Məhkəmə qərarları › İş №2(001)-4226/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4226/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4226/2021 22.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, M.Cəlal küçəsi, 89 saylı evin 24 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 89 saylı evin 29-cu mənzilini mənzilin mülkiyyətçisi olmuş X1 notariat kontorunda bağlanmış 02 iyun 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzilin alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına 10 iyun 2011-ci il tarixli, qeydə alma nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən, qeyd olunan yaşayış sahəsi onun xüsusi mülkiyyətinə keçmişdir. Satıcı mənzili ona satdıqdan sonra oranı faktiki olaraq onun sərəncamına vermişdir. O da həmin mənzilə köçüb orada ailə üzvləri ilə birlikdə yaşamış və hazırda da yaşamaqdadır. Satıcı ilə onun arasında olan 02 iyun 201-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq edildikdən sonra 1 ay müddətində satdığı mənzildən qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, satıcının özünün mənzildən qeydiyyatdan çıxmasına baxmayaraq satıcının ailə üzvü Cavabdeh mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda cavabdehin də əvəzinə kommunal xidmət haqqlarını ödəmək onun üçün maddi çətinliklər yaradır. O cavabdehin faktiki yaşayış yerini bilmir, harada yaşaması ona məlum deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 10 iyun 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ərizə təqdim edərək növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 02 iyun 2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin 24 nömrəli mənzili satıcı X3 qızı tərəfindən alıcı İddiaçı satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Həmin müqaviləyə əsasən satıcı müqavilə notariat qaydasında təsdiq edildikdən 1 ay müddətində satdığı mənzildən pasport qeydiyyatında olanların pasport qeydiyyatından çıxarılmasını öz üzərinə öhdəsinə götürmüşdür; Notariat işinə əlavə edilmiş Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzilin satılmasına etiraz etməmişdir; MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin 24 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 27 aprel 2021-ci il tarixli arayışından görünür ki, digər şəxslərlə yanaşı Cavabdeh da ünvan 1 ünvanında qeydiyyatdadır; 29 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin 24 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edildi ki, cavabdeh həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq hazırda həmin mənzildə yaşamır, eyni zamanda cavabdeh həmin mənzilin satılmasına da etiraz etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olması, sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Ona görə də məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin 24 nömrəli mənzilinə istifadə hüququna xitam verilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 89 nömrəli evin 24 nömrəli mənzilinə istifadə hüququna xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar