Məhkəmə qərarları › İş №2(001)-4164/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4164/2020

27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4164/2020 27.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Həmin maddəyə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Hazırkı iddia tələbi cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı verilsə də, iddianın “xahiş edirəm” hissəsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı yönəlmiş tələbin nədən ibarət olması aydın deyil. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 qeydiyyat ünvanı kimi Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi, 202 göstərilsə də, bu xüsusatı təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məlum olan axırıncı yaşayış yeri haqqında məlumatın ona verilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin müraciətinə həmin məlumatın ona vətəndaşa hüquqi yardım göstərilməsi üçün lazım olduğunu təsdiq edən sənədlərin (müqavilənin və ya vəkilin oredirinin) surətini əlavə etmədiyindən, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən imtina məktubu almışdır. İmtinanın səbəbini nəzərə alaraq hesab edirəm ki, iddiaçının nümayəndəsinin müəyyən qaydalara riayət etməklə müraciət edildiyi halda zəruri sübutun müstəqil əldə etmək imkanı var. Belə olan halda hesab edirəm ki, iddia ərizəsinə Cavabdeh1 rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri Binəqədi rayonuna aid olmasını təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən və ikinci cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı yönələn tələb iddia ərizəsində göstərilmədiyindən, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar