Məhkəmə qərarları › İş №2(001)-4145/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4145/2020

23.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4145/2020 23.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı və onun nümayəndəsi, vəkilinin X6, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 nümayəndəsi, vəkili, o cümlədən ilkin iddia üzrə cavabdehlər İddiaçı və X3 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin, Cavabdeh1 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və tələbini artıraraq həmçinin X7 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mansur adlı azyaşlı övladı ilə birlikdə Cavabdeh1 yaşadığı və Cavabdeh2 məxsus ünvan 1 mənzil 2 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxx 2013-cü il tarixində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx xxxxxx 2014-cü il tarixində Mansur adlı oğulları doğulmuşdur. Ona bəlli olmayan səbəblərdən, mülki iş üzrə Cavabdeh1 qəyyumu Cavabdeh2 nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 qəyyumu, iddiasını onunla əsaslandırmışdır ki, X14 fəaliyyət qabiliyyətsizdir və Binəqədi RİH-nin xx xxxxxxx 2018-ci il tarixli , 276 saylı sərəncamı ilə oğlunun qəyyumu təyin edilmişdir. O, ruhi xəstə kimi 1997-ci il tarixində Bakı 9 saylı şəhər poliklinikasının psixiatriya kabinetinin qeydiyyatındadır, etdiyi hərəkətlərin mahiyyətini dərk etmir, ona görə də nikah pozulmalıdır. Məhkəmənin 2(001)-2230/2020 saylı xx xxxx 2020ci il tarixli qərardadı ilə qeyd olunan səbəblərə görə işin icraatına xitam verilmişdir. Hesab edir ki, ona qarşı irəli sürülən iddia tələbinin arxasında qaynanası dayanır. Virusla bağlı ciddi məhdudiyyətlər səbəbilə hər hansı hərəkət edə bilməmiş, vəkilə müraciət edə bilmədiyindən onun mülki, ailə və mənzil hüquqları ciddi şəkildə pozulmuşdur. Cavabdehlər Cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh Qeydiyyat şöbəsi onun şərəf və ləyaqətini təhqir etmişlər. Ailə qurma, ev tikmə, uşaqlar dünyaya gətirib onları əri ilə birlikdə ömrünün sonuna kimi tərbiyə etmə kimi xəyallarını puç etmişlər. Xüsusilə vurğulayır ki, o, əri Cavabdeh1 fəaliyyət qabiliyyətsiz olduğunu bilməmiş və bu faktı ondan ciddi şəkildə gizlətmişlər. Belə ki, Binəqədi rayon məhkəməsinin, 2(001)-2230/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadını alarkən, cavabdehin xəstə olduğunu bilmişdir. Hesab edir ki, bu səbəbdən nikahları etibarsız hesab edilməlidir. O, cavabdeh ilə görüşüb, tanış olub və sevərək evlənməmişdir. Vasitəçi şəxslərin səyi ilə evlənmişlər. Əgər cavabdehin xəstə olduğunu bilərək onunla evlənmiş olsa idi, bunu öz istəyi ilə etdiyi üçün şərəfinin, ləyaqətinin alçaldılması, təhqir olunması kimi fikirlər irəli sürməzdi. “Koronavirus” pandemiyası ilə əlaqədar olaraq məhkəmələrin fəaliyyəti məhdudlaşdırıldığından müəyyən prosessual tələblər irəli sürməmişdir. Mənzil qeydiyyatı tələb irəli sürülən mənzilədir. İddia tələbinin əsaslı və qanuni olduğundan göstərilənlər əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 adından onun qəyyumu Cavabdeh2 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 2 mənzil 2 ünvanından istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ünvan 2 mənzil 2 ünvanında qeydiyyatının olması ona hər hansı hüquq vermir. Tərəflər xx xxxxxx 2013-cü il tarixində rəsmi nikaha daxil olmuşlar, hal-hazırda aralarındakı nikah pozulmuşdur. Nikahın pozulmasına səbəb Cavabdeh1 qayğı göstərməməsi, onu aldatması, övladı ilə maraqlanmaması, evdəki valideynlərlə normal münasibətinin olmaması olmuşdur. Bu səbəblə, artıq neçə aydır ki, sərbəst yaşamaq və heç kimin müdaxiləsinə məruz qalmaq istəmədiyindən evi könüllü olaraq tərk etmişdir. Onun qeydiyyatda olduğu və köçürülmə tələb etdiyi evdə heç bir əşyası yoxdur və olmamışdır. Onun Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 24 mənzil 2 ünvanında istifadə hüququ olmamışdır sadəcə formal qeydiyyatı vardır. İddia tələbinin əsasını cavabdehin qeydiyyatdan çıxarılması, əlavə kommunal xərclərdən qurtulma, eyni zamanda özəl və dövlət idarə və müəsisələrindən gələn bildirişlərin, çağırışların Cavabdeh1 məxsus evə gəlməsinin qarşısının alınması və cavabdehin yaşadığı ünvana göndərilməsi təşkil edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin izahatında bildirmişdir ki, həmin mənzildən öz istəyi ilə çıxmamışdır. 2020-ci ilin aprel ayında qayınanası ondan əlindən açarı alaraq evdən çıxartmışdır.Oğlunu isə “102” xidmətinə zəng vuraraq əllərindən almışdır. Hal-hazırda bacısıgildə qalır. 2013-cü ildə nikaha daxil olmuşdur. Qaynatası onu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəi, ev 24 mənzil 2 ünvanına qeydiyyata salmışdır. Qaynatası xx xxxx 2018-ci il tarixində vəfat etmişdir. X12 onun baldızıdır. Qeydiyyata alındığı mənzildə qayınatası, qayınanası və yoldaşı yaşamışdır. Baldızının yuxarı mərtəbədə öz evi vardır.Mübahisələri baldızının kuxnyanı çölə açaraq salon kimi işlətməsindən sonra başlamışdır. O baldızı ilə mübahisə edərək yaşadıqları evə kənar şəxslərin gəlməsindən narazı olduğunu bildirmişdir. O nikaha daxil olarkən yoldaşının əvvəllər evli olduğunu və xəstə olduğunu bilməmişdir. Bu barədə “nikahın etibarsız hesab edilməsinə dair” iddia qaldırmışdır. Həmçinin qarşılıqlı iddia ərizəsinə yazılı şəkildə verdiyi etirazında bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd olunan “Cavabdeh1 diqqət və qayğı göstərilməməsi, daima onu aldatması, övladı ilə maraqlanmaması və valideynləri ilə guya yola getməməsi” kimi fikirlər böhtandan başqa bir şey deyildir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi, vəkil X15 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı həmin mənzildə daimi qeydiyyatda olmaqla birgə nikah dövründə həmin mənzildə yaşamış və ümumi təsərrüfat aparılmasında iştirak etmişdir. Onun həmin mənzildə cehiz əmlakı olmuşdur. Tərəflərin rəsmi nikahından doğulan uşağın gələcək inkişafı baxımından onun həmin mənzilə anası ilə birlikdə köçürülməsinə ehtiyacı vardır. Qaynata həyatda olarkən evini nəvəsinə verəcəyini bildirmişdir. Xanımın mənzildən istifadə hüququ həmin mənzilə köçdüyü andan yaranmışdır. İddiaçı həmin mənzildən istifadə hüququnun olması onun mənzil mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırması kimi qeyd edilməməlidir. Həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, vəkil sorğusuna verilən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilir ki, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 24, mənzil 2 ünvanı mülkiyyət hüququ əsasında ½ hissədə Cavabdeh1 və ½ hissədə X3 adına qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsasən X3 cavabdeh şəxs kimi məhkəmə proseslərinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 nümayəndəsi, vəkili, o cümlədən ilkin iddia üzrə cavabdehlər İddiaçı və X3 nümayəndəsi və vəkili X4 izahatında bildirmişdir ki, ilkin iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında münasibətlər 2013-cü ildən yaranmışdır. Rəsmi nikaha daxil olduqları tarixdə isə mənzil qaynatanın mülkiyyətində olmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra gəlin evi könüllü şəkildə tərk etmişdir. İlkin iddia üzrə iddiaçı həm cavabdehə qarşı “nikahın etibarsız hesab edilməsi barədə” iddia qaldırdığını qeyd edir, həm də nikahının etibarsız hesab edilməsini tələb etdiyi şəxsin “mənzilinə köçürülmə” tələb edir. Görünür ki, iddiaçının tələbləri arasında ziddiyyət vardır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia üzrə iddia tələbinin iddia ərizəsində göstərilənlərə əsasən təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, Cavabdeh1 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə qarşılıqlı iddiası rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2230/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2018-ci il tarixli, 276 nömrəli sərəncamı ilə ünvan 2 mənzil 2 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh2 fəaliyyət qabiliyyəti olmayan oğlu Cavabdeh1 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxx 2010-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 2 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X3, ½ hissədə isə Cavabdeh1 adına qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxx 2019-cu il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Bakı şəhəri 20 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilən, 52/2018 nömrəli vərəsəlik işi əsasında verilən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx xxxx 2018-ci il tarixində ölmüş X5 vərəsələri qızı X12, oğlu Cavabdeh1 və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxx 2010-cu il tarixində X8 verilmiş **********61-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 24 ünvanında yerləşən ümumi sahəsi 40.48 kv.m olan 2 saylı mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11 saylı Vəkil Bürosuna verilən sorğuya cavabdan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 24 mənzil 2 ünvanı hazırda hər biri ½ hissə olmaqla Cavabdeh1 və X3 mülkiyyətindədir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı verilmiş X11 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında bağlanmış nikaha Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdə xitam verilmiş və bu barədə xx.xx.2020-ci il tarixdə X11 akt qeydləri kitabında 328 N ilə qeyd edilmişdir. Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 verilmiş X11 Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında bağlanmış nikaha ər(arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi əsası ilə xitam verilmiş, bu barədə X11 akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixində 328 nömrə ilə qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın Binəqədi Rayon Məhkəməsində qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixində nikaha daxil olmuşlar. İlkin iddia üzrə İddiaçı qaynatası X13 tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 24 mənzil 2 ünvanına pasport qeydiyyatına salınmışdır. Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 24, 2 saylı mənzil xx.xx.2010-cu il tarixdən xüsusi mülkiyyət hüququ ilə X8 məxsus olmuşdur. xx xxxx 2018ci il tarixində X13 vəfat etmiş mənzil qanuni vərəsələr arasında ½ hissədə bölünmüşdür. xx.xx.2019-cu il tarixdən həmin mənzil X12 və Cavabdeh1 hər birinin ½ hissədə payı müəyyənləşdirilməklə mülkiyyətinə keçmişdir. Əvvəlcə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında, sonradan isə ər fəaliyyət qabiliyyəti olmayan hesab edildiyinə görə xx.xx.2020ci il tarixdə müvafiq icra hakimiyyətində pozulmuşdur. İlkin iddia üzrə iddiaçı hal-hazırda nikahın etibarsızlığı barədə iddia qaldırdığını bildirir. Həm ilkin, həm də qarşılıqlı iddia üzrə işin mübahisələndirilməyən hallarına İddiaçı ilə Cavabdeh1 2013-cü ildə nikaha daxil olaraq mübahisəli mənzilə köçməsi, Cavabdeh1 fəaliyyət qabiliyyəti olmadığına görə anası Cavabdeh2 onun qəyyumu təyin edilməsi, İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü bir uşaqlarının olması, X5 xx.xx.2018-ci ildə vəfat etməsi, xx.xx.2018-ci ildən tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin əsasında miras qalmış əmlak Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 24, 2 saylı mənzildən X12 və Cavabdeh1 ½ hissədə pay almaları, ilkin iddia üzrə cavabdehlər X12 və Cavabdeh1 xx.xx.2019-cu il tarixdən mübahisəli mənzilin paylı mülkiyyətçiləri olması, İddiaçı ilə Cavabdeh1 nikahlarının pozulması aiddir. İlkin və qarşılıqlı iddia üzrə işin mübahisələndirilən hallarına ilkin iddia üzrə iddiaçının mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması aiddir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzilə köçürmə ilə bağlı iddia tələbinin hüquqi əsasını müəyyən etmək üçün əvvəla mübahisəli mənzilə dair tərəflər arasında hansı münasibətlərin olması araşdırılmalıdır. Yəni mənzilə köçürülmək istəyən şəxsin mənzilə dair hansı əşya hüquqlarının və ya məhdud əşya hüququnun (istifadə hüququnun), o cümlədən əşyadan (əmlakdan) istifadə edilməsi ilə bağlı digər hüquqların olması aydınlaşdırılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair iddiaçının hər hansı əşya hüququ yoxdur. Belə ki, mübahisəli mənzil ər-arvadın ümumi birgə mülkiyyəti deyildir, çünki həmin mənzil iddiaçının qayınatasının mülkiyyətində olmuş sonradan miras qoyanın vərəsələrinə keçmişdir. Bununla bağlı Mülki Məcəllənin 225.2-ci maddəsində qeyd edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İddiaçının mübahisəli mənzilə istifadə hüququnun olub-olmamasını müəyyən etmək üçün tərəflər arasında münasibətlərin nə vaxt yaranmasına diqqət yetirilməlidir. Belə ki, Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzilə 2013-cü ildə gəlin kimi köçmüşdür. Həmin dövrdə mənzilin mülkiyyətçisi iddiaçının qayınatası olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, iddiaçı gəlin kimi mənzilə köçdüyü zaman mənzilin mülkiyyətçisinin nə “ailə üzvü”, nə də “digər qohumu” hesab edilmirdi. Bu baxımdan iddiaçının həmin vaxt mənzilə istifadə hüququ yarana bilməzdi. Yaşayış yeri üzrə mənzildə qeydiyyata alınma isə istifadə hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla bağlı Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşmış hüquqi mövqe vardır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər iddiaçı qayınatasının, yəni mübahisəli mənzilin keçmiş mülkiyyətçisinin ölümü ilə X2 əmlaka paylı mülkiyyət hüququ ilə sahiblik etdikdən sonra mübahisəli mənzildən istifadə etmək hüququnun yarandığını ehtimal edirsə belə, əvvəla ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvü kimi onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamışdır. Belə ki, Mülki Məcəllənin 228-ci maddəsində məhdud əşya hüququ kimi nəzərdə tutulmuş istifadə hüququ, Mənzil Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş əşyadan istifadə etmək hüququndan fərqləndirilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Odur ki, işin hallarından göründüyü kimi ilkin iddia üzrə İddiaçı ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 arasında nikah münasibətlərinə X11 1-ci şəhadətnaməyə görə xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, digər şəhadətnaməyə görə isə müvafiq icra hakimiyyəti orqanında nikah pozulmuşdur. İkincisi Cavabdeh1 mübahisəli mənzilin paylı mülkiyyətçisidir. Yəni mübahisəli mənzil paylı mülkiyyətdə olduğundan və mənzilin paylara uyğun naturada bölgüsü aparılmadığından digər paylı mülkiyyətçisinin, yəni cavabdeh X3 razılığı olmadan Cavabdeh1 əmlaka sahiblik, ondan istifadə edilməsi, əmlaka dair sərəncam verilməsi barədə hərəkətlər həyata keçirilə bilməzdi (Mülki Məcəllə 146.2; 215). Yəni əmlakın paylı mülkiyyətçisi olan Cavabdeh1 ilkin iddiaçının mənzilə köçürülməsinə etiraz etməsəydi belə, nə qədər ki onun payı naturada ayrılmamışdır, köçmək istəyən şəxsin mənzilin hansı hissəsinə köçürülməsi qeyri-müəyyəndir mütləq şəkildə digər payçının razılığı tələb olunacaqdı. Lakin işin hallarından görünür ki, digər paylı mülkiyyətçinin razılığı yoxdur, eyni zamanda Cavabdeh1 da qarşılıqlı iddia verərək bu məsələ ilə bağlı mövqeyini bildirmişdir. Bu hüquqi dəyərləndirmə eyni zamanda Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx xxxxxx 2015-ci il tarixli Qərardadında formalaşmış hüquqi mövqe baxımından da ilkin iddia üzrə iddiaçının istifadə hüququnun yaranmış olması ehtimal olunsa belə, həmin hüququn artıq saxlanılmadığı və mənzilə köçürülmə üçün əsasın olmadığı qənaətinə gəlməyə əsas verir. Belə ki, həmin Plenum qərardadında qeyd edilmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə qəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərari).Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.” Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının mənzilə köçürülməsinə dair əsas müəyyən edilmədiyindən ilkin iddia təmin edilməməlidir. Məhkəmə eyni zamanda, qarşlılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia tələbini araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü (xitamı) məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, cavabdehin həmin mənzilə münasibətdə hazırda istifadə hüququnun mövcud olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından söhbət gedə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli Plenum qərarında qeyd edilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Qarşılıqlı iddia ərizəsi də onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmamış, sadəcə formal qeydiyyatı vardır. İddia tələbinin əsası cavabdehin qeydiyyatdan çıxarılmasıdır. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh ailə münasibətlərinə xitam verilənədək (cavabdeh bildirir 2020-ci ilin aprel ayında) mənzildən çıxıb getmiş və halhazırda bacısının evində yaşayır. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin istifadə hüququ yaranmadığından, yaranmışsa belə ailə münasibətlərinə xitam verildikdən sonra artıq itirilmiş olduğundan, olmayan hüququ xitam verilməsi mümkün olmadığından iddia əsaslı deyildir. Qarşılıqlı iddia üzrə cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması isə istifadə hüququnun mövcudluğunu və ya mövcudluğunun davam etməsini təsdiq etmir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, cavabdeh İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 24 mənzil 2 ünvanına istifadə hüququ olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası, Cavabdeh1 cavabdeh İddiaçı qarşı istifadə hüququna xitam verilməsi tələbinə qarşılıqlı iddia ərizəsi təmin edilməməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin və qarşılıqlı iddia rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X9 aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar