Məhkəmə qərarları › İş №2(001)-4199/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4199/2024

07.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4199/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 ilə X1 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 11-ci sıra, 39-da yerləşən evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 01 sentyabr 2000-ci il tarixdən qüvvədən olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Eyni zamanda, 01 mart 1965-ci il tarixdə qüvvəyə minmiş əvvəlki Mülki Məcəllənin 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları o zaman müəyyən edə bilər ki, həmin faktların qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmasın. Lakin, mülki qanunvericilikdə daşınmaz əmlakın alqı-satqı müqavilələrinin notariat qaydasında təsdiqlənməsi nəzərdə tutulduğundan, ərizəçinin xahişinə əsasən daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 114.1. və 114.1.2-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, ərizənin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir. Eyni zamanda, ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsi cəlb edilməklə) “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilməlidir ki, daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin bağlanmasının hüquqi əhəmiyyəti olan fakt kimi tanınması yolverilməzdir. Ərizəçi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024cü il tarixdə, ********** nömrə ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar