Məhkəmə qərarları › İş №2(001)-4251/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4251/2025

23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4251/2025 23.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Kirov XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 saylı Qərarında adının “Qənirə” əvəzinə, səhvən “Kalira” yazılması faktının müəyyən edilməsi və Kirov XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 saylı qərarının ona- Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən ərizəyə həmin sənədi verən təşkilatdan (hazırki Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti) sənəddə baş vermiş yanlışlığın aradan qaldırılmasından imtina alınması və ya bunun mümkün olmaması ilə bağlı ona cavab verilməsi barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Eyni zamanda onu da qeyd edirəm ki, ərizəçi sənədin ona məxsus olması faktı ilə yanaşı, Kirov XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6 saylı Qərarında adının “Qənirə” əvəzinə, səhvən “Kalira” yazılması faktının müəyyən edilməsini xahiş etmiş olsa da, lakin qanunvericilikdə həmin faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; -152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; -152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264 maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi (maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o, məhkəməyə müraciət etməmişdən öncə hüquqmüəyyənedici sənədi verən təşkilat (hazırki Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti) tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina almalı, yaxud ona həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməli və daha sonra sənədin həmin şəxsə məxsus olması barədə hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə ümumi qaydada məhkəməyə müraciət edilməlidir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar