Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4101/2022 07.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hərbi xidmət dövründə döyüşlərdə yaralanma və yaralanma ilə əlaqədar müalicədə olma faktının təsdiq edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 16 mart 1992-ci il tarixdən 08 iyul 1992-ci il tarixədək 723 saylı h/h tərkibində hərbi xidmət dövründə döyüşlərdə yaralanması və yaralanma ilə əlaqədar 15 iyun 1992-ci il tarixdən 30 iyun 1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə almağı barədə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, ərizəçi müharibə veteranı adı statusu və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin sonuncudan imtina cavabı almışdır. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsində məhkəmə müəyyən edilməsi barədə baxdığı işlərin siyahısı göstərilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, döyüşlərdə yaralanma barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bundan başqa, ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qətnaməsidən görünür ki, 15 iyun 1992-ci il tarixdən 30 iyun 1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə alması və Hərbi Hospital tərəfindən 30 iyun 1992-ci il tarixdə 45 saylı xəstəlik barədə şəhadətnamənin xx xxxx 1961-ci il təvəlüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilmişdir. Hazırda ərizəçi 27 avqust 2020-ci il tarixli qətnaməsi ilə 15 iyun 1992-ci il tarixdən 30 iyun 1992-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicə almasının müəyyən edilməsini məhkəmədən xahiş etsə də, göründüyü kimi artıq məhkəmə tərəfindən onun xahiş etdiyi fakt müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Təsvir edilənlərə əsasən hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, habelə onun idarə, şöbə və xidmətlərinin qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1. və 114.1.2-ci maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, ərizənin qəbulundan imtina edildiyinə görə ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi cəlb edilməklə) “hərbi xidmət dövründə döyüşlərdə yaralanma və yaralanma ilə əlaqədar müalicədə olma faktının təsdiq edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçi izah edilsin ki, o, inzibati orqan sayılan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, habelə onun idarə, şöbə və xidmətlərinin ona veteran adı statusu və vəsiqəsi verilməsi ilə bağlı qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4101/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4101/2022
07.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver