əsaslarla tərk etmişdir. Hazırki yaranmış vəziyyətdə cavabdehin iddiaçılara məxsus mübahisəli evdə uzun müddətdir yaşamadığına baxmayaraq, evə formal qeydiyyatının və istifadə hüququnun saxlanılması sonuncuların öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Ona görə də iddia təmin edilməli və cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 43 ünvanına istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat İddiaçı1 aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X13 küçəsi, ev 43 ünvanına istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-4095/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4095/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver