Məhkəmə qərarları › İş №2(001)-4279/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4279/2020

28.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4279/2020 28.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış hüququ tanınmaqla, mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına yaşayış hüququnun tanımaqla köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1976-cı il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, erməni təcavüzü nəticəsində 1988-ci ildən qaçqın düşmüş və həmin vaxtdan Bakı şəhərinə köçərək burda yaşamışdır. Rəhmətlik atası ünvan 1 ünvanını alqı-satqı yolu ilə alaraq həmin tarixdən qeyd edilən ünvanda yaşamışdır. Fərdi yaşayış evi kiçik olduğundan həmin ərazidə əlavə olaraq o, 2007-ci il tarixdə 2 otaq tikdirmişdir ki, həmin otaqlardan istifadə edə bilsin. 2007-ci il tarixdən 2013-cü il tarixə kimi tikdirdiyi 2 otaqdan istifadə edərək sahiblik etmişdir. Lakin anası qardaşlarının sözü ilə onu ona məxsus fərdi yaşayış evindən məcburən çıxarmış və o, məcburiyyət qarşısında qalaraq kirayə yaşamağa başlamışdır. 2017-ci il tarixdə maddi vəziyyəti zəiflədiyindən yenidən öz tikdirdiyi evində yaşamağa başlamışdır. Bir müddət yaşadıqdan sonra yenidən qardaşlarının sözü ilə anası onu yola verməmiş və o, yenidən məcburiyyətdən kirayə yaşamağa qərar vermişdir. Son zamanlar mövcud pandemiya ilə əlaqədar maddi vəziyyəti pisləşdiyindən və kirayə haqqını ödəyə bilmədiyindən ev yiyəsi onu qaldığı evdən çıxarmışdır. Hazırda tanışının evinə sığınmışdır və başqa qalmağa da evi yoxdur. Odur ki, atasının evinə bitişik tikdirdiyi 2 otaqlı fərdi yaşayış evinə köçərək yaşamaq qərarına gəlmiş, bu səbəbdən öz evinə getmiş lakin, anası onu qardaşlarının sözü ilə yenə evə buraxmamışdır. Atasının evinə bitişik 2 otaqlı fərdi yaşayış evinə köçərək yaşamağının təmin olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda qalmağa yerinin olmamasını və tənha qadın olaraq heç kimin evinə sığına bilməməyini nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, ünvan 1 onun anasına yəni, cavabdehə məxsusdur. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçı onun doğma qızıdır və qızı ona məxsus olan ünvan 1 ünvanına köçüb yaşaya bilər. Qızının onun evində yaşamasına dair hər hansı bir etirazı yoxdur. Belə ki, evin dövlət reyestrindən çıxarışıonun adınadır. Ona görə də iddianın təmin edilməsinə etirazı etmir. Hazırki məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı etiraf etdiyini nəzərə alıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx xxxxxx 1976-cı il tarixdə Quqark rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, ev 131-dir. AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx xxxxxx 1940-cı il tarixdə Quqark rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, ev 131-dir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından olan çıxarışdan görünür ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, 131 saylı evin mülkiyyətiçi Cavabdehdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-cu maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Eyni zamanda, Azərbaycan Respublikası Məznil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, ev 131 cavabdehin mülkiyyətindədir. İddiaçı həmin mənzlidə yaşamış, lakin sonradan cavabdeh onu həmin mənzildən məcburən çıxarmışdır. Hazırda iddiaçı həmin mənzilə köçürülməyini, cavabdeh isə buna etiraz etmədiyini bildirir. Yuxarıda istinad edilən qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının da cavabdehlə birlikdə sonuncuya məxsus Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, 1-cı sıra, ev 131-dən istifadə etmək hüququ vardır. Odur ki, məhkəmə, qeyd olunanları və cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına köçürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar