Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4138/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22A saylı evə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22 saylı ev xx xxxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Onun bacısı oğlu Cavabdeh qeydiyyat yeri olmadığını bildirərək, ondan cavabdehin müvəqqəti qeydiyyata alınmasını xahiş etmiş və bir müddət sonra qeydiyyatdan çıxacağını bildirmişdir. Cavabdeh mübahisəli evdə yaşamamış, təsərrüfat aparmamış, habelə onun ailə üzvü olmamışdır. Bu qədər vaxt keçməsinə baxmayaraq cavabdeh qeydiyyatdan çıxmamışdır, onun formal pasport qeydiyyatı hələdə qalmaqdadır. Halbuki, cavabdehin pasport qeydiyyatında qalması onun mənzilinə olan hüquqlarının həyata keçirilməsinə maneçilik törədir, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdeh bu ünvanda yaşamır, bu fərdi yaşayış evinə heç bir aidiyyəti yoxdur, sadəcə olaraq formal pasport qeydiyyatındadır.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia izahatında bildirdi ki, o, həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22A saylı evdə yaşamasa da, həmin ünvanda formal olaraq qeydiyyatdadır. O, anasının xahişi ilə xalasına məxsus evə formal olaraq qeydiyyata düşmüşdür. Onun daimi yaşayış yeri başqa ünvandır. Həmin ünvanda olan evin sənədləri olmadığına görə ora qeydiyyata düşə bilmir. Ona görə də iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 149133 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22 saylı evin 1/3 hissəsi İddiaçı, 2/3 hisssəsi isə X1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Bu barədə reyestr kitabında xx xxxxx 2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxx 2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh digər şəxslərlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22 saylı evdə qeydiyyatdadır. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ünvan 2 ünvanına qeydiyyata alınması ilə bağlı qeyd olunan idarəyə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, onun daimi qeydiyyat ünvanı olduğu üçün ünvan 2 ünvanına qeydiyyata alınması qanuna müvafiq deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının bacısı oğludur, iddiaçı bacısının xahişi ilə cavabdehi bir neçə aylıq özünə məxsus birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22 saylı evinə müvəqqəti olaraq formal qeydiyyata düşməsinə icazə vermişdir. Cavabdeh heç vaxt iddiaçının mülkiyyətində olan mənzildə yaşamamış, cavabdehin daimi yaşayış yeri başqa ünvan olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması faktına onun bu mənzilə istifadə hüquqlarının yaranması kimi qiymət verilməsi qanunun tələblərinə ziddir. Belə ki, yuxarıda istinad edilən maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçının mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22 (22A) saylı evəistifadə hüququ mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsidə qeyri-mümkündür. Ona görə də iddia tələbi təmin edilə bilməz. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüquqları olmadığına görə onların həmin məzində qeydiyyatda qalması üçün hər-hansı əsas da yoxdur və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığına görə hazırki qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Hazırkı qətnamə Cavabdeh İddiaçı mülkiyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi, 22 (22A) saylı evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4138/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4138/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver