Məhkəmə qərarları › İş №2(002)-1885/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1885/2024

29.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1885/2024 29.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən və hazırda cavabdehin istifadəsində olan evə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş «Toyota Corolla» markalı ** KY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə birgə mülkiyyət kimi onun 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, avtomobilin açıq hərracda satılaraq paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2007-ci il tarixdə faktiki nikaha daxil olmuş, nikahlarını 08 aprel 2009-cu il tarixdə rəsmiləşdirmişlər. xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı üç övladları var. Onlara el adəti ilə toy edilmiş və o, cavabdehlə birlikdə cavabdehin babasına məxsus olan, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi massiv 1 ünvanda yerləşən 64 saylı evə gəlin köçmüşdür. Bir müddət həmin evdə yaşamaqla həmin həyətdə cavabdehlə birlikdə ailələri üçün özlərinə iki mərtəbəli, əlavə 4 otaqlı ev inşa etmişlər və həmin evdə yaşamışlar. Ona və uşaqlarına məxsus əmlak da həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahlarının pozulması üçün məhkəmədə iddia qaldırmışlar. 2023-cü ilin noyabr ayından cavabdeh onu evə buraxmır. Həmin ev qanunsuz tikili olmaqla birgə nikah dövründə tikdirmişlər. Ona məxsus əşyalar həmin evdə olsa da, cavabdeh hazırda onu evə buraxmaq istəmir. Həmin ev onun və övladlarının yeganə yaşayış yeri olmaqla, başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməsinə əngəllər yaradır. Mübahisəli ev özbaşına inşa edilmiş ev olmaqla rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yerləri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamasına imkan vermir. Cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Bu səbəbdən də, cavabdehin onun evdə yaşamasına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Eyni zamanda, birgə nikah dövründə xx.xx.2023-cü il tarixdə «Toyota Corolla» markalı ** KY *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 45.000 manata almışlar. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə narazılıq yaranmış və o, evdən çıxmışdır. Bundan sonra cavabdeh adına olan həmin avtomobili xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən dostunun adına keçirmişdir. Həmin avtomobil birgə nikah dövründə alındığından onun da payı var. İddiaçının nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan və iddiaçının köçmək istədiyi daşnımaz əmlakın birgə nikah dövründə tikilib-tikilməməsi, iddiaçının həmin evdə yaşayıb-yaşamaması, ümumiyyətlə həmin daşınmaz əmlakın olub-olmaması barədə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəf olaraq iddia tələbini qəbul etmirlər. MPM-in 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəf isə iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, bu mülki iş üzrə 2 hazırlıq və 2 baxış iclası olmuşdur. Bu gün isə 3-cü baxış iclasıdır. xx.xx.2024-cü il tarixdə də məhkəmə iclasına sədrlik edən hər iki tərəfdən işin məhkəmə baxışına təyin olunub-olunmamasına etiraz etmədiyini soruşmuş və hər iki tərəfə prosessual hüquq və vəzifələrini izah etmişdir, iddiaçı tərəf isə iddia tələbini əsaslandıracaq heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hər dəfə də baxış iclaslarının təxirə salınmasını xahiş edən iddiaçı tərəf sadəcə olaraq prosessual olaraq süründürməçilik etmişdir. Bu isə yolverilməzdir. Belə ki, MPM-in 47.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Digər bir tələb olan avtomobilə pay hüququnun tanınması isə qeyri-mümkündür. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, cavabdehin mülkiyyətində nəqliyyat vasitəsi yoxdur və mübahisə predmeti olan avtomobil xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında üçüncü bir şəxsə satılmışdır və tərəflər hal-hazırda da rəsmi olaraq birgə nikahdadırlar. Birgə nikah dövründə alınaraq birgə nikah dövründə satılmış əşyaya pay hüququnun tanınması isə mümkünsüzdür. Həmin avtomobil birgə nikah dövründə alınsa da, hal-hazırda onların ümumi birgə mülkiyyəti sayıla bilməz, çünki hal-hazırda mülkiyyətçi tamam başqa bir şəxsdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və müvafiq qanunvercilik aktlarını rəhbər tutaraq, məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh ilə X1 arasında nikah 08 aprel 2009-cu il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 236 saylı akt qeydi ilə bağlanmışdır, nikah bağlanandan sonra arvada Mirzəyeva soyadı verilmişdir. Tərəflərin münasibətlərindən və nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı üç uşaqları var. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş, Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasından çıxarışdan görünür ki, mübahisə predmeti olan «Toyota Corolla» markalı ** KY *** dövlət qeydiyyat nişanlı minik avtomobili 12 iyun 2023-cü il tarixdə yük gömrük bəyannaməsinə (Toyota Bakı) əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli alğısatqı müqaviləsinə əsasən adından qeydiyyatdan çıxarılmışdır. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-00372 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflər xx.xx.2024-cü il tarixdə saat 10.00-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia tələbində özbaşına tikili ilə bağlı istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu qəbildən olan işlər üzrə iddiaçı tərəf adətən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mümkün olan bütün sübutları təqdim etməyə çalışır. Bunlar torpaq sahəsinin tikinti işləri üçün verilməsinə dair sənədlər, etibarnamələr, bağışlama müqavilələri, tikintinin aparılması üçün layihə sənədləri, tikinti şirkəti və yaxud tikinti aparaq briqada ilə bağlanmış müqavilələr, usta və fəhlələrə ödəniş sənədləri, mal-materialların alınmasına dair qaimə fakturalar, şahid ifadələri və s. sübutlardır. İddiaçı tərəfindən məhkəməyə yuxarıda qeyd olunan sübut növlərindən heç biri təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının iddiası tikiliyə köçürülmə tələbinə dair hissədə təmin edilə bilməz. İddianın birgə nikah dövründə əldə edilmiş avtomobillə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia predmeti olan avtomobil tərəflər birgə nikah dövründə olan vaxt özgəninkiləşdirilmişdir. Həmin avtomobilin hazırki sahibi vicdanlı alıcıdır. Belə olduğu təqdirdə, həmin avtomobilin üzərində tərəflərin payları müəyyən edilə, avtomobil açıq hərracda satıla və satışdan əldə olunan vəsait tərəflər arasında paylarına uyğun şəkildə bölünə bilməz. Bu səbəbdən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. İddiaçıya izah edilməlidir ki, o, qeyd olunan avtomobilin satışından əldə edilmiş vəsaitin 1/2 hissəsinin cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar