Məhkəmə qərarları › İş №2(001)-429/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-429/2022

26.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-429/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynov Əmiraslan Muxtar oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Hüseynov Əmiraslan Muxtar oğlu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb edilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat Kontoruna qarşı “mirasın tam faktiki qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun faktiki sahibliyində olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirasın faktiki qəbul edilmiş hesab edilməsi, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 42 saylı mənzilə açıq qalmış 1/5 hissəsinə, ünvan 1 ünvanda olan 0.06 ha sahəsi olan torpaq sahəsinin 1/5 hissəsinə, ünvan 2 ünvanda olan 0.025 ha sahəsi olan bağ sahəsi üzərində həmin payların onun tərəfindən mirasa tam olaraq faktik qəbul edilmiş heab edilməsi, vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcmini azaldaraq, məhkəmədən “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mirasın faktiki qəbul edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X3 qızı 13 sentyabr 2019-cu il tarixdə vəfat etmişdir, anasının ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində 27 saylı notariat kontoruna ərizə ilə müraciət etmişdir. Miras açılarkən anasının mülkiyyətində olan digər əmlaklar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 42 saylı mənzil; Sumqayıt şəhəri, Novxanı bağ massivi 882 ünvanda olan 0.06 ha torpaq sahəsi; ünvan 4lan 0.025 ha sahəsi olan bağ sahəsi, eləcə də avtomobil 3 cü şəxs digər vərəsə Hüseynov Əmiraslan Muxtar oğlu mirasın qəbul edilməsinə mane olmuş, dəfələrlə ona məlumat verilməsinə baxmayaraq miras əmlakı qəbul etməmişdir. Bu səbəbdən o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 42 saylı mənzilə və Sumqayıt şəhəri, Novxanı bağ massivi 882 ünvanda olan 0.06 ha torpaq sahəsinə 3cü şəxsin payı açıq saxlanılmaqla vərəsəlik şəhadətnaməsi almışdır. “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Vərəsəlik şəhadətnaməsinin notariat kontoru tərəfindən ona verilməməsinin səbəbi, digər vərəsə Hüseynov Əmiraslan Muxtar oğlunun notariusa gəlməməsi, mirası qəbul etməməsi olmuşdur. Halbuki vərəsənin notariat kontoruna gəlməməsi onun mirası qəbul etmək üçün müəyyən edilmiş müddəti ötürməsinə səbəb olmaqla mirasdan imtinaya bərabər hesab olunmalı olduğu halda, notariat kontoru ona tap paya dair vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bakı şəhəri 27 saylı Notariat ofisinin 809 saylı, 11.09.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Hüseynov Əmiraslan Muxtar oğlu mirası faktiki qəbul etdiyinə görə vərəsəlik şəhadətnaməsi verilərkən ona çatası 1/5 hissədə pay açıq saxlanılmışdır. Lakin iddiaçı o qeyd edir ki, Hüseynov Əmiraslan Muxtar oğlu mirası faktik qəbul etməmiş, analarının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olmuşdur. Çünki qardaşı həmin mənzildə formal olaraq qeydiyyatda olmuş, həmin mənzildə qardaşı yaşamamış və mirasın faktiki idarəçiliyi belə olmamışdır. Qardaşı Novxanı bağ massivində yaşayır və balıqçı kimi işləyir. Anası rəhmətə getdikdən sonra mənzildə olan əşyalar ona məxsus olmuş, digər torpaq sahəsi olan evlər onun tərəfindən idarə edilmişdir. Bundan başqa anasının mülkiyyətində olan avtomobil də onun faktiki sahibliyində, istifadəsində, sərəncamında olmuşdur. Həmin avtomobilin onun adına rəsmiləşdirilməsi üçün ona baş etibarnamə verilmişdir, lakin anası qəfil vəfat etdiyindən avtomobili adına rəsmiləşdirə bilməmişdir. Hal-hazırda həmin avtomobil mənim mülkiyyətində olan bağ evin həyətindədir. Qardaşı Əmiraslan notariusa gəlmədiyi üçün həmin avtomobilə dair vərəsəlik şəhadətnaməsi ala bilmir. Anasında qalmış daşınmaz və daınar əmlakın faktiki idarə edilməsini, dəfn xərclərinin onun tərəfindən qarşılanması, digər vərəsələrin onun xeyrinə paylarından imtina etməsi, eləcə də avtombilin onun sahibliyində olmasını digər vərəsələr və şahidlər də təsdiqedir. İddiaçı qeyd etmişdir ki, digər vərəsələr onun xeyrinə öz paylarından imtina etmiş, onların payını qanunvericiliyin tələbinə uyğun qəbul etmişdir, yalnız avtomobili öz adına sənədləşdirə bilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. İddiaçının nümayəndəsi məhkəmə iclaslarında izahatında bildirmişdir ki, üçüncü şəxs notariusa gəlmir və şəhadətnamə almır.Nəticədə iddiaçı avtomobilə dair yeni qeydiyyat şəhadətnaməsi ala bilmir və bu səbəbdən avtomobil istifadəsiz qalmaqla yararsız hala düşür. Odur ki, miras əmlakın təkbaşına qəbul edilməsi müəyyən edilərsə, iddiaçı öz adına qeydiyyat şəhadətnaməsi alacaqdır. Faktiki olaraq da miras əmlakı iddiaçı təkbaşına qəbul etmişdir. Lakin notarius avtomobilə dair vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir.

5. Üçüncü şəxsin nümayəndəsi isə izahatında bildirmişdir ki, onun tərəfi notariusa germəkdən çəkinir, belə ki, aldadılacağından qorxur. Bu barədə onlara məhkəmə tərəfindən verilmiş müddət ərzində də əvvəlcə razılaşma olsa da, sonradan yenə imtina etmişdir. Odur ki, işə mahiyyəti üzrə baxılmasını xahiş edirlər.

6. Cavabdeh 27 saylı notariat kontoru onun nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. X1 24.09.2019-cü il tarixli, 15 nömrə ilə qeydə alınmış ölümü haqqında şəhadətnamədən görünür ki, o, şəkərli diabet xəstəliyindən 13.09.2019-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür.

8. xx.xx.1972-ci il təvəllüdlü İddiaçı doğum haqqında şəhadətnaməsindən görünür ki, onun anası X2r.

9. Bakı şəhəri 27 sayı Notariat ofisinin 11 sentyabr 2021-ci il tarixli, 809 saylı məktubundan görünür ki, İddiaçı ərizəsinə cavab olaraq bildirilmişdir ki, 13.09.2019-cu il tarixdə vəfat etmiş X1 adında qalmış miras əmlaklara onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsə Hüseynov Əmiraslan Muxtar oğlu mirası faktiki qəbul etdiyi üçün ona çatan 1/5 hissədə pay açıq saxlanılmışdır. “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobildən Hüseynov Əmiraslan Muxtar oğluna çatan 1/5 hissədə pay açıq saxlanılmaqla ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir.

10. “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən görünür ki, nəqliyyat vasitəsinin sahibi X2r.

11. Sumqayıt ŞB üzrə 1 saylı MKS-nın 01.11.2021-ci il tarixli arayıçının surətindən görünür ki, Hüseynov Əmiraslan Muxtar oğlu Sumqayıt şəhəri Sarıqaya bağ evində 2009-cu il tarixdən qeydiyyatsız yaşayır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. İddiaçı və üçüncü şəxs Hüseynov Əmiraslan Muxtar oğlu miras qoyan X1 qanun üzrə vərəsələridir.

13. Mübahisə miras əmlak olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır.

14. İddiaçı miras əmlakları(daşınmaz) qəbul etmiş və Hüseynov Əmiraslan Muxtar oğlunun payı açıq saxlanılmaqla daşınmaz əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir.

15. “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı isə notarius vərəsəlik şəhadətnaməsi veriləcəyini bildirsə də, iddiaçı avtomobilə dair vərəsəlik şəhadətnamə ala bilməmişdir.

16. Notarius mirasın Hüseynov Əmiraslan Muxtar oğlu tərəfindən də faktiki qəbul edildiyini müəyyən etmişdir.

17. Üçüncü şəxs Hüseynov Əmiraslan Muxtar oğlunun mirası qəbul etməyi təsbit olunsa da, o vərəsəlik şəhadətnaməsi almaqdan yayınır.

18. Miras əmlak olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə daiş qeydiyyat şəhadətnaməsi hal-hazırda miras qoyanın adınadır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

19. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, iddianın mahiyyəti faktiki olaraq ondan ibarətdir ki, iddiaçı miras əmlak olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair yeni qeydiyyat şəhadətnaməsi ala bilmir, çünki notarius avtomobilə dair paylı mülkiyyətin təsbit olunması ilə bağlı vərəsəlik şəhadətnaməsi verməmişdir.

20. Tərəflərin izahatlarından müəyyən edilən odur ki, iddiaçı üçüncü şəxsin notariat orqanına vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı gəlməməsindən ona görə narazıdır ki, notarius X4 paylı mülkiyyət barədə qeydiyyat şəhadətnaməsi verməməsinə görə avtomobilə dair payın açıq saxlanılmaqla şəhadətnaməni verməkdən imtina edir. Bu səbəbdən də iddiaçı mirasın təkbaşına qəbul edilmiş hesab edilməsini tələb edir.

21. Mübahisə ilə bağlı aşağıdakı normalara nəzər yetirək.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

23. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

24. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

25. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

26. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

27. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

28. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

29. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

30. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

31. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

32. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir

33. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

34. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

35. Konstitusiya Məhkəməsin Plenumunun 05 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur.

37. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi iddiaçı ilə yanaşı üçüncü şəxs, yəni digər vərəsə Hüseynov Əmiraslan Muxtar oğlu da mirası faktiki qəbul etmişdir.

38. Belə ki, o da miras əmlakdan birində faktiki olaraq yaşayır. Bu baxımdan notariat orqanı həmin vərəsənin mirasdan ona çatası payı faktiki olaraq qəbul etdiyini müəyyən etməklə iddiaçıya vərəsəlik şəhadətnaməsi vermişdir.

39. İddiaçı mirasın yalnız onun tərəfindən qəbul edildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, əksinə işin halları ilə Hüseynov Əmiraslan Muxtar oğlunun miras əmlakı faktiki olaraq qəbul etməsi öz təsdiqini tapmışdır.

40. Buna baxmayaraq cavabdeh notariat orqanı miras əmlak olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik şəhadətnaməsi verməkdən faktiki olaraq imtina etməkdə haqlı olmamışdır.

41. Belə ki, Mülki Məcəllənin tələbinə görə mirası qəbul etmiş vərəsə, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul etmiş sayılır. Yəni notarius mirasın tərkibində daxil olan daşınmaz əmlakların iddiaçı tərəfindən qəbul edilməsini müəyyən etmişdirsə, o cümlədən onun daşınar əmlakı da qəbul etdiyinə dair vərəsəlik haqqında sənəd verməli idi.

42. Belə ki, Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı).

43. Bundan başqa, Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli Qərarı).

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 92-ci maddəsində qeyd edilmişdir ki, mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir.

45. Həmin Təlimatın 108-ci bəndində qeyd edilmişdir ki, xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir.

46. Həmin Təlimatın 109-cu bəndində qeyd edilmişdir ki, miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir.

47. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, iddiaçının digər vərəsə tərəfindən faktiki qəbul edilmiş mirasın yalnız onun tərəfindən qəbul edilməsini tələb etməsi əsassız olsa da, miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissəsi barədə öz payına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etməsi əsaslı hesab edilməlidir. Çünki vərəsəlik şəhadətnaməsinin alınması yalnız qanunda göstərilən hallarda məcburidir. Yəni vərəsəlik şəhadətnaməsinin alınması yalnız qanunda nəzərdə tutulmuş hallarda vərəsənin vəzifəsidir, digər hallarda onun hüququdur. Mirası qəbul etmiş başqa vərəsənin vərəsəlik şəhadətnaməsi almaqdan yayınması, onun daşınar əşya olsa da, vərəsəlik haqqında şəhadətnamə alması hüququnu məhdudlaşdıra bilməz.

48. Üstəlik “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməsinin 4.7-ci bəndinin 6-cı hissəsində göstərilmişdir ki, əgər bağışlama müqaviləsində, yaxud vərəsəlik hüququ şəhadətnaməsində bir neçə şəxs göstərilmişdirsə, bağışlanmış, yaxud vərəsəliyə görə alınmış nəqliyyat vasitəsi mülkiyyətçilərin hamısının yazılı razılığı ilə onlardan birinin adına qeydə alınır.

49. Bu bir daha onu təsdiq edir ki, nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsinin hansı qaydada rəsmiləşdirilməsindən asılı olmayaraq notarius müvafiq sənədi vərəsənin tələbi ilə təqdim etməlidir. Tətbiq edilən prosessual normalar:

50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

51. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, miras əmlak olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil öz payına uyğun olaraq İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməli və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat Kontoruna həvalə edilməli, iddia qalan hissədə rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

52. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Miras əmlak olan “Hummer-H 3” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən miras payına uyğun olaraq faktiki qəbul edilmiş hesab edilsin və bu barədə vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 27 saylı Notariat Kontoruna həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar