Məhkəmə qərarları › İş №2(001)-4273/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4273/2020

28.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4273/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 316/K saylı əmrin qəbul edilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndini göstərmişdir (əmək müqaviləsinin müddətinin qurtarması). Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə müddətsiz sayılır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci bəndinin tələbinə görə, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 3-cü bəndinə görə, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Tərəflər arasında bağlanmış əmək müqaviləsində əmək müqaviləsi müddətli qeyd olunsa da, müqavilənin hansı müddətədək bağlandığı göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda vəkil məhkəməyə bildirdiki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək müqaviləsindən göründüyü kimi, həmin müqavilə ilkin olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada doldurulmamış, cavabdeh tərəfindən lazım olan məlumatlar sonradan – iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra əlavə edilmişdir. Əmək müqaviləsində ilkin olaraq hansı müddətə bağlandığı göstərilmədiyindən, həmin müqavilə müddətli hesab edilə bilməz və belə olan halda iddiaçının əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən çıxarılması əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, o, Cavabdeh MMC-də Satış üzrə nümayəndə vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdə işə başlamışdır. Onunla əmək müqaviləsi bağlanarkən ona müqavilənin bir surəti verilməmişdir. Əmək müqaviləsinin surətini o, məhkəmə prosesi başlanandan sonra vəkili vasitəsi ilə Cavabdeh MMC-nin işçisi - Yasər adlı şəxsdən almışdır. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəməyə sənədləri təqdim edəndən sonra ona aydın olmuşdur ki, onda olan müqavilə ilə cavabdeh tərəfindən təqdim olunmuş müqavilə arasında ciddi uyğunsuzluq var. Məhkəmə iclasında iştirak edənCavabdeh MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, onunla əmək müqaviləsi ilkin olaraq 3 ay müddətinə: xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanmış və sonradan müqavilənin müddəti hər üç ay avtomatik olaraq uzadılmışdır. Müqavilə avtomatik olaraq uzadılarkən iddiaçı ilə yenidən hər hansı müqavilənin bağlanmasına və ya onun xəbərdar edilməsinə ehtiyac yox idi. Müqavilə bağlanılarkən müvafiq məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilmiş və həmin sistemdən çıxarışdan görünür ki, müqavilə müddətlidir və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək bağlanılmışdır. İddiaçının təqdim etdiyi əmrdən çıxarışda tarix olaraq xx.xx.2020-ci il göstərilmişdir. Bu texniki səhvdir və işəgötürən tərəfindən düzəldilib. İddiaçıda müqavilənin hansı müddətə bağlanmılması göstərilməyən əmək müqaviləsinin olmasına gəldikdə, ola bilsin ki,müqavilə iddiaçının özü tərəfindən saxtalaşdırılıb və ya bu da texniki səhvdir, lakin əsas odur ki, doğru məlumatlar sistemə yerləşdirilmişdir. İddiaçıya müqavilə bağlanarkən müqavilənin bir nüsxəsinin verilib-verilməməsi barədə məlumatı yoxdur. Amma hər bir halda müqavilənin bir nüsxəsini tələb etmək işçinin özünün vəzifəsi idi. Tələb etməyibsə onun səhvidir. Əmək müqaviləsinin onda olan nüsxəsinin iddiaçı tərəfindən Cavabdeh MMC-nin Yasər adlı işçisindən alınmasına gəldikdə, MMC-nin Yasər adında işçisi var, lakin həmin işçinin vətəndaşa hər hansı sənəd verib-verməməsindən məlumatı yoxdur. Bundan əlavə, iddiaçı cavabdeh şirkətdə Satış üzrə nümayəndə vəzifəsində işləyib və onun iş funksiyaları daimi xarakter daşımayıb və ona görə də, onunla müddətsiz əmək müqaviləsinin bağlanması üçün heç bir əsas yox idi. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə eyni gündə iki fərqli əmək müqaviləsi təqdim edilmiş: iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsinin surətində yalnız kompyuter vasitəsilə çap olunmuş məlumatlar, cavabdeh tərəfindən təqdim olunmuş eyni müqavilənin Cavabdeh MMC tərəfindən təsdiq olunmuş surətində isə əlyazma ilə icra edilmiş əlavə məlumatlar da mövcuddur. İddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsində müqavilənin müddətli olması qeyd olunsa da, müqavilənin hansı müddətə bağlanması qeyd olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş nüsxədə isə əlyazma ilə müqavilənin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 ay müddətinə bağlanması göstərilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan və onun tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh MMC-nin 316/K saylı əmrdən çıxarışının əsli xx.xx.2020-ci il tarixli (xx.xx.2020-ci il tarixdə tərtib edilmiş), cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş eyni çıxarışın əsli isə xx.xx.2020-ci il tarixlidir (xx.xx.2020-ci il tarixdə tərtib edilmiş). Məhkəmə hesab edir ki, əmrdən çıxarış işçiyə dəqiq və düzgün, əmrdə qeyd edilənlərə uyğun tərtib edilmiş formada verilməli idi. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. İş materiallarından göründyü kimi, tərəflər arasında bağlanmış Əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada - Cavabdeh MMC-nin qanuni təmsilçisi X5 tərəfindən imzalansa da, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020ci il tarixli, 316/K saylı əmri əmrdən çıxarışdan vəzifəsi aydın olmayan Araz Əliyev tərəfindən imzanın qabağından xətt çəkilməklə imzalanmışdır. Halbuki, həmin şəxsin əmək müqaviləsinə xitam verilməsinə dair əmri təkbaşına imzalamağa səlahiyyətli olubolmaması məsələsi kənara qoyulsa belə, sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qanunvericiliklə qadağan edilib. Məhkəmə bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin surətindən görünür ki, həmin əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 əvvəl həmin müqavilənin iddiaçı tərəfindən saxtalaşdırılmasını iddia etdi, sonra isə ehtimal etdi ki, əmək müqaviləsində məlumatların tam qeyd olunmaması texniki səhvdir və hər bir halda məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sisteminə vaxtında və düzgün formada yerləşdirilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin nüsxəsində əlavə məlumatların əlyazma ilə boş bəndlərə yazılması, müqavilədə qeyd olunan digər, mübahisə doğurmayan məlumatların isə hər iki müqavilədə kompyuter vasitəsilə yazılması və identik olması, məhkəmədə cavabdeh tərəfindən təqdim olunmuş nüsxənin həqiqiliyndə şübhə yaradır. İddiaçının müqaviləni saxtalaşdırmaq kimi niyyəti olsa idi, müqavilədə müqavilənin müddətli bağlanması bəndində də müəyyən dəyişikliklər edə bilərdi. Bununla yanaşı məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi X1 işçinin onunla əmək müqaviləsi bağlanarkən müqavilənin bir nüsxəsini alıb-almamasının işəgötürənin deyil, işçinin vəzifəsi olması barədə dəlilləri ilə də razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Məhkəmə hesab edir ki, işəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olaraq eyni zamanda təşkilati-sərəncamverici səlahiyyətlərə malik olduğundan, əmək müqaviləsi bağlanarkən və müqaviləyə xitam verilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydaların gözlənilməsi üçün işçiyə nisbətən daha çox məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir. “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynalxalq Pakt”-ın 7-ci maddəsinin 1-ci abzası və 3-cü bəndin müddalarından görünür ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraiti hüququnu tanıyır, o cümlədən hamının yalnız iş stajı və istisas səviyyəsi əsasında daha yüksək vəzifələrə irəli çəkilmək üçün eyni şərati imkanı tanıyır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsi bir dаhа vurğulаmışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-nin X3 üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli, 316/K saylı əmri ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə “Satış üzrə nümayəndə” vəzifəsinə bərpa edilməli, xx xxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-nin X3 üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2020-ci il tarixli, 316/K saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə “Satış üzrə nümayəndə” vəzifəsinə bərpa edilsin. xx xxxx 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar