Məhkəmə qərarları › İş №2(001)-410/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-410/2021

11.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-410/2021 11.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və əmlak” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan cehiz əmlakın – ümumi dəyəri 14.370 manat olmaqla, dəyəri 4.600 manat olan mebel-masa və 8 ədəd stuldan ibarət dəst, dəyəri 450 manat olan 2 ədəd ağ və qara rəngli xalça, dəyəri 300 manat olan 2 ədəd çılçıraq, dəyəri 400 manat olan 2 otaq üçün nəzərdə tutulmuş ikili pərdə dəsti, dəyəri 200 manat olan uşaq çarpayısı, dəyəri 100 manat olan uşaq üçün yorğan-döşək dəsti, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 50 manat olan 1 ədəd qış yorğanı, dəyəri 70 manat olan 2 ədəd sintepon yorğan, dəyəri 200 manat, 50 manat və 50 manat olan 3 dəst yataq örtüyü, dəyəri 50 manat olan 2 ədəd tük yastığı, dəyəri 20 manat olan 2 ədəd sintepon yastıq, dəyəri 30 manat olan qulaq yastığı, dəyəri 30 manat olan bir ədəd nazik adyal, dəyəri 150 manat olan tozsoran, dəyəri 70 manat olan ətçəkən maşın, dəyəri 250 manat olan qara rəngli yemək dəsti, dəyəri 150 manat olan qara rəngli çay-servis dəstinin, dəyəri 200 manat olan 24 ədəd sarı boşqab, 12 ədəd boşqab və 6 ədəd ağ yemək dəsti, dəyəri 200 manat olan 5 ədəd meyvə qabı (2 ədəd billur (xrustal), 2 ədəd yaşıl və 1 ədəd ağ), dəyəri 100 manat məbləğində olan 4 ədəd billur (xrustal) konfetqabı, dəyəri 50 manat olan bir ədəd uzun ölçülü billur (xrustal)qədəh, dəyəri 30 manat olan bir ədəd qara rəngli qədəh, dəyəri 30 manat olan bir ədəd kiçik ölçülü qədəh, dəyəri 50 manat olan kompotqabı dəsti, dəyəri 40 manat olan billur (xrustal) stəkanları, dəyəri 50 manat olan bir ədəd rəngli güldan, dəyəri 150 manat olan bir ədəd çamadan qaşıq dəsti, dəyəri 50 manat olan iki ədəd tort qabı, dəyəri 200 manat olan 8 ədəd stəkan nəlbəki dəsti, dəyəri 150 manat olan dörd ədəd masa örtüyü, dəyəri 100 manat olan 11 ədəd dəsmal, dəyəri 200 manat olan 7 ədəd yorğanüzü,dəyəri 200 manat olan qazan dəsti, dəyəri 20 manat olan bir ədəd xəmiryoğuran və süzgəc, dəyəri 30 manat olan bir ədəd lampa, dəyəri 40 manat olan mikser, dəyəri 40 manat olan 2 ədəd dondurma qabı, dəyəri 70 manat olan ağ rəngli çay dəsti və dəyəri 5000 (beş min) manat olan 750 problu 34 qram italyan qızılından hazırlanmış 47 ədəd brilyant qaşlı qızıl komplektin cavabdehdən alınaraq ona verilməsi, azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanına köçürülmələri və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdaifə edərək bildirdi ki, o, cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahdan Umudcan və İnci adlı uşaqları anadan olmuşdur. Lakin tərəflər arasında olan münasibətlər pozulduğundan həyat yoldaşı və qaynanası onun bütün cehiz, qızıl-zinət əşyalarını əlindən alaraq onu və körpə uşaqlarını gəlin köçdüyü mənzildən qovmuşlar. O, məcburən uşaqları ilə birlikdə valideynlərinin yanına sığınıb. Cavabdehlərdən öz əmlakını istəsə də, cavabdehlər onu verməkdən imtina edirlər. İddiaçı məcbur qalaraq həm cehiz və digər əmlaklarının geri qaytarılması, həm də özünün və azyaşlı uşaqlarının daimi yaşaması üçün cavabdehlərə məxsus gəlin köçdüyü mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini və iddiaçının izahatını müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 izahat verərək, iddia tələbini qismən qəbul etdiklərini, cehiz əşyaları ilə bağlı etirazlarının olmadığını, qızıl-zinət əşyalarının isə birgə nikah dövründə satılıb, ailəyə xərcləndiyini qeyd etmişlər. Həmçinin mübahisəli mənzilin Socar-ın “Qaz İxrac” İdarəsinin balansında olduğunu, hal-hazırda həmin evin cavabdehin qohumlarına kirayəyə verildiyini bildirmişlər. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh2 izahat verərək, iddiaçının cehiz əşyalarına məhkəmə qərardadı ilə həbs qoyulduğunu, qızıl-zinət əşyalarının isə onlarda olmadığını, oğlunun borcuna görə satıldığını, həmin qızılların 1800 manata alındığını bildirdi. Həmçinin onların toy xərclərinə görə 2500 manat borclarının olduğunu, həmin pulun sahibi də pulunu tələb etdiyini və iddiaçının öz razılığı ilə həmin qızılları borcu bağlamaq üçün ona öz razılığa ilə verdiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və onun nümayəndəsi-vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi qəsəbə üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışına əsasən, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yaşayırlar. - Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2015ci ildə 448 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar və bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. - “xxxx” ASC, “xxxx” ASC və “Azəriqaz” İB-nin hesab fakturalarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən mənzilin kommunal xidmətlər Cavabdeh2 adınadır və ödənişlər onun adında həyata keçirilir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı məxsus əmlakların siyahıya alınması və üzərilərinə həbs qoyulması qərar alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən, akt tərtib edilərək əmlaklar siyahiya alınmış və üzərlərinə həbs qoyularaq saxlanca təhvil verilmiş, beləliklə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3801/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı icra olunmuşdur. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6054 nömrəli ekspert rəyinə əsasən, mübahisə predmeti olan qızılların, yəni – çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin ümumi qiymətli 3230 manat müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilən X6 izahat verərək bildirmişdir ki, O, iddiaçının xalası ilə qonşu, həyat yoldaşı ilə iddiaçının dayısı qohumdular. İddiaçı ilə cavabdehin ailə qurmaq məqsədi ilə tanış olmasında o vasitəçilik edib. İddiaçının gəlin köçdüyü ev cavabdehindir. Cavabdeh tərəf 15 ildən artıqdır ki, orada yaşayır. Bildiyinə görə iddiaçıya toyda 5000 manat məbləğində qızıl-zinyət hədiyyə etmişlər. Qızılları yalnız iddiaçının öz toyunda görüb, sonradan heç bir məclisdə istifadə etdiyini görməmişdir. Bir müddət sonra yola getmədikləri üçün ayrıldıqlarını eşitmişdir. Onun yoldaşı usta kimi həmin mübahisəli evi toydan əvvəl təmir etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının oferta göndərməsi mümkün deyildir. Bu isə o deməkdir ki, onun Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi də mümkün deyildir. Odur ki, məhkəmə iddiaçının “evə köçürülmə barədə” iddiasını həmin maddələrin göstərişinə istinad etməklə rədd edə bilməz. Cavabdehlər hesab edirsə ki, ev onların vəsaiti hesabına inşa olunub və onlara məxsusdur, belə halda həmin şəxs müvafiq sənədləri təqdim etməklə ev üzərində hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etməli, hüququ qeydə alındıqdan sonra həmin hüququn müdafiəsi üçün məhkəməyə müraciət etməlidirlər. Ona görə də hazırkı işdə evin “cavabdehlərə məxsus olan ev” kimi qiymətləndirilməsi üçün hüquqi əsas yoxdur. Cavabdehlər qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehlərin bu hərəkətinin qarşısı alınmalıdır. İddiaçının izahatından məlum olur ki, iddiaçı cavabdehlərlə münasibətlərinin gərginləşməsi səbəbindən evdən istifadə etməkdə maneələrlə qarşılaşır. İddiaçıya məxsus əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçı həmin evdə yaşamış və cavabdehlərlə birgə təsərrüfat aparmışdır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa, onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın məqsədi insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına insa olunmuş tikili və s.)asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğu sığınacağı itirir. Ona görə də “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normada istifadə olunan “mənzil” anlayışı obyektiv amillə (yəni mənzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə) deyil, subyektiv amillə (yəni insanın obyektdən hansı məqsədlə istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdır. Əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın məqsədi baxımından həmin obyekt mənzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4).İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İşin tədqiq olunan hallarından məlum olur ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi tərəflərin qanuni istifadəsində olmayıb və həmin torpaq sahəsində mövcud olan yaşayış evinin tikintisi üçün müvafiq icra hakimiyəti orqanının icazəsi yoxdur. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edəbilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdehlərin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın normal şəraitdə yaşamaq, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Eyni qanunun 20-ci maddəsinə görə hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə, işin faktiki hallarından görünür ki, mübahisəli mənzil özbaşına tikilidir, iddiaçı həmin evə ailə qurduqdan sonra köçmüş, orada yaşamışdır. Müəyyən edilmişdir ki, ev özbaşına tikilidir və iddiaçı həmin evdə digər ailə üzvləri ilə birlikdə təsərrüfat aparmışdır. Məhkəmə hesab edir ki, iddiaçının və onun övladının hal-hazırda başqa yaşayış yeri olmadığı nəzərə alınaraq, eyni zamanda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı onun övladı ilə birlikdə mübahisəli mənzilə köçürülmələrini tələb etməkdə haqlı olduğundan, iddia həmin hissədə təmin edilməli, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Belə ki, AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X7 yaşayış yeri analarının yaşayış yeri ilə müəyyən edilir. Məhkəmə həmçinin iddia tələbini əmlak və qızıl-zinət hissədində araşdıraraq hesab edir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı göstərilən cehiz əşyalarının mülkiyyətçisi olduğundan, həmçinin cavabdehlərin həmin hissədə iddianı qəbul etdiklərindən həmin əşyaları tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin qızıl-zinət tələbi hissəsində araşdırma apararaq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir və qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin ümumi qiyməti 3230 (üç min iki yüz otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 119 ünvanında yerləşən İddiaçı məxsus olan cehiz əmlakın - ümumi dəyəri 14.370 manat olmaqla, dəyəri 4.600 manat olan mebel-masa və 8 ədəd stuldan ibarət dəst, dəyəri 450 manat olan 2 ədəd ağ və qara rəngli xalça, dəyəri 300 manat olan 2 ədəd çılçıraq, dəyəri 400 manat olan 2 otaq üçün nəzərdə tutulmuş ikili pərdə dəsti, dəyəri 200 manat olan uşaq çarpayısı, dəyəri 100 manat olan uşaq üçün yorğan-döşək dəsti, dəyəri 150 manat olan taxt döşəyi, dəyəri 50 manat olan 1 ədəd qış yorğanı, dəyəri 70 manat olan 2 ədəd sintepon yorğan, dəyəri 200 manat, 50 manat və 50 manat olan 3 dəst yataq örtüyü, dəyəri 50 manat olan 2 ədəd tük yastığı, dəyəri 20 manat olan 2 ədəd sintepon yastıq, dəyəri 30 manat olan qulaq yastığı, dəyəri 30 manat olan bir ədəd nazik adyal, dəyəri 150 manat olan tozsoran, dəyəri 70 manat olan ətçəkən maşın, dəyəri 250 manat olan qara rəngli yemək dəsti, dəyəri 150 manat olan qara rəngli çay-servis dəstinin, dəyəri 200 manat olan 24 ədəd sarı boşqab, 12 ədəd boşqab və 6 ədəd ağ yemək dəsti, dəyəri 200 manat olan 5 ədəd meyvə qabı (2 ədəd billur (xrustal), 2 ədəd yaşıl və 1 ədəd ağ), dəyəri 100 manat məbləğində olan 4 ədəd billur (xrustal) konfetqabı, dəyəri 50 manat olan bir ədəd uzun ölçülü billur (xrustal)qədəh, dəyəri 30 manat olan bir ədəd qara rəngli qədəh, dəyəri 30 manat olan bir ədəd kiçik ölçülü qədəh, dəyəri 50 manat olan kompotqabı dəsti, dəyəri 40 manat olan billur (xrustal) stəkanları, dəyəri 50 manat olan bir ədəd rəngli güldan, dəyəri 150 manat olan bir ədəd çamadan qaşıq dəsti, dəyəri 50 manat olan iki ədəd tort qabı, dəyəri 200 manat olan 8 ədəd stəkan nəlbəki dəsti, dəyəri 150 manat olan dörd ədəd masa örtüyü, dəyəri 100 manat olan 11 ədəd dəsmal, dəyəri 200 manat olan 7 ədəd yorğanüzü,dəyəri 200 manat olan qazan dəsti, dəyəri 20 manat olan bir ədəd xəmiryoğuran və süzgəc, dəyəri 30 manat olan bir ədəd lampa, dəyəri 40 manat olan mikser, dəyəri 40 manat olan 2 ədəd dondurma qabı, dəyəri 70 manat olan ağ rəngli çay dəsti Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəst alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt həmin əşyalar mövcud olmadığı halda qızıl-zinət əşyalarının çəkisi 34 qram olan 750 əyarlı İtaliya istehsalı 47 brilliant qaşlı dəstin ümumi qiyməti 3230 (üç min iki yüz otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavadehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar