Məhkəmə qərarları › İş №2(001)-4280/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4280/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4280/2021 29.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 21.04.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların bir uşaqları doğulmuşdur. Son 2-3 ildən artıq müddətdir ki, cavabdehlə münasibətlərində gərginlik yaranmış, faktiki olaraq ayrılmışlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hal-hazırda iddiaçı anasının evində yaşayır. Anasının evində iddiaçının qardaşı ailəsi ilə, anası, iddiaçı və azyaşlı övladı yaşayır. Ona görə də, o, uşağı ilə birlikdə evinə köçürülməsi barədə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Cavabdeh nümayəndəsi və vəkili X6 iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı özü və övladı 25.07.2010-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tamamilə əsassızdır və təmin olunmamalıdır. Belə ki, sözügedən yaşayış evi iddiaçının qardaşı X8 tərəfindən tikilmiş və evin bütün sənədləri onun adınadır. Xocəsən Bələdiyyəsi tərəfindən 28 iyun 2005-ci il tarixli 13/01 saylı qərarla X1 adına fərdi yaşayış evinin tikintisi təyinatı ilə alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında 600 kv.m torpaq sahəsi ayrılmışdır. X8 bələdiyyəyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək 28 iyun 2005-ci il tarixli 13/01 saylı qərarın öz aralarında qarşılıqlı razılaşmaya əsasən həmin qərarın 1-ci bəndində dəyişiklik edilərək onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticə etibarı ilə Bələdiyyənin 06.09.2016-cı il tarixli qərarı ilə sözügedən torpaq sahəsi Ş.Qəmbərovun adına rəsmiləşdirilmişdir. Bundan sonra Ş.Qəmbərov tərəfindən həmin torpaq sahəsində mübahisəli ev tikilməyə başlamışdır. Bu mənada iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququ və hazırkı cavabdehə qarşı tələbetmə hüququ yoxdur. Cavabdehin qardaşı iddiaçı ilə birbaşa öhdəlik münasibətlərində olmamış və cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması sübut olunmur. Belə ki, mübahisəli evin mülkiyyətçisi cavabdeh deyil, iddiaçının qayınıdır, gəlin və qayın isə bir-birilərinin ailə üzvü sayılmır və bir-biriləri qarşısında aliment öhdəlikləri daşımırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda məhkəməyə bildirdi ki, X4 adına olan sənədlərin legitimliyi onda şübhə doğuru. Belə ki, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 06.07.2021-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, X4 mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsinin ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında bələdiyyədə mövcud olan elektron bazada heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, mübahisəli evin qayınına heç bir aidiyyəti yoxdur. O özü həmin torpaq sahəsi ilə bağlı bütün mübahisələrin şahidi olub. Belə ki, qayınanası həmin torpaq sahəsini Vüsalə adında şəxsdən almış, lakin torpaq sahəsinin sənədləşməsində müəyyən problemlər yaranmışdır. Ondan sonra qayınanası sənədləşmə məsələlərini bələdiyyədə həll etmişdir. Torpaq sahəsini X8 almayıb və ev onun tərəfindən tikilməyib. Onun cehiz əşyaları hələ də həmin evdədir. O, həmin evə sonradan - cavabdehlə aralarındakı rəsmi nikah pozulduqdan sonra qeydiyyata salınmışdır. Belə ki, həmin vaxt onlar cavabdehlə barışmış və yenidən biryerdə yaşamağa başlamışlar. Etiraz, ona əlavə edilmiş sənədlər və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlar nəzərə alınaraq məhkəmə tərəfindən cavabdehi əsl cavabdeh ilə əvəz edilməsi iddiaçıya təklif olunmuş, lakin iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı onun və azyaşlı övladının ünvan 2 ünvanında yerləşən evə köçürülməsini xahiş etdə də, buna hüququnun olmasını təsdiq edən sübut olaraq yalnız həmin ünvanda qeydiyyatda olmasına dair Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışını təqdim etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, iddiaçı mübahisəli evə köçürülməsi hüququnun olmasını iddia etdiyi halda, bununla əlaqədar olan halların sübutedilməsi vəzifəsi onun üzərinə düşsə də, o, bu vəzifəni icra etməmişdir. Bunun əksinə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Belə ki, iş materiallarında olan və Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 28.06.2005-ci il tarixli, 13/01 saylı qərarı ilə Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə X1 mülkiyyətinə verilmiş; Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06.09.2016-cı il tarixli qərarı ilə isə Xocəsən Bələdiyyəsinin 28.06.2005-ci il tarixli, 13/01 saylı qərarının 1-ci bəndində “X3” sözləri “X8” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Eyni zamanda iş materiallarında olan iddia ərizəsinin surətindən görünür ki, iddiaçı X8 cavabdeh Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər qismində Cavabdeh və İddiaçı qeyd edilməklə) öhdəliyin icrası haqqında iddia ərizəsi ilə 13.06.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsində qeyd olunmuşdur ki, “ ... Bakı şəhəri. Binəqədi rayonu, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi mənim, X4 istifadəmdədir. Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10/05 saylı, 06.09.2016-cı il tarixli qərarı ilə həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mənə ayrılmışdır. 2018-ci il tarixdə Cavabdeh və X5 və onların övladları X7 mənə məxsus fərdi yaşayış evinə ünvan 3 ünvanda müvəqqəti olaraq qeydiyata alınmışdır. Həmin şəxslərin həmin ünvanda qeydiyyata alınmağına səbəb şəxsiyyət vəsiqəsi alması idi. Həmin şəxslər mənə məxsus evdə ümumiyyətlə yaşamayıblar”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar