Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4106/2025 22.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Ərizəçi maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfatı İstehsalat X4 Sahəsi ilə mərhum atası X5 arasında “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi haqqında” Sumqayıt şəhəri Saray bağları massivində yerləşən 0.12 ha-dan ibarət a-3186 nömrəli bağ torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış xx.xx.2000-ci il tarixli, 3177 nömrəli Müqavilənin surətinin xx.xx.2013-cü il tarixdə ölmüş mərhum atası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfatı İstehsalat X4 Sahəsi ilə mərhum atası X5 arasnda “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi haqqında” xx.xx.2000-ci tarixli, 3177 nömrəli müqavilə bağlanmış, Sumqayıt şəhəri Saray bağları massivində yerləşən 0.12 ha-dan ibarət b-3186 nömrəli bağ torpaq sahəsi icarəyə verilmişdir. Ərizəçinin atası xx.xx.2013-cü ildə vəfat etmişdir. O vəfat etdikdən sonra ondan miras qalmış əmlakları ərizəçi qəbul etmiş və qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Həmin vaxtdan hal-hazıradək bağ torpaq sahəsi onun və ailəsinin istifadəsindədir. Sumqayıt şəhəri Saray bağları massivində yerləşən 0.12 ha-dan ibarət b- 3186 nömrəli bağ sahəsi üzərində mərhum atasının mülkiyyət hüququ tanınmışdır. Sonradan evdə olan sənədlər içərisində hazırda məhkəməyə təqdim edilmiş a-3186 saylı bağ sahəsinə dair digər müqavilənin surəti aşkar olunmuşdur. Bununla bağlı maraqlı şəxsə müraciət olunsa da idarənin arxivində bu nömrədə bağ sahəsinə dair sənədlərin olmaması bildirilmişdir. Sonradan əldə olunmuş bağ torpaq sahəsinə dair bağlanmış müqavilənin surətinə əsasən məlum olmuşdur ki, Sumqayıt şəhəri Saray bağları massivində yerləşən və 3186 saylı bağ sahəsinə dair bağlanmış müqavilə ilkin sənəd üzrə 0.24 ha torpaq sahəsindən ibarət olmuşdur. xx.xx.2000-ci il tarixdə mərhum atası ilə ayrıayrılıqda iki müqavilə bağlanmışdır. Onlardan biri 0.12 ha bağ torpaq sahəsinə, digəri isə bağ evinə və yerləşdiyi 0.12 ha torpaq sahəsinə dair olmuşdur. Hər iki bağ sahəsi birbirinə birləşik olmaqla, dörd tərəfdən daş hasarla hasarlanmışdır. Ərizəçi qanuni əsaslarla sahiblik etdiyi bağ sahəsinə dair sərəncam verə bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi və maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
4. “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 3177 saylı, 12 sentyabr 2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 0.12 ha torpaq sahəsi olan B-3186 saylı bağ sahəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 59 kv.m olan tikili 2010-cu ilədək X2 icarəsinə verilmişdir.
5. “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 3177 saylı, 12 sentyabr 2000-ci il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 0.12 ha torpaq sahəsi olan A-3186 saylı bağ sahəsi 2010-cu ilədək X2 icarəsinə verilmişdir.
6. 2V-1-87 reyestr nömrəli, 16 noyabr 2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi X2 vərəsəsidir.
7. RX seriyalı, ******* saylı, xx.xx.2014- cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın və torpaq sahəsinin plan və ölçüsünə dair sənədin surətindən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B- 3186 saylı bağ sahəsi üzərində Ərizəçi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsinin ərizəçiyə ünvanladığı 11 avqust 2022-ci il tarixli bildirişindən görünür ki, ərizəçinin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından torpaq sahəsi ilə bağlı hər hansı bir sənəd aşkarlanmadığından imtina edilmişdir.
9. AZ-İ № 621307 saylı, 21 may 2013-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 12 fevral 2013-cü il tarixdə ölmüşdür.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “12 fevral 2013-cü il tarixdə vəfat etmiş X2 adına Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun
11. 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
12. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
13. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
14. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, cavabdeh orqana və Dövlət Notariat Arxivinə sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Dövlət Notariat Arxivinin məhkəməyə ünvanladıqları cavab məktublarında sorğunun cavablandırılmasının mümkün olmadığını bildirmişdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 may 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən X1 adına bağ təsərrüfatı idarəsi tərəfindən 0.25 ha 3186 saylı bağ sahəsinə dair xx.xx.1974-cü il tarixli, 202 nömrəli icarə müqaviləsi bağlanmışdır; sonradan torpaq sahəsinin 0.12 ha hissəsinə B-3186 saylı bağ ünvanı ilə X2 adına xx.xx.2000-ci il tarixli, 3177 nömrəli icarə müqaviləsi bağlanmış, yerdə qalan 0.12 ha torpaq sahəsinə dair isə icarə müqaviləsi tərtib olunmamışdır; X3 verilmiş 0.12 ha torpaq sahəsi icarə müqaviləsi əsasında dövlət reyestrində qeydiyyata alınmış və sonradan özgəninkiləşdirilmişdir. Göründüyü kimi iddiaçının hal-hazırda istifadəsində olduğunu iddia etdiyi bağ sahəsi – 3186 saylı bağ sahəsi ümumilikdə 0.25 ha ölçüdə olmaqla, bağ təsərrüfatı idarəsinin xx.xx.1974-cü il tarixli, 202 nömrəli icarə müqaviləsi ilə X1 mülkiyyətinə verilmişdir. Daha sonra həmin bağ sahəsinin 0.12 ha ölçüdə olan hissəsi, yəni A-3186 saylı bağ sahəsi iddiaçının mərhum atasının uzunmüddətli icarəsinə ayrılmış, digər 0.12 ha hissəsinə dair isə heç bir hüquqi hərəkət edilməmişdir. Mübahisəli torpaq sahəsinə dair iddiaçı tərəfindən nə inzibati orqana inzibati icraat zamanı, nə də məhkəməyə inzibati məhkəmə icraatı zamanı hər hansı digər sənəd təqdim edilməmişdir. Göründüyü kimi idiaçının mübahisələndirdiyi bağ sahəsinin iddiaçının mərhum atası X3 ayrılmasına dair hüquqmüəyyənedici sənəd mövcud deyildir.
15. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Kommunal Təsərrüfatı İstehsalat X4 Sahəsi ilə mərhum atası X5 arasında “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi haqqında” Sumqayıt şəhəri Saray bağları massivində yerləşən 0.12 ha-dan ibarət a-3186 nömrəli bağ torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış xx.xx.2000-ci il tarixli, 3177 nömrəli Müqavilənin surətinin xx.xx.2013-cü il tarixdə ölmüş mərhum atası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni ərizəçi müqavilənin surətinin mərhum atasına məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Lakin həmin müqavilənin ümumiyyətlə mövcud olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Arxiv materiallarında da buna dair hər hansı bir məlumat mövcud olmamışdır.
16. Məhkəmə hesab edir ki, ərizəçi məhkəmədə öz iddia tələblərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər, tutarlı sübut təqdim etməmişdir.
17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
18. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.
19. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərarında X9 Məhkəməsinin də hüquqi mövqeyi belə olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. (§68)
20. Həmçinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da X9 Məhkəməsi öxşar hüquqi mövqe göstərərək, məhkəmənin sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartlarının təbiq edilməsini müəyyən etmişdir.
21. Hazırki işdən görünür ki, ərizəçi öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir.
22. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.
23. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-nin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır.
24. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
25. Beləliklə, sübutetmə yükü daşıyan ərizəçi öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.
27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
Ərizəçi maraqlı şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova