Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4147/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə) xəstəliklə bağlı məzuniyyətdə və analıq məzuniyyətində olma faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində işlədiyi 1991-ci ilin yanvar ayından oktyabr ayının 13-nə kimi xəstəliyi ilə və analıq məzuniyyətində olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətində baş iqtisadçı təyin olunmuşdur. 1991 ci ilin yanvar ayından may ayına kimi xəstəliyi ilə bağlı öz hesabına məzuniyyətə çıxmışdır. Həmin ilin may ayından 1996-cı ilin mart ayına kimi analıq məzuniyyətində olmuş, 1991-ci ilin iyul ayının 26-da qızı X12 doğulmuşdur. Hər iki məzuniyyəti ilə bağlı verilmiş əmr hal-hazırda mövcud deyil. Bu barədə Sığorta Kommersiya Şirkətinə xx.xx.2022-ci il tarixdə ünvanladığı yazılı ərizəsinə cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli KS 07 saylı arayışda bildirilmişdir. Hesab edir ki, bu yolverilməzdir, çünki o, real olaraq həmin vaxtı xəstəlik və analıq məzuniyyətində olmuşdur. Bu barədə kifayət qədər sübutları var. Həmin faktın müəyyən olunması onun pensiya təminatı ilə bağlı vacibdir. Bu səbəbdən qeyd olunan faktın məhkəmə qətnaməsi ilə müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq onu da qeyd edir ki, 2016-cı ilin sentyabr ayının 21-də xəstəliyi ilə bağlı ona 2-ci qrup əlilik təyin edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, 1990-cı ilin sonunda illik hesabat vaxtı işdən çıxarkən özünü pis hiss etmişdir. İş yoldaşları onu taksi ilə evə aparmışlar. Daha sonra evdən yoldaşı ilə birlikdə həkimə getmişlər. Həkim ona yataq rejimini uyğun görmüş, əks təqdirdə uşağını itirə biləcəyini bildirmişdir. O, iş yerinə bu bardə müraciət etdikdə, ona öz hesabına məzuniyyətə çıxması tövsiyyə edilmişdir. O da, ərizə yazaraq 1991-ci ilin yanvar ayından öz hesabına məzuniyyətə çıxmışdır. Bülletenini belə təqdim etmişdir. May ayına kimi həm bülletendə, həm də öz hesabına məzuniyyətdə olmuşdur. Həmin ilin may ayından isə analıq məzuniyyətinə çıxmışdır. 1991-ci ildən 1993-cü ilə qədər məzuniyyətdə olmuş məzuniyyəti bitdikdən sonra ikinci hamiləliyinə görə yenidən məzuniyyətə çıxmışdır. Bu dəfə məzuniyyəti 1996-cı ildə bitmişdir.
4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ərizəçi izahatlarında bildirmişdir ki, o, 1991-ci ilin yanvar ayından may ayına kimi xəstəliklə bağlı öz hesabına məzuniyyətdə olmuşdur. Həmin ilin may ayından 1996-cı ilin mart ayına kimi analıq məzuniyyətində olmuş, 1991-ci ilin iyul ayında uşağı dünyaya gəlmişdir. 1-ci uşağı ilə bağlı analıq məzuniyyətində olduğu dövrdə 2-ci uşağı da dünyaya gəlmişdir və o 1996-cı ilə qədər analıq məzuniyyətində olmuşdur. O, 1991-ci ilin oktyabr ayının 13-nə qədər dövlət qulluğunda olmuşdur. Həmin tarixdən Dövlət Sığorta Kommersiya Şirkəti təşkil olunmuşdur. Onun 1991-ci ildən yanvarından oktyabrına qədər məzuniyyətində olmağı barədə əmrlər tapılmadığına görə dövlət qulluqçusu kimi ona pensiya təyin olunan zaman 1989-1990-cı illərin haqq-hesab cədvəlləri nəzərə alınmışdır. Ona hazırda 390 manat əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin o, əvvəllər 540 manat pensiya alırdı. Bununla bağlı müraciət etdikdə ona pensiyası yenidən hesablanarkən 1991-ci ilin haqqhesab cədvəli olmadığından az pensiya təyin olunduğunu demişlər. Çünki həmin dövr hesabatda görünmür. Pensiyası hesablanarkən son 2 illik haqq-hesab aparılarkən 1990cı ildən əvvəlki 2 il nəzərə alınmışdır. Lakin əmək pensiyasının yenidən hesablanması zamanı onun 1991-ci ilin oktyabrından əvvəlki 2 il üçün hesablanmalı olması, həmin dövrdə əmək haqqı almamışsa bununla da bağlı müvafiq məhkəmə qətnaməsinin və ya sənədlərin təqdim edilməli olması bildirilmişdir. Bundan sonra o DSKŞ-nə müraciət etmiş və arxiv sənədlərində həmin dövr üçün məlumat tapılmamışdır. Halbuki o həqiqətən həmin dövrdə Sığorta şirkətində işləmiş və 2018-dək DSKŞ-nin əməkdaşı olmuşdur. Yenidən hesablama aparılarkən əmək pensiyasının məbləği ona görə aşağı düşmüşdür ki, son 2 il üçün orta əmək haqqı düzgün hesablana bilməmişdir.
5. Maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, əriəzçi 1989-1990-cı illərin əmək haqqı cədvəllərini təqdim edib. Fond tərəfindən də, həmin cədvəllər əsasında ərizəçiyə pensiya təyin edilmişdir. 1991-ci ilin əmək haqqı cədvəlləri yoxdur. 1991-ci ilin yanvar ayından-oktyabr ayına qədər məzuniyyətdə olması faktı təsdiq edilsə, 1991-ci ilin yanvar ayından əvvəlki dövr nəzərə alınmaq pensiya hesablanacaq. Ərizəçinin 3 nəfər şahidi onun qeyd etdiyi illərdə işdə olmamasını təsdiq etsə də, məzuniyyətdə olması faktını müəyyən edə bilməz. İş materiallarında olan sübutlar da, ərizənin təmin edilməsi üçün kifayət deyildir. Həmçinin məzuniyyətdə olma faktının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən maraqlı şəxslərin nümayəndələri izahatlarında bildirmişdirlər ki, Ərizəçinin ərizəsi əsassızdır. Pensiya alt sistemindən müəyyən olunur ki, şəxs 1991-ci ilin yanvar ayından may ayına kimi öz hesabına məzuniyyətə çıxmışdır. Onsuzda bu dövr dövlət qulluğu kimi sığorta stajına daxil edilmir. Şəxsə xx.xx.2014-cü il tarixdə əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya təyinatı aparılan zaman xx.xx.1984-xx.xx.2014-cü illər üzrə sosial sığorta stajı nəzərə alınmışdır. Bu səbəbdən 1991-ci ilin yanvar ayından oktyabrın 13-nə kimi xəstəlik və analıq məzuniyyətində olması faktının müəyyən olunması faktı ərizəçi üçün hər hansı nəticə doğurmur. Şəxsin dövlət qulluqçusu kimi pensiya alması üçün son 24 ayın hesabat cədvəli nəzərə alınır. Şəxs 1991-ci ilin yanvarından oktyabrına qədər məzuniyyətdə olduğu üçün əmək haqqı almayıb. Lakin məzuniyyətdə olmasını təsdiq edən sənədlər mövcud deyildir. Onun məzuniyyətdə olması faktı müəyyən olunmalıdır ki, həmin dövr hesabat cədvəlində nəzərə alınmasın. Şəxsə təyin olunan pensiya yenidən hesablanan zaman 1991-ci ilin əmək haqqı cədvəlləri olmadığından onun pensiyası azaldılmışdır.
7. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixində elektron qaydada iddia ərizəsinə etiraz ünvanlanmışdır.
8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci maddesinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktin müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə ve yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilen faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi ve s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bununla əlaqədar bildirilir ki, Ərizəçi xx.xx.2014-cü il tarixli qərar ilə xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin olunmuşdur. Pensiya təyinatı aparılan zaman xx.xx.1984-cü il tarixdən hüququ yarandığı tarixədək (xx.xx.2014) olan dövr sosial Sığorta stajı kimi nəzərə alınmışdır (çıxarış əlavə edilir). Bu səbəbdən 1991-ci ilin yanvar ayından oktyabrın 13-nə kimi xəstəlik və analıq məzuniyyətində olma faktının müəyyən olunması faktı ərizəçi üçün hər hansı hüquqi nəticə doğurmur. Müvafiq Qərara əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, 1990-cı ildən 1993-cü ilə qədər Bakı şəhər Nəsimi Dövlət Sığorta Agentliyində-İdarəsində işləmişdir. 1991-ci ilin dekabrında işə qayıtdıqları zaman Dürdanə hamilə olduğu üçün halı pisləşmiş və onu taksi ilə evinə aparmışlar. Dürdanə yeni ildən sonra işə gəlməmiş və öz hesabına məzuniyyət götürmüşdür. 1991-ci ilin aprel-may ayından isə analıq məzuniyyətinə çıxmışdır. 1991-ci ilin 31 yanvar tarixindən iqtisadçı kimi işləmişdir. Dürdanə isə baş iqtisadçı olmuşdur. Sənədləri Dürdanənin evinə özü aparmışdır. Çünki işi ona Dürdanə öyrədirdi. O, işdən çıxana kimi Dürdanə iş yerinə qayıtmamış, 1993-cü ilə kimi işə çıxmamışdır. Özü 1993-cü ilin 06 avqust tarixindən işdən çıxmış, DSMF-da yeni işə düzəlmişdir. Ancaq yenədə eyni binada işləmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Dürdanə xanımla 1988-1993-cü illərdə Nəsimi rayon Dövlət Sığorta İdarəsində birlikdə işləmişlər. O, 1988-ci ildə sığorta agenti kimi işə qəbul olunmuşdur. Daha sonra baş iqtisadçı kimi işləmişdir. Hətta Dürdanə xanımla eyni otaqda işləmişlər. Dürdanə xanım 1991-ci ilin yanvarında xəstəliklə bağlı məzuniyyətə getmişdi. Özü 1993-cü ildə X10 işə düzəldiyi üçün müəssisədən ayrılmışdır. O, 1991-ci ilin yanvarından işdən çıxana qədər Dürdanə xanımın rəsmi işə çıxdığını görməmişdir. Hətta işlə bağlı yaranmış problemləri həll etmək üçün onunla telefon vasitəsilə əlaqə saxlamışdır. O, 1991-ci ilin yanvarından 1993-cü ilə qədər işdə olmamışdır. Özü hazırda Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyində işləyir.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Hazırda Dövlət Sığorta Kommersiya Şirkətində Audit Departamentinin baş auditoru vəzifəsində işləyir. 1987-ci ildən Şirkətdə Baş İdarədə işləmiş, həmin vaxt filiallara yoxlanışa getmişdir. Dürdanə xanım Nəsimi rayon Dövlət Sığorta İdarəsində işləyirdi. Onlarda işçilərin nəzarət sıyahısı olurdu, oradan bütün işçilərin məlumatlarını götürürdülər. Dürdanə xanım iqtisadçı işləyirdi. O, 2 il ard-arda idarəyə yoxlamaya gedən zaman ona Dürdanə xanımın məzuniyyətdə olduğu deyilmişdir. Ancaq uzun müddət keçdiyi üçün illəri xatırlamır. Ancaq dəqiq bilir ki, 2 dəfə yoxlamaya gedəndə onun analıq məzuniyyətində olduğu deyilmişdir. Hətta o vaxt Sevda adında iqtisadçı var idi ki, Sevdadan sənədləri istəyəndə sənədlər tapılmamışdı və onda Dürdanə xanımın evinə adam göndərdilər ki, o, gəlsin, sənədləri tapsın. Ancaq yenədə tarix yadında deyil. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
12. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Nəsimi Filialı tərəfindən verilən 15 aprel 2022-ci il tarixli, KŞ-07 saylı arayışdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Fərhad Adıgözəlovun adına ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, 1991-ci ildə öz hesabına götürdüyü məzuniyyət və analıq məzuniyyətinə çıxmağı ilə bağlı təqdim etdiyi xəstəlik vərəqəsinə görə verilən əmr 1991-ci ilin əmrlər qovluğundan tapılmadığına görə təqdim edilməsi mümkün olmamışdır.
13. Ərizəçi məxsus ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1984-cü il tarixində Nəsimi rayon Dövlət Sığorta İdarəsində mühasib vəzifəsində işə başlamışdır. xx.xx.1987-ci il tarixində həmin idarədə böyük iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildən baş iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci ildən isə Baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar olunması ilə bağlı tutduğu vəzifədən azad edilmişdir.
14. № 340323 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 26 iyul 1991-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X9, anası Ərizəçidır.
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Ərizəçi ünvanlanan cavab məktubundan görünür ki, ödənişsiz məzuniyyət, uşağa qulluğa görə qismən ödənişli və ya ödənişsiz məzuniyyət dövrləri barədə dəqiq tarixlər göstərilməklə (gün, ay , il) müvafiq dövlət orqanının arayışı Mərkəzi Filiala təqdim olunduqdan sonra həm orta aylıq əmək haqqı, həm də dövlət qulluğu stajının yenidən hesablanması məsələsinə baxılacaqdır.
16. X3 məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1990-cı ildən Nəsimi rayon Dövlət Sığorta İdarəsində ştatdan kənar işə başlamışdır. xx.xx.1991-ci ildən iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
17. X4 məxsus əmək kitabçasını surətindən görünür ki, o, xx.xx.1987-ci il tarixində Dövlət Sığorta Şirkətinin baş idarəsində baş mühasib və mühasib auditoru vəzifəsində işə başlamışdır. xx.xx.1992-ci ildən mühasibat uçotu və nəzarəti idarəsinin İ dərəcəli mühasibi vəzifəsinə keçirilmişdir.
18. X1 məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1989-cu ildən Nəsimi rayon Dövlət Sığorta İdarəsində işə başlamışdır. Həmin idarədə xx.xx.1990-cı ildən iqtisadcı vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci madddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
19. Ərizəçi xx.xx.1984-cü il tarixində Nəsimi rayon Dövlət Sığorta İdarəsində mühasibatlıq vəzifəsində işə başlamışdır. xx.xx.1987-ci il tarixində həmin idarədə böyük iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.1990-cı ildən baş iqtisadçı vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar olunması ilə bağlı tutduğu vəzifədən azad edilmişdir.
20. Ərizəçi ərizəsində 1991-ci ilin yanvar ayından may ayına kimi öz hesabına məzuniyyətdə olduğunu, 1991-ci ilin may ayından 1996-cı ilin mart ayına kimi analıq məzuniyyətində olduğunu və hər iki məzuniyyəti ilə bağlı işlədiyi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müvafiq əmrlər verildiyini göstərir. Lakin hazırda həmin sənədlər Dövlət Sığorta Kommersiya Şirkətinin əmrlər qovluğunda tapılmır. Bu hal isə ərizəçinin özünün pensiya təminatının hesablanması üçün zəruridir.
21. Belə ki, ərizəçi iddia edir ki, 1991-ci ilin yanvar ayından may ayına kimi xəstəliklə bağlı öz hesabına məzuniyyətdə olmuşdur. Həmin ilin may ayından 1996-cı ilin mart ayına kimi analıq məzuniyyətində olmuş, 1-ci uşağı ilə bağlı analıq məzuniyyətində olduğu dövrdə 2-ci uşağı da dünyaya gəlmişdir və o, 1996-cı ilə qədər analıq məzuniyyətində olmuşdur. O, 1991-ci ilin oktyabr ayının 13-nə qədər dövlət qulluğunda olmuşdur. Onun 1991-ci ildən yanvarından oktyabrına qədər məzuniyyətində olmağı barədə əmrlər tapılmadığına görə dövlət qulluqçusu kimi ona hesablanan pensiya az olmuşdur.
22. Maraqlı şəxsin nümayəndəsi isə əvvəlcə iddiaya etirazlarında Ərizəçi xx.xx.2014-cü il tarixli qərar ilə xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin olunduğunu, pensiya təyinatı aparılan zaman xx.xx.1984-cü il tarixdən hüququ yarandığı tarixədək (xx.xx.2014) olan dövr sosial Sığorta stajı kimi nəzərə alındığını, bu səbəbdən 1991-ci ilin yanvar ayından oktyabrın 13-nə kimi xəstəlik və analıq məzuniyyətində olma faktının müəyyən olunması faktı ərizəçi üçün hər hansı hüquqi nəticə doğurmadığını göstərmişdir. Lakin sonradan maraqlı şəxsin nümayəndələri etiraf etmişlər ki, 1991-ci il yanvar ayından 1991-ci ilin oktyabr ayınadək olan müddətə dair ərizəçinin aldığı əmək haqqı müəyyən edilə bilmədiyindən onun orta aylıq əmək haqqı aşağı düşmüş və bunun nəticəsində əmək pensiyası yenidən hesablanmaqla daha aşağı məbləğdə müəyyən edilmişdir. Lakin yenə də maraqlı şəxsin nümayəndələri ərizəyə etiraz etmişlər və belə faktın məhkəmə qaydasında müəyyən edilməli olmamasını bildirmişlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
24. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
25. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
26. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. 309.1-ci maddəsinə əasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
28. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
29. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.
31. Həmin plennum qərarında həmçinin göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
33. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının:
34. 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
35. 4-cü bəndinə əsasən əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir.
36. Qanunvericiliyin yuxarıda sadalanan normalarından o qənaətə gəlinir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətlidir, belə ki, pensiya təminatı zamanı ərizəçinin əmlak hüquqlarının dəyişməsinə səbəb olan amildir. Eyni zamanda ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir, belə ki, şəxsin məzuniyyətdə olması müvafiq olaraq işə götürənin əmri, əmək kitabçasında qeyd, arxiv arayışı və.s sənədlərlə təsdiq edilə bilərdi, lakin işəgötürən tərəfindən işçinin həmin dövrdə harda olmasına dair, işə çıxıb-çıxmamasına dair, əmək haqqı alıb-almamasına dair sənəd təqdim edilməmişdir. Halbuki işçi əgər 10 ay ərzində səbəbsiz və ya əsassız olaraq işə çıxmamışdırsa, bu halda işəgötürən tərəfindən hər hansı hərəkət edilmiş, ən azından əmək münasibətlərinə xitam verilmiş olardı. Buna baxmayaraq işçi dövlət sığorta şirkəti ləğv edildikdən sonra belə, həmin müəssidə işçi kimi ştatda olmuşdur. Bundan başqa cavabdehin etirazının dəlilinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik məzuniyyətdə olma faktının müəyyən edilməsinə dair hər hansı qadağan edici norma müəyyən etməmiş, əksinə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayan hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinin mümkünlüyünü təsbit etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hüquq haqqında mübahisənin olması da işin halları ilə müəyyən edilmir, belə ki, digər şəxslərin həmin predmete dair hüquqlarının olması halı müəyyən edilmir.
37. Göründüyü kimi Ərizəçi dövlət qulluqçusu kimi pensiya alması üçün pensiyasının məbləğinin dövlət qulluğunun son 24 ayının hesabat cədvəli nəzərə alınmaqla hesablanmasına nail olmaq istəyir. Çünki 1991-ci ilin oktyabr ayına kimi məzuniyyətdə olsa da, ona 1989-cu ilin oktyabr ayından 1991-ci ilin oktyabr ayına dövlət qulluğunda fəaliyyəti nəzərə alınmaqla əmək pensiyası hesablanmışdır. Bu hal da, pensiya məbləğinin daha az hesablanmasına səbəb olmuşdur.
38. Belə ki, Ərizəçi 1991-ci ilin yanvarından məzuniyyətdə olduğu üçün əmək haqqı almadığından onun məzuniyyətdə olması faktı müəyyən olunduğu təqdirdə, həmin dövr hesabat cədvəlində nəzərə alınmayacaq. Hesabat cədvəlində 1991-ci ilin yanvar ayından məzuniyyətdə olmuşsa, 1988-ci ilin dekabr ayından 1990-cı ilin dekabr ayına olan dövr nəzərə alınacaq. Belə olan halda ona təyin olunan pensiya yenidən hesablanan zaman məbləğin artırılmasına səbəb olacaqdır.
39. Məhkəmə iclasında şahid qismində ifadə verən şəxslər-ərizəçinin həmin dövrdə olmuş iş yoldaşları konkret hadisələri sadalamaqla, xronoloji ardıcıllıqla mübahisənin həlli üçün əhəmiyyət daşıyan məqamlara aydınlıq gətirməklə həqiqətən Ərizəçi göstərilən dövr ərzində əmək fəaliyyətinin davam etməsinə, lakin işə çıxmamasına məhkəməni inandırmışdır. Həmçinin ərizəçinin 1991-ci ilin iyul ayında uşaq dünyaya gətirməsi də göstərilən məsələnin doğruluğunu sübut edir.
40. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
41. Göstərilən məqamlar nəzərə alınmaqla məhkəmə o qənaətə gəlir ki, ərizəçinin işlədiyi idarədə 1991-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayına kimi məzuniyyətdə olması faktı hüquqi əhəmiyyətli fakt olmaqla, məhkəmə iclasındakı şahid ifadələr və işin faktiki halları ilə sübut edilir. Eyni zamanda qeyd edilməlidir ki, məzuniyyət dövrünün hansı hissədə xəstəliyə görə məzuniyyəti, hansı hissədə analıq məzuniyyətini əhatə etməsi işin halları ilə tam təsdiq olunmasa da, hüquqi nəticə etibarı ilə ümumilikdə faktın müəyyən edilməsini istisna etmir. Tətbiq edilən prosessual normalar:
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
43. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
44. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;
46. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. 218.3-cü maddəsinə əsasə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Nəticə:
48. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 1991-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayının 13-nə kimi məzuniyyətdə (xəstəlik və analıq məzuniyyətində) olması faktı müəyyən edilməlidir.
49. Qeyd olanlara və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1991-ci ilin yanvar ayından 1991-ci ilin oktyabr ayının 13-nə kimi məzuniyyətdə (xəstəlik və analıq məzuniyyətində) olması faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev