Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4219/2020 25.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi xx.xx.1935-ci il təvəllüdlü X5 qardaşı olması faktı və qardaşından miras qalan əşyalara tərəfindən sahiblik və əmlakı idarə etməyə faktiki olaraq başlama faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 20 saylı Notariat ofisini qeyd etməklə, xx.xx.1935-ci il təvəllüdlü X5 onun qardaşı olması faktı və qardaşından miras qalan əşyalara tərəfindən sahiblik və əmlakı idarə etməyə faktiki olaraq başlama faktının müəyyən olunması barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1948-ci ildə, qardaşı X12 isə xx.xx.1935-ci il tarixdə Şuşa şəhərində anandan olmuşlar. X12 xx.xx.2019-cu il tarixdə ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Ərizəçinin qardaşı ailə qurmamış, tənha olduğundan ona vəfat edənə kimi ərizəçi qulluq etmişdir. Ataları X2 1986-cı il tarixdə, anaları X6 isə 1992-ci ildə vəfat etmişdir. Ərizəçi qardaşının vəfatından sonra onun yaşadığı evə sahiblik edərək idarə etmişdir. Bü günkü günə kimi kommunal və digər ödənişlərin ödənilməsi ərizəçi tərəfindən həyata keçirilir. Qardaşının yaşadığı fərdi yaşayış evində ərizəçinin anasından qalma xalça var idi. Ərizəçinin anası rəhmətə gedərkən həmin xalçanı X8 vəsiyyət etmişdir. Həmin xalça qardaşının ölümündən sonra ərizəçinin faktiki olaraq istifadəsindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında göstərdi ki, qardaşı ailə qurmadığından ona həmişə ərizəçi baxıb, qulluq edib. Onlar bir həyətdə yaşayıblar. Qardaşının sağlığında ərizəçi özünə məxsus müəyyən pul məbləğini qardaşı X5 adına açdığı bank hesabına qoymuşdur. Özləri Şuşa şəhərindən olduqlarına görə, doğum haqqında şəhadətnamələri yoxdur və ona görə də, X5 onun qardaşı olmasını təsdiq edən hər hansı sənəd hal-hazırda mövcud deyil. Bu da ona qardaşından sonra mirasın qəbul edilməsinə maneələr törədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şuşa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx xxxxxx 1948-ci il tarixdə doğulmuş, atası X2, anası isə X3r. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X1 Nailə Xəlil qızı ilə xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada Rüstəmova soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2019cu il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: “ ... Sizin xx.xx.2019-cu ildə vəfat etmiş qardaşınız - X5 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizənizə baxılmışdır. Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən bildiririk ki, müddətin ötürülməsi və qohumluq münasibətlərini təsdiq edən sənədlərim (mərhum X5 və sizin doğum haqqında şəhadətnamələrin) təqdim edə bilməməsi səbəbindən sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası və qohumluq münasibətlərinin təsdiq olunması ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə olunur”. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, ərizəçi onun anası, X12 isə dayısıdır. Dayısı ailə qurmamış və onlarla bir həyətdə yaşayırdı. xx.xx.2019-cu il tarixdə dayısı vəfat etmişdir. Anası dayısı öləndən sonra onun əmlakını faktiki qəbul etmiş və idarə etmişdir. Lakin anası və dayısının doğum haqqında şəhadətnamələrini təqdim etmək mümkün olmadığından, sənədləşmədə maneələr yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, ərizəçi onun anası, X12 isə dayısıdır. Dayısı ailə qurmamış və onlarla bir həyətdə yaşayırdı. Dayısına anası baxırdı və dayısı ölən gündən onun əmlakını idarə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur”. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə ərizənin “... qardaşımdan miras qalan əşyalara tərəfimdən sahiblik və əmlakı idarə etməyə faktik başlama faktının müəyyən edilməsi” hissəsinə münasibət bildirərək qeyd edri ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndində aşağıdakılar göstərilmişdir: “Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1935-ci il tarixdə doğulmuş və xx.xx.2019-cu il tarixdə ölmüş X5 Ərizəçi qardaşı olması faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1935-ci il tarixdə doğulmuş və xx.xx.2019-cu il tarixdə ölmüş X5 Ərizəçi qardaşı olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-4219/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4219/2020
25.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver