Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4171/2023 08.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X1 arasında 7 saylı Bakı “ASAN Xidmət” X2 nikahın bağlanması haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeyd edilmiş 27 dekabr 2022-ci il tarixli nikahın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 7 saylı Bakı “ASAN Xidmət” X2 nikahın bağlanması haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeydiyyat aparılmaqla, şəhadətnamə verilmişdir. Lakin toyları olmamış, cavabdehlə evlənməmiş, ər-arvad münasibətləri olmamışdır. Qeyd edir ki, cavabdehin evinə gəlin köçməmiş, bir gün də olsun ailə kimi bir yerdə yaşamamış, bir-birlərini tanımadan, ətraflı araşdırma aparmadan nikah bağlamışlar. Sonradan anlamışdır ki, cavabdehin ailə qurmaq niyyəti yoxdur. Onların hərəkətlərindən görünür ki, nikahdan törəyən hüquq və vəzifələri yerinə yetirməkdən imtina etmiş, özlərini ailə üzvü kimi aparmamış, bu ailə münasibətlərinə ciddi yanaşmamış və yanaşmaq niyyətində olmamışlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə nikaha girməsi onun istəyi ilə olmamışdır. Cavabdehin valideynləri toylarının dekabr ayından da tez olmasını istəyirdilər. Lakin cavabdehin evi olmadığından toyun olmasına razı olmamışdır. O, cavabdehi tanımadan ətraflı araşdırmadan nikaha daxil olmuşdur. Çünki özü xaricdə təhsil almaq istəsə də, lakin valideynləri xaricdə təhsil almağına icazə vermirdilər. O, da bu səbəbdən iddiaçı ilə nikaha daxil olub, xaricdə yaşamaq istəmiş və orada təhsil almaq niyyətində olmuşdur. O, gələcək həyatını qurmaq üçün iddiamın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Aralarında olan nikahın etibarsız hesab edilməsinə etiraz etmir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
6. 7 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 dekabr 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 544163 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 27 dekabr 2022-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 727 nömrə ilə akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Bağırzadə” arvada “Bağırzadə” soyadı verilmişdir.
7. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 27 dekabr 2022-ci il tarixdə nikaha daxil olsalar da, nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Cavabdeh iddianı etiraf edərək, nikahın etibarsız sayılmasına etiraz etmədiyini bildirmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
9. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
10. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
11. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi , mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
12. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
13. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
14. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən ailə cəmiyyətin əsas özəyi olmaqla dövlətin xüsusi himayəsindədir.
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
16. 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır;
17. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır;
18. 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
19. Məhkəmə cavabdeh tərəfindən iddianın etiraf edilməsini qanuna uyğun hesab edir və o qənaətə gəlir ki, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tətbiq edilən prosessual normalar:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
21. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
24. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 27 dekabr 2022-ci il tarixdə 7 saylı Bakı “ASAN xidmət” X2 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 dekabr 2022-ci il tarixdə 7 saylı Bakı “ASAN xidmət” X2 bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 727 nömrə ilə qeyd edilmiş nikah bağlandığı gündən etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev