Məhkəmə qərarları › İş №2(001)-4194/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4194/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4194/2020 05.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı X6 və X8 ünvan 1 korpus 101 ünvanından istifadə hüquqlarına xitam verilməsi, onun həmin ünvandan passport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxx 2017-ci il tarixdə qeydiyyatda olduğu və hal-hazırda yaşadığı ünvandakı evi X4 almışdır. xx xxxxx 2017-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almışdır. X5 2011-ci il tarixində Cavabdeh ilə evləndikdə onları öz evinə qeydiyyata saldırmışdır. Sonradan 2017-ci il evini satmışdır. X17 öz şəxsi təşəbbüsü ilə ona demişdir ki, satıaln evin pulundan gəlini, oğlu və iki nəvə üçün pay ayırmasını xahiş etmişdir. Bülbülə kəndində onun həyətin köhnə tikili olmuşdur. Gəlininin atası təklif etdi ki, onun verəcəyi pulla həmin evi təmir etdirəcək ki gəlininin, nəvələrinin və oğlunun ayrıca evi olsun. O, 12 min manata yaxın pulu etimad edərək notarial qaydada təsdiqlənmədən ailə üzvlərinin şahidliyində pulu qudasına, gəlininə və oğluna vermişdir. Lakin sonradan Rəhimov Rüstəm öz şifahi vədinə əməl etməmiş, gəlini ilə nəvələrini həmin evə qeydiyyata saldırmamışdır. O, məcbur olaraq övladları və nəvələri şəxsiyyət vəsiqəsiz qalmasınlar deyə yeni ünvana onları qeydiyyata saldırmışdır. Belə çıxr ki,Rüstəm onun pulu ilə öz həyətindəki evi təmir etdirmişdir. Hər dəfə evin nəvələrinin və qızının olduğunu desə də, onları qeydiyyata salmaqdan boyun qaçırır. Lakin rəsmi sənəd olmadan şifahi danışılan bu ifadələrin heç bir hüquqi qüvvəsi yoxdur. Nəvəsi X1 qəsəbəsində məktəbə gedir. X3 qəsəbəsində uşaq bağçasında gedir.Heç vaxt Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 101, mənzil 90 ünvanında yaşamamışlar.Cavabdeh onun mülkiyyət hüquqlarını pozur. 3 ildən artıqdır ki, onun yaşamadığı ünvanda əvəzinə kommunal ödəişlər edir. xx.xx.2020-ci il tarixində Binəqədi RPİ-nə cavabdehin qeydiyyatdan çıxrılması üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2020-ci il tarixində bunun yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mümkün olacağı barədə yazılı cavab verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh 8 ildir ki onun gəlinidir. Onlar Bülbülə qəsəbəsində yaşayırlar. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 101, 90 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına torpaq sahəsindən 170.0 kv.m və A tikilisindən 69,2 kv.m payda daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilən 369 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 101, 90 saylı mənzildə İddiaçı, X9, X16, X11, Cavabdeh, X12 qeydiyyatdadırlar. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 101, 90 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh 2011-ci ildə iddiaçının gəlini olmuş, 2017-ci ildə mübahisəli mənzilə qeydiyyata salınmışdır. Cavabdehin əvvəllər həmin mənzildə yaşaması işin halları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin mümkünlüyü məsələsinə hüquqi qiymət verilməzdən əvvəl, cavabdehin həmin mənzilə münasibətdə hazırda istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının 2011ci ildən gəlinidir, mübahisəli mənzil 2017-ci ildə iddiaçının mülkiyyətinə keçmişdir, lakin cavabdeh həmin mənzildə heç vaxt yaşamamış və formal olaraq iddiaçının razılığı ilə qeydiyyata alınmışdır. Bu faktı iddiaçı iddia ərizəsində özü etiraf etmişdir. Odur ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2017-ci ildə yaranmışdır. Həmin dövr üçün yaşayış sahəsindən istifadə hüququnu tənzilməyən Mülki Məcəllənin 228-ci maddəsi və Mənzil Məcəlləsinin 30-cu maddəsi qüvvədə olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228-ci maddəsində və buna uyğun olaraq Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvləri, “birgə yaşayan ailə üzvləri”,“digər ailə üzvləri” və "digər şəxslər" prizmasından yanaşılır və Mülki Məcəllənin və Konstitusiya Məhkəməsinin bununla bağlı müvafiq qərarlarında formalaşmış mövqe ondan ibarətdir ki, həmin Məcəllənin 228.1-ci, 228.2-ci və 228.5-ci maddəsinin tələblərinə əsasən “digər şəxslər”,”digər ailə üzvləri” yaşayış sahəsindən istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Cavabdehin iddiaçının gəlini olduğunu nəzərə alarsaq onun mülkiyyətçiyə münasibətdə "digər ailə üzvü" və ya “digər şəxs” kimi qiymətləndirmək mümkündür. Lakin bu halda onun həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşma və( və ya) bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma mövcud olmamışdır. O cümlədən istifadə hüququnun əmələ gəlməsinin təməl şərtlərindən birinin şəxsin yaşayış sahəsinə olan ehtiyacının mülkiyyətçinin evindən istifadə etməklə qarşılanmasının olduğunu nəzərə alarsaq, cavabdeh həmin mənzildə yaşamadığından və sadəcə olaraq formal olaraq qeydiyyata düşdüyündən istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçının gəlini “digər qohumlar” ifadəsinin təsir altına düşmür. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Plenum qərında qeyd edilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu baxımdan mülkiyyət hüququnun elementlərinin, xüsusi ilə də istifadə hüququnun məzmununun açıqlanması vacibdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir.Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi).Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Plenum qərarında məhkəmə həmçinin qeyd etmişdir ki, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ ( yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə) iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır.Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlmişdir: - Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər; Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını və ya mövcud olmasını nə Mülki Məcəllənin 228-ci, nə də Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından sübuta yetirə bilmədiyindən, habelə cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onun həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də hüquqi baxımdan mümkünsüz olduğundan iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası Cavabdeh həmin mənzildən istifadə hüququnun olmaması səbəbindən rədd edilməlidir. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar