Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3946/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H. Heybətov küçəsi (keçmiş Zuvanov küçəsi), dalan 2, ev 7 ünvanında yerləşən yaşayış evinə dair ## #### 1974cü il tarixli çıxarışın və həmin yaşayış evinə aid texniki pasportun X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101) ****/**** nömrəli qərardadı ilə, ərizəçi İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçi İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda göstərmişdir ki, Bakı şəhəri ** saylı Notariat Ofisinin imtinası hüquqmüəyyənedici sənədin X3 aid olub-olmaması ilə deyil, vərəsəliyin qəbul müddətinin buraxılması ilə əlaqədardır. Bu nəticə işin predmeti ilə uyğun gəlmir. Hazırkı xüsusi icraat işinin predmeti notariat orqanının imtina qərarının qanuniliyinin yoxlanılması deyil. Ərizənin predmeti hüquqmüəyyənedici sənədin müəyyən şəxsə məxsus olması faktının müəyyən edilməsidir. Qanun həmin hüquqi faktın müəyyən edilməsini notariat orqanının imtina səbəbi ilə əlaqələndirmir. Qərardadda göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə müraciətə verilmiş cavab ərizəyə əlavə edilməmişdir. Halbuki ərizəyə aşağıdakılar əlavə edilmişdir: həmin quruma edilmiş müraciətin surəti; müraciətin qəbul edilməsini təsdiq edən sənəd; müraciətə qanunla müəyyən olunmuş müddətdə cavab verilmədiyini göstərən məlumatlar. Beləliklə, ərizəçi Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələb etdiyi bütün hərəkətləri yerinə yetirmişdir. Dövlət orqanının qanunla müəyyən edilmiş müddətdə cavab verməməsi ərizəçinin iradəsindən asılı olmayan haldır və bu hal ərizənin geri qaytarılması üçün əsas ola bilməz. Əks yanaşma qəbul edilərsə, hər hansı inzibati orqanın sadəcə cavab verməməsi şəxsin məhkəməyə müraciət hüququnu qeyri-müəyyən müddətə faktiki olaraq məhdudlaşdıra bilər ki, bu da məhkəmə müdafiəsi hüququnun mahiyyətinə ziddir. Birinci instansiya məhkəməsi qərardadda göstərmişdir ki, Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ##### 2026-cı il tarixli imtina qərarında vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın səbəbi vərəsəliyin qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddətin buraxılması olmuş, hüquqmüəyyənedici sənədin X3 məxsus olubolmaması həmin qərarın əsası kimi göstərilməmişdir. Məhkəmə bu nəticədən çıxış edərək hesab etmişdir ki, hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vərəsəlik işi ilə bağlı olması təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin bu nəticəsi xüsusi icraat institutunun hüquqi mahiyyətinin düzgün şərh edilməməsindən irəli gəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ##### 2026-cı il tarixli imtina qərarının qanuniliyi hazırda başqa mülki iş üzrə məhkəmə baxışının predmetidir. Həmin işdə notariusun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinasının qanuniliyi, o cümlədən vərəsəliyin qəbul edilməsi müddətinin buraxılıb-buraxılmaması və mirasın faktiki qəbul edilməsi məsələləri araşdırılır. Hazırkı xüsusi icraat işi isə notariusun imtina qərarının qanuniliyinin yoxlanılmasına deyil, yalnız hüquqmüəyyənedici sənədin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsinə yönəlmişdir. Hazırkı işdə hüquqi əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, ## #### 1974cü il tarixli hüquqmüəyyənedici sənəddə göstərilən şəxs ilə şəxsiyyətini təsdiq edən sənədlərdə "X3" kimi qeyd olunan şəxsin eyni şəxs olub-olmaması müəyyən edilsin. Məhz bu fakt müəyyən edildikdən sonra həmin qətnamə gələcəkdə vərəsəlik hüquqlarının həyata keçirilməsi zamanı sübut kimi istifadə oluna bilər. Qərardadda göstərilmişdir ki, ərizəçi hüquqmüəyyənedici sənədi vermiş təşkilatın hüquqi varisi olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etsə də, həmin müraciətə verilmiş cavab ərizəyə əlavə edilməmişdir. Hesab edir ki, məhkəmənin bu nəticəsi işin faktiki hallarına və qanunun tələblərinə uyğun deyildir. Belə ki, ərizə ilə birlikdə məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə ünvanlanmış müraciətin surəti, həmin müraciətin qəbul edilməsini təsdiq edən sənəd və müraciətin qanunla müəyyən edilmiş müddətdə cavablandırılmadığını təsdiq edən məlumatlar təqdim edilmişdir. Beləliklə, ərizəçi hüquqmüəyyənedici sənəddəki uyğunsuzluğun inzibati qaydada aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün mümkün tədbirləri həyata keçirmişdir. Dövlət orqanının qanunla müəyyən edilmiş müddətdə müraciətə cavab verməsi isə artıq həmin orqanın hüquqi vəzifəsidir və ərizəçinin davranışından asılı deyildir. Bu baxımdan, dövlət orqanının hərəkətsizliyi ərizəçinin prosessual hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma qəbul edilərsə, məhkəmə müdafiəsi hüququnun mahiyyətinə zidd nəticələrə səbəb olar. Birinci instansiya məhkəməsi isə ərizəçinin etdiyi hərəkətləri deyil, dövlət orqanının hərəkətsizliyini əsas götürərək ərizəni geri qaytarmışdır. Məhkəmə həmin cavabın niyə təqdim edilmədiyini araşdırmamış, bu halın ərizəçinin davranışından, yoxsa dövlət orqanının hərəkətsizliyindən irəli gəldiyinə hüquqi qiymət verməmişdir. İş materiallarından görünür ki, ərizəçi hüquqmüəyyənedici sənəddə mövcud olan uyğunsuzluğun inzibati qaydada aradan qaldırılması məqsədilə hüquqi varis olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə yazılı müraciət etmiş, həmin müraciət qəbul edilmiş, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə müraciətə cavab verilməmişdir. Beləliklə, ərizəçi qanunvericiliyin ondan tələb etdiyi bütün zəruri hərəkətləri yerinə yetirmiş, hüquqmüəyyənedici sənəddəki uyğunsuzluğun inzibati qaydada aradan qaldırılması üçün mümkün olan bütün vasitələrdən istifadə etmişdir. Birinci instansiya məhkəməsinin qərardadının məzmunundan görünür ki, məhkəmə ərizənin qanunun formal tələblərinə uyğun olub-olmamasını yoxlamaqla kifayətlənməmiş, əksinə, ərizəyə əlavə edilmiş sənədləri mahiyyəti üzrə təhlil etmiş, notariat orqanının imtina məktubuna, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə edilmiş müraciətə, habelə Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə qiymət verərək nəticəyə gəlmişdir ki, xüsusi icraat qaydasında işə baxılması üçün əsaslar mövcud deyildir. Belə qiymətləndirmə artıq ərizənin qəbul edilməsi mərhələsinə deyil, işin mahiyyəti üzrə baxılması mərhələsinə aiddir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vərəsəlik işi ilə bağlı olduğunu bildirsə də, ərizəyə əlavə edilmiş Bakı şəhəri ** saylı Notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina” barədə ## ##### 2026-cı il tarixli qərarından görünür ki, İddiaçı notariat ofisinə ünvan 1 ünvanında yaşamış və vəfat etmiş X2 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ##.##.2025-ci il tarixdə ərizəsi daxil olmuş, İddiaçı sənədləri təqdim edərək mərhum X2 onun nənəsi olmasını bildirmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddət buraxılmışdır və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. İddiaçı miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən müddətin buraxılması izah edilmişdir. İddiaçı tələbini dəyişməmişdir. Göründüyü kimi, İddiaçı ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vərəsəlik işi ilə bağlı olması halı Bakı şəhəri ** saylı Notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina” barədə ## ##### 2026-cı il tarixli qərarı ilə təsdiq olunmur. Belə ki, notariat ofisi tərəfindən vərəsəlik işi ilə bağlı notariat hərəkətlərinin aparılmasından imtina edilməsinin əsası hüquqmüəyyənedici sənədin X3 aid olmasının müəyyən edilməsi ilə bağlı deyil. İmtinanın səbəbi qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddətin buraxılması və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim edilməməsi olmuşdur. Bundan başqa, ərizəçi hüquqmüəyyənedici sənədləri verən təşkilatın prosessual hüquqi varisi olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edərək sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsini xahiş etsə də, həmin müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən cavab ərizəyə əlavə edilməmişdir. Məhkəmə Kollegiyası işin qeyd edilən hallarına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 1.6-cı bəndində əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizə göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı vəziyyətdə notarius tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinin səbəbi sənəddəki ad/soyad uyğunsuzluğu (şəxsiyyətin müəyyən olunmaması) olmamışdır. İmtinanın əsası mülki hüquqi müddətin (mirasın qəbulu müddətinin) buraxılmasıdır. Ərizəçi isə hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vərəsəlik işi ilə bağlı olduğunu bildirmişdir. Halbuki qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vərəsəlik işi ilə bağlı olması halı Bakı şəhəri ** saylı Notariat ofisinin “notariat hərəkətlərinin aparılmasından imtina” barədə ## ##### 2026-cı il tarixli qərarı ilə təsdiq olunmur. Məhkəmə Kollegiyası ərizəçinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, əgər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qanunla müəyyən edilmiş müddətdə müraciətə cavab verməyərək hərəkətsizlik edibsə, bu hal mülki məhkəmədə xüsusi icraat qaydasında faktın müəyyən edilməsinə əsas vermir. Eyni zamanda inzibati orqana edilən müraciətin cavabı məlum olmadığı üçün, hüquqmüəyyənedici sənəddəki uyğunsuzluğun inzibati qaydada aradan qaldırılmasının mümkün olub-olmaması müəyyən edilmir. Beləliklə, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3946/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3946/2026
31.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver