Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-42/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı torpaq sahəsinin cavabdehin istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı torpaq sahəsinin cavabdehin istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu X7 tərəfindən 13 dekabr 2006-cı il tarixdə 1990 nömrəli sərəncam ilə İddiaçı adına və istifadəsinə 300 kv.m. torpaq sahəsi verilmişdir. Cavabdeh Şirkəti iddiaçıya verilmiş torpaq sahəsini zəbt edib, daş hasar çəkib və iddiaçının torpaq sahəsindən istifadə etməyinə icazə vermir, ərazinin onların olduğunu bildirir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, 2006-cı ildə torpaq sahəsinin alınması məqsədilə Bakı şəhəri Binəqədi rayonu X4 müraciət etmiş, torpaq sahəsinin dəyərini ödəmiş və xx.xx.2006-cı il tarixdə müvafiq sərəncam əsasında torpaq sahəsinə dair sahiblik və ondan istifadə hüquqları onun adına keçirilmişdir. Özü müəllim adamdır, dərhal ayrılmış torpaq sahəsində ev tikmək imkanı olmamış, ev tikmək istədikdə isə müəyyən etmişdir ki, torpaq sahəsi Cavabdeh Şirkəti tərəfindən hasarlanıb və ora heç daxil olmuq mümkün deyil. Bununla əlaqədar Bələdiyyəyə müraciət etsə də, bələdiyyədə onu əmin etmişlər ki, sənədləri qaydasındadır, həmin torpaq sahəsi ona aiddir və Cavabdeh Şirkətinin həmin torpaq sahəsinə hər hansı hüquqları yoxdur. Buna baxmayaraq onun hüquqları illərdir cavabdeh tərəfindən pozulur və məhkəmə qaydasında bərpa edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X10 izahatında məhkəməyə bildirdi ki, hazırkı iş üzrə alınmış ekspert rəyindən göründüyü kimi, mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aid deyil və Bakı şəhəri Binəqədi rayonu X2 həmin torpaq sahəsinə dair sərəncam verməsi qanuni hesab edilə bilməz. Torpaq sahəsi dövlət mülkiyyətindədir və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə Cavabdeh Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisinə aiddir. Həmin ərazidə işlək quyular var və orada yaşayış evinin tikintisi mümkün deyil. Bu vətəndaşın həyatı və sağlamlığı üçün təhlükəlidir. Belə olan halda iddia ərizəsinin təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X7 məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu X2 nümayəndəsi X8 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddiaçıya alternativ torpaq sahəsinin verilməsi məsələsi müzakirə predmeti ola bilər. Mübahisənin məhkəmədən kənar həll edilməsinə şərait yaradılması məqsədilə məhkəmə baxış iclası təxirə salınmış, lakin iddiaçının sözlərinə görə, Bakı şəhəri Binəqədi rayonu X7 tərəfindən ona hər hansı alternativ təklif irəli sürülməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X2 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 1990 saylı Sərəncamından görünür ki, həmin sərəncamla X2 ərazi hüdudlarında Bakı şəhəri sakinləri X6 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 kv.m. torpaq sahəsinə sahiblik və istifadə hüquqlarının İddiaçı adına keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu X2 İddiaçı müraciətinə verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... X2 xx.xx.2006-cı il tarixli, 1990 saylı Sərəncamı ilə Sizin adınıza rəsmiləşdirilmiş 300 kv.m. torpaq sahəsi bələdiyyə üzvlərinin kollegiyal müzakirəsi əsasında qəbul edilmiş qərarla həyata keçirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsində torpaq sahələrinin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növü olduğu bildirilərək bütün mülkiyyət növlərinin dövlət tərəfindən qorunduğu bildirilir. Sizin mülkiyyətinizə ayrılmış torpaq sahəsinə verilmiş sərəncamın ləğvi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Əlavə olaraq bildirilir ki, Cavabdeh Şirkəti özəl şirkət kimi SOCAR neft şirkəti ilə (cənab Prezidentin fərmanı əsasında) saziş imzalayaraq neft sənayesində kəşfiyyat axtarış işlərini həyata keçirsə də, kompaniyanın mülkiyyətində hər hansı formada torpaq sahəsi yoxdur”. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-2136/2022 saylı qərarından görünür ki, iddiaçı 17 noyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi qəsəbə X1 istifadəsinə 300 kv.m. torpaq sahəsinin ayrılması haqqında 1109 saylı, 02 avqust 2006-ci il tarixli qərarının və həmin torpaq sahəsinin 300 kv.m İddiaçı adına və istifadəsinə verilməsi haqqında 1990 saylı, 13 dekabr 2006-cı il tarixli sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/4151 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla göstərilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oyl). Sahə ümumi hasar daxilindədir. Sahədən 40-80 metr məsafədə faəliyyətdə olan və fəaliyyətdə olmayan neft quyusu barədə məlumat mövcuddur. Sahə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir”. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X18.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayonu X7 tərəfindən xx.xx.2006-cı il tarixli, 1990 saylı Sərəncamla İddiaçı sahiblik və istifadəsinə dövlət mülkiyyətində olan torpaq sahəsi verilmiş və həmin dövrdə artıq “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X18.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu qanuni qüvvəsini almışdır. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olsa idi belə, Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə Cavabdeh Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisinə düşən torpaq sahəsinin bələdiyyə tərəfindən xx.xx.2006-cı il tarixdə fərdi yaşayış evinin tikintisi üçün vətəndaşın “sahiblik və istifadəsinə verilməsi” ağlabatan deyil. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə görə, elektrik, rabitə, neft-qaz və nəqliyyat xəttləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə müvafiq olaraq, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa fiziki və hüquqi şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər komunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə bələdiyyə hərrac və müsabiqənin keçirilməsi məqsədi ilə torpaq üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını və ya əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarında aşağıdakılar göstərilmişdir: “ ... Neftqazçıxarma sənayesində texnogen xarakterli hadisələrin növləri aşağıdakılardır: quyuların qazılması, istismarı və təmiri zamanı neftin və qazın gözlənilmədən tullanışı (açıq fontanlar); neft və qazın hasilatı və hazıırlanması obyektlərinin, mədəndaxili boru kəmərlərinin tamamilə, yaxud qismən dağılması və bunun nəticəsində neftin və təbii qazın (səmt qazının) ətraf mühitə axıb yayılması. ... Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. ... Fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular; neftin çıxarılması üçün A və B kateqoriyalı bina və qurğularla (ölçmə qurğusu, separator qurğusu, nasos stansiyası, kompressor stansiyası, neftin hazırlanma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və s.) yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasında minimum məsafə 300 metr olmalıdır”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yaşayış evlərinin tikilməsi üçün vətəndaşlara ayrılmış torpaq sahələri ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Belə ki, bir çox hallarda vətəndaşlar ömür boyu işləyib çalışmaqla həmin torpaq sahəsini əldə edir, orada özlərinin və ya uşaqlarının ailə qurduqdan sonra yaşamaları üçün ev tikməyi düşünür, gələcək planlarını buna görə qurur. Hazırkı işin hallarından göründüyü kimi, İddiaçı bunun üçün əsaslı olaraq səlahiyyətli hesab etdiyi Bakı şəhəri Binəqədi rayonu X4 ərizə ilə müraciət etmiş və ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İddiaçının ona məhz fərdi yaşayış evinin tikintisi üşün ayrılmış torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olub-olmamasını, orada neft-qaz əməliyyatlarının aparılıb-aparılmamasını yoxlamaq kimi imkanı olmamış, həmçinin vətəndaşın üzərinə bu kimi öhdəliklərin qoyulması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Qeyd olunanlar birmənalı olaraq fərdi yaşayış evinin tikintisi üçün vətəndaşa torpaq sahəsi ayırmış bələdiyyənin vəzifəsi idi. Bununla belə hazırkı vəziyyətdə insanın yaşamaq və sağlamlıq hüququ daha önəmli hüquqlar olaraq önə çıxır. Belə ki, həyat yoxdursa, insan yaşamırsa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Potensial təhlükəli ərazidə yaşayış evinin mövcudluğu, həmin evdə yaşayanlar üçün daim yaşamaq hüququnun pozulması ilə bağlı riski şərtləndirir. Dövlət vətəndaşların həyat və sağlamlıq hüququnun mühafizəsinə görə məsuliyyət daşıyır. Ona görə də, vətəndaşların həyat üçün təhlükəli ərazidə yaşamasının qarşısını almalıdır. “X12rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X9rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116). “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş üzrə Cavabdeh Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisinə düşdüyü və torpaq sahəsindən 40-80 metr aralıqda faəliyyətdə olan və fəaliyyətdə olmayan, lazımi qaydada konservləşdirilməmiş neft quyuları olduğu təqdirdə, torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə qaytarılması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Ona görə də, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı torpaq sahəsinin cavabdehin istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı torpaq sahəsinin cavabdehin istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-42/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-42/2024
11.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver