Məhkəmə qərarları › İş №2(3-6)-1041/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1041/2026

19.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1041/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Dzhafarov Sabukhinin cavabdeh Cavabdeh (Bakı şəhəri ** saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı Dzhafarov Sabukhinin və onun nümayəndəsi-vəkili vəkil2, Cavabdeh Cavabdeh və onun nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, İddiaçı Dzhafarov Sabukhinin cavabdeh Cavabdeh (Bakı şəhəri ** saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı Dzhafarov Sabukhi cavabdeh Cavabdeh (Bakı şəhəri ** saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X7 məxsus olmuş ünvan 2 ünvanında yerləşmiş ** saylı mənzildən ibarət miras əmlakla bağlı cavabdeh Cavabdeh xeyrinə miras payından imtina etməsi barədə notarial qaydada verdiyi ərizəsinin etibarsız hesab edilməsi, onun qanun üzrə vərəsə kimi tanınması və 1/2 hissədə payının müəyyən edilməklə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X7 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından bir qızları anadan olmuşdur. Mərhum arvadının mülkiyyətində ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ona və qızına miras qalmışdır. O, Rusiyada yaşayırdı. Oradan qızına və arvadına da maddi köməklik göstərirdi. ##.##.2025-ci il tarixdə arvadının vəfatı ilə əlaqədar Bakıya gəlmişdir. Qızı cavabdeh qohumlarının guya onu istəmədiklərini, mərhumun mənzilini ələ keçirmək istədiklərini bildirərək tələsik onu * saylı Bakı ASAN xidmət mərkəzinə aparmış, orada ona çatası miras paydan qızının xeyrinə imtina etməyi istəmişdir. Həmin ərizənin verilməsindən sonra cavabdehin ona münasibəti dəyişmiş, onunla kobud davranmış, mərhumdan miras qalmış mənzilə buraxmamışdır. Daha sonra qohumlarla əlaqə saxladıqda öyrənmişdir ki, mərhum arvadını da dəfələrlə döymüş, o da ağır formada xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Onun qohumlarla da münasibəti yaxşı olmamışdır. Onun hal-hazırda qalmağa heç bir yeri yoxdur, cavabdeh bir övlad kimi ona hörmət etməmiş, onu dəfələrlə təhqir etmişdir. Öz miras payından onun xeyrinə imtina etməsindən çox peşiman olmuşdur. O, iddiaçını əslində aldatmış, sonra isə mənzilə buraxmamışdır. Miras paydan imtina ilə bağlı ərizəsinin ləğvi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. 2.Cavabdeh Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Dzhafarov Sabukhinin Bakı şəhəri ** saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Cavabdeh qarşı "miras payından imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Sabukhi Dzhafarov bildirmişdir ki, qızına inandığı üçün payından imtina edib, lakin sonradan qızı onu evə buraxmayıb, ona qarşı kobudluq edib və anasına (mərhuma) qarşı pis rəftar etdiyini öyrənib. O, aldadıldığını və peşman olduğunu əsas gətirərək ərizənin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh Cavabdeh bildirmişdir ki, atası imtinanı tam könüllü etmiş, heç bir aldatma olmamışdır. İddiaçının ona qarşı irəli sürdüyü anasını döyməsi və s. iddiaların böhtan olduğunu, atasının ailə ilə maraqlanmadığını və Rusiyada yaşadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq, vərəsə mirasın açıldığı gündən üç ay ərzində mirasdan imtina edə bilər. İş materiallarından görünür ki, iddiaçı Dzhafarov Sabukhi ##.##.2025-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət ərzində Bakı şəhəri ** saylı Notariat Ofisində mirasdan imtina barədə ərizə imzalamışdır. Həmin ərizədə notarius tərəfindən iddiaçıya Mülki Məcəllənin mirasdan imtinanın hüquqi nəticələrini tənzimləyən 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin izah edilmişdir. İddiaçının məhkəmə iclasındakı izahatı da təsdiq edir ki, o, ərizəni imzalayarkən mənzilin qızının adına keçəcəyini dərk etmiş və bunu qızı gələcəkdə əziyyət çəkməsin deyə könüllü etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəni imzalayarkən notarius tərəfindən hüquqları izah edilib və o, həmin vaxt bu addımı şüurlu atıb. Sonradan yaranan ailə münaqişələri və peşmançılıq hissi qanunla rəsmiləşmiş mirasdan imtinanı ləğv etmək üçün hüquqi əsas deyil. İddiaçı müraciətini onun aldadılması və mənəvi təzyiqə məruz qalması ilə əsaslandırsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, iddiaçı aldadıldığını sübut etməli idi. Lakin iddiaçı tərəfindən məhkəməyə onun iradəsinin azad olmadığına və ya cavabdeh tərəfindən qəsdən yanlış məlumatlandırıldığına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 1133, 1134, 1145, 1146, 1151, 1159, 1243, 1256, 1261, 1267, 1268, 1272-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

4.İddiaçı Dzhafarov Sabukhi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə, ilkin iddia tələbinin təmin edilməsinə, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sözügedən mənzildə yaşamaq hüququ var. Miras payından könüllü şəkildə qızının xeyrinə imtina etməyi onun həmin hüququnu məhdudlaşdırmır. Qızı isə onun ona olan etibarından sui-istifadə edərək, miras payından könüllü şəkildə onun xeyrinə imtina etməyinə nail olmuş və hələ bundan öncə - həyat yoldaşı vəfat edən gündən onun mənzildə yaşamaq hüququnu kobud şəkildə pozaraq, mənzilə buraxmamışdır. Məhz bu səbəbdən, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli və onun mənzildə yaşamaq hüququ təmin edilməlidir. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə təqdim etmiş və əlavədə qeyd etmişdir ki, apellyasiya şikayətinin predmeti ##.##.2025-ci il tarixli miras payından imtina ərizəsinin etibarsızlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 337.1-ci maddəsinə əsasən, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin maddənin 337.2-ci hissəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır; mübahisələndirmə əqdin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. İmtina ərizəsinin etibarsızlığının birinci əsası MM-nin 339.2-ci maddəsində nəzərdə tutulmuş aldatmadır. Qeyd olunan maddəyə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər; tərəflərdən biri, aşkar edilsəydi digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Cavabdeh Cavabdeh imtina ərizəsini imzalatmazdan əvvəl atasına mənzildə yaşamaq hüququnun qorunacağını, ərizənin yalnız sənədləşmə məqsədi daşıdığını bildirmişdir. İddiaçı bu vədlərə inanaraq, imtinanın həqiqi hüquqi nəticələrini tam dərk etmədən ərizəni imzalamışdır. Cavabdeh onun etibarından istifadə etmiş, mənzildə onunla birgə yaşaya biləcəyini bildirərək həmin mübahisələndirilən ərizənin alınmasına nail olmuşdur. MM-nin 339.2-ci maddəsinə görə belə susma da aldatma əsasını formalaşdırır. İmtina ərizəsinin etibarsızlığının ikinci əsası MMnin 346.1-ci maddəsindən irəli gəlir. Həmin maddəyə görə, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair # ##### 2021-ci il tarixli Qərarında bu norma ilə bağlı mühüm hüquqi mövqe formalaşdırılmışdır. Həmin qərarda qeyd olunur ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından bağlandığı andan etibarsızdır. Ərizə imzalandığı tarixin iddiaçının həyat yoldaşının vəfatından cəmi 9 gün sonrasına yəni ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək olan dövrə düşdüyü nəzərə alındıqda, dərin kədər, psixoloji sarsıntı və yas vəziyyəti həmin anda öz hərəkətlərinin mənasını tam dərk etmək qabiliyyətini ciddi surətdə zəiflətmişdir. MM-nin 346.3-cü maddəsi şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsinin etibarsız sayıla biləcəyini açıq şəkildə nəzərdə tutur. Ərizənin etibarsızlığını ən aydın şəkildə ortaya qoyan fakt cavabdehin ərizəni aldıqdan dərhal sonrakı davranışıdır. Ərizə imzalandıqdan sonra cavabdehin atasına olan münasibətini kəskin dəyişdirmiş, 1994-cü ildən bəri tərəflərin ailə evi olmuş mənzildən iddiaçını qovmuşdur. Bu davranış onun ərizəni almaq üçün əvvəlcədən planlaşdırdığı niyyəti açıq şəkildə əks etdirir. Belə şəraitdə imzalanmış ərizənin iddiaçının azad və şüurlu iradə ifadəsi sayıla bilməyəcəyi aydındır. MM-nin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır; bu hüquqi nəticə iddiaçının vərəsəlik hüququnun bərpasını da əhatə edir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Qərarında həmçinin vurğulanmışdır ki, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər; həmin əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Deməli, imtina ərizəsinin etibarsızlığı sübuta yetirildikdə miras payımın cavabdehə keçdiyinə dair hüquqi nəticə bağlandığı andan etibarsız sayılacaq və qanun üzrə vərəsəlik hüququ bərpa olunacaqdır. Bunlarla yanaşı, iddiaçı bu mənzildə 1994-cü ildən, nikah bağlandığı gündən etibarən daimi yaşadığını da qeyd etmək lazımdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30- cu maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin həyat yoldaşı ailə üzvü kimi həmin sahədə yaşamaq hüququna malikdir. Bu hüquq vərəsəlik hüququndan müstəqil olaraq mövcuddur və imtina ərizəsinin etibarlılığı sübuta yetirilmədikcə cavabdehin mənzilə dair hüquqi nəticə irəli sürmək imkanı da yoxdur. AR MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf imtina ərizəsinin aldatma olmadan, azad iradə ilə və anlaq vəziyyətində imzalandığını sübut edən heç bir dəlil irəli sürməmişdir. Birinci instansiya məhkəməsi isə notariat qaydasında rəsmiləşdirilmiş ərizənin mövcudluğunu kifayət hesab etmiş, ərizənin alınması şəraitini yəni yas dövrünü, psixoemosional vəziyyəti, cavabdehin vədlərini və sonrakı davranışını araşdırmamışdır. Bu isə AR MPM-nin 88-ci maddəsinin sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi tələbini, habelə 218-ci maddənin qətnamənin qanuni və əsaslı olmasına dair tələbini kobud surətdə pozur.

5. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Caparidze rayon VVADQ idarəsi tərəfindən verilmiş İ-ИЕ seriyalı, ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ##.##.1956-cı il tarixində Bakı şəhərində doğulmuşdur. X1, anası Eybatova Suriyadır.

9. Bakı şəhəri Binəqədi rayon “Leyla” Nikah evi tərəfindən verilmiş VI-ЖГ seriyalı ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X2 ilə X9 ## ### 1995-ci il tarixində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 329 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir.

10. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş XIX seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ## #### 1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1695 nömrə ilə qeyd edilmişdir. Atası X2, anası X4r. 11.Bakı şəhəri Yasamal rayon VVADQ idarəsi tərəfindən verilmiş IV-ЖГ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 ##.##.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 898 nömrə ilə qeyd edilmişdir.

12. Bakı şəhəri ** saylı dövlət notariat kontoru tərəfindən verilmiş ##.##.2003-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.1996-cı ildə vəfat etmiş X6 vərəsələri həyat yoldaşı Eybətova Suriya və qızı X7r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri İnvertarlaşdırma Bürosundan kitab 26, səhifə 3843, qeydiyyat nömrəsi 30/3843, ##.##.1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 45,87 kv.m və ümumi sahəsi 58,87 kv.m olan 3 otaqlı mənzildən ibarətdir.

13. Eybətova Suriya ilə X7 arasında Bakı şəhəri ** saylı dövlət notariat kontorunda bağlanmış ##.##.2003-cü il tarixli, reyestrdə 4Ə-*** nömrəsi ilə qeyd edilmiş müqaviləyə əsasən, Eybətova Suriya Bakı şəhəri İnvertarlaşdırma Bürosundan kitab 26, səhifə 3843, qeydiyyat nömrəsi 30/3843, ##.##.1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən Eybətova Suriyaya məxsus olan vərəsəlik payını qızı X7 bağışlamışdır. 14.Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, ****** nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Şərifzadə küçəsi, ** saylı evin, 45,87 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** saylı mənzil X7 adına ½ payda, Eybətova Suriyanın adına ½ payda adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 26 inv saylı reyestr kitabında 3943 səhifəsində 30/7835 nömrəsi ilə ##.##.2003-cü il tarixində qeydiyyat aparılmışdır.

15. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Eybatova Suriya ##.##.2008-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1358 nömrə ilə qeyd edilmişdir. 16.Bakı * saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 ##.##.2025-ci il tarixində Bakı şəhərində süd vəzisinin mərkəzi hissəsinin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 582 nömrə ilə qeyd edilmişdir. 17.Dzhafarov Sabukhi Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2025-ci il tarixli, reyestrdə 8İ-32236 nömrəsi ilə qeyd edilmiş ərizə təqdim edərək bildirmişdir ki, o, ##.##.2025-ci il tarixdə vəfat etmiş arvadı X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qızı Cavabdeh xeyrinə imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi, və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-37-ci maddələri notarius tərəfindən ona izah edildi. 18.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, ##.##.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ##.##.2011-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadır. 19.Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış ** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, ##.##.2025-ci il tarixində vəfat etmiş - X7 (doğum tarixi ##.##.1956-cı il) vərəsəsi Cavabdeh qzının ərizəsinə əsasən vərəsəlik işi açılmışdır. Mərhumun anası Eybətova Suriya qızı X7 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2003-cü il tarixdə 40-*** reyestr nömrəli bağışlama müqaviləsi rəsmiləşmişdir. Mərhum X7 həmin müqaviləni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etməmiş və adına yeni çıxarış almamışdır. Miras əmlaka daxil olan yəni - ünvan 3 ünvanında yerləşən reyestr nömrəsi 26inv ##.##.2003-cü il tarixli sənədə əsasən hazırki vərəsəlik işinə mərhumun mülkiyyət hüququ müəyyən etmək üçün çıxarış verilməsi xahiş edilmişdir. 20.Cavabdeh Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2025-ci il tarixli, reyestrdə 8İ- 4938 nömrəsi ilə qeyd edilmiş ərizə təqdim edərək bildirmişdir ki, ##.##.2025-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan anası X7 ölmüşdür. Mirasın tərkibi ünvan 4 ünvanında yerləşən əmlak ondan irs qalmışdır, mirası qəbul edir. Ondan başqa vərəsə yoxdur. Mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissələrə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü, 1246-cı, 1257-ci və 1267-ci maddələrinin tələbləri ona izah edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Dzhafarov Sabukhinin tərəfindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 22.Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 1133, 1134, 1145, 1146, 1151, 1159, 1243, 1256, 1261, 1267, 1268, 1272-ci və Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 0# ##### 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

25. Məhkəmə kollegiyası iddiaçı Dzhafarov Sabukhinin apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş üzrə təqdim olunmuş sənədlər, tərəflərin verdiyi izahatlar və ümumi sübutlar məcmusundan aydın olur ki, Dzhafarov Sabukhi (X2) ilə X9 arasında ##.##.1994-cü il tarixdə rəsmi nikah bağlanmış və nikah münasibətləri mövcud olmuşdur. Lakin hazırkı mübahisəli mənzil ##.##.1996-cı ildə vəfat etmiş X6 miras payı olaraq Eybətova (Cəfərova) Nəcibə Məmməd qızına keçmişdir (digər vərəsə Eybətova Suriya). Dzhafarov Sabukhi Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2025-ci il tarixli, reyestrdə 8İ-32236 nömrəsi ilə qeyd edilmiş ərizə təqdim edərək bildirmişdir ki, o, ##.##.2025-ci il tarixdə vəfat etmiş arvadı X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qızı Cavabdeh xeyrinə imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı, 1261-ci, 1268-ci və 1269-cu maddələrinin tələbləri ona edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi, və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-37-ci maddələri notarius tərəfindən ona izah edilmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iş üzrə cavabdehin ona olan etibarından sui-istifadə edərək, miras payından könüllü şəkildə onun xeyrinə imtina etməyinə nail olduğunu bildirsə də, bu barədə irəli sürülən iddialar yalnız subyektiv dəyərləndirmələrə əsaslanmış və heç bir real, obyektiv sübutla təsdiqlənməmişdir. Əksinə, işdəki rəsmi sənədlər, notariat qaydasında təsdiqlənmiş ərizələr tərəflərin iradələrinin azad və könüllü surətdə ifadə olunduğunu nümayiş etdirir. Bu razılıq və iradə ifadəsi sonradan sadəcə şəxsi məyusluq və ya tərəflər arasında münasibətlərin dəyişməsi səbəbindən hüquqi baxımdan ləğv oluna bilməz.

27. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

28. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq münasibətlərinin mühüm prinsiplərindən biri şəxsin öz hüquqları barədə sərbəst iradə ifadə etməsidir. Hüquqi müəyyənlik baxımından şəxsin qanunla nəzərdə tutulmuş formada və şüurlu şəkildə etdiyi iradə ifadəsinin sonradan yalnız peşmanlıq və ya münasibətlərin dəyişməsi səbəbindən aradan qaldırılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Eyni zamanda, aldatmanın təsiri altında bağlanmış əqdlərə münasibətdə Mülki Məcəllənin xüsusi normaları tətbiq edilməlidir. Belə hallarda yalnız şəxsin sonradan öz hərəkətindən narazı qalması deyil, məhz əqdin bağlandığı vaxt onun iradəsinin aldatma nəticəsində formalaşması müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçı aldatıldığını bildirsə də, cavabdehin ona konkret olaraq hansı yalan məlumatı verdiyini, həmin məlumatın nədən ibarət olduğunu və məhz həmin məlumatın təsiri altında mirasdan imtina etdiyini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi sonrakı hadisələr — cavabdehin onu mənzilə buraxmaması, tərəflər arasında münasibətlərin pisləşməsi, cavabdehin ona qarşı kobud davranması və digər hallar — imtina ərizəsinin verildiyi tarixdə iddiaçının iradəsinin qüsurlu olmasını öz-özlüyündə təsdiq etmir. Əksinə, iddiaçının öz izahatından görünür ki, o, imtina ərizəsini verərkən mənzilin qızının adına keçməsini arzulamışdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı imtina ərizəsinin etibarsızlığına əsas kimi aldatma və iradəsinin sərbəst olmamasına istinad etdiyindən, həmin halların mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşmüşdür.Lakin iş materiallarında iddiaçının iradəsinin azad formalaşmadığını və ya cavabdeh tərəfindən bilərəkdən yanlış məlumatlandırıldığını təsdiq edən obyektiv və mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəfin verdiyi izahat sübut vasitələrindən biri olsa da, həmin izahat digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hazırkı halda iddiaçının sonradan peşman olması barədə izahatı notariat sənədləri və onun özünün imtina ərizəsinin nəticələrini bildiyini təsdiq edən ifadələri ilə birlikdə qiymətləndirildikdə, imtina ərizəsinin etibarsızlığına dair nəticə çıxarmağa kifayət etmir.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn insan hüquqlarının müdafiəsi standartlarını da nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququnu təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, Konvensiyanın 6-cı maddəsi çərçivəsində məhkəmə qərarlarının kifayət qədər əsaslandırılması tələbi mövcuddur. Bununla belə, məhkəmənin tərəflərin təqdim etdiyi bütün arqumentlərə ayrıca və ətraflı cavab verməsi tələb olunmur; qərarın əsaslandırılması işin konkret hallarına uyğun olaraq kifayət qədər və aydın olmalıdır. Hazırkı işdə birinci instansiya məhkəməsi iddiaçının əsas arqumentlərini araşdırmış, notariat sənədlərinə, iddiaçının öz izahatına və digər sübutlara hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tərəflərin məhkəməyə çıxış hüququna, çəkişmə prinsipinə və ədalətli məhkəmə araşdırması tələblərinə zidd deyildir. Eyni zamanda, Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə mülkiyyət hüququnun müdafiəsi təmin olunur. Lakin həmin təminat şəxsin öz mülki hüquqlarına dair qanunla müəyyən edilmiş formada və sərbəst iradə ilə etdiyi sərəncamların sonradan avtomatik olaraq etibarsız hesab edilməsini tələb etmir. Əksinə, mülkiyyət münasibətlərində hüquqi müəyyənlik və tərəflərin qanuni gözləntilərinin qorunması da hüququn aliliyinin mühüm elementidir. Bu baxımdan, iddiaçının miras payından könüllü şəkildə imtina etməsi və həmin imtinanın notariat qaydasında rəsmiləşdirilməsi nəzərə alınmaqla, sonradan yaranmış ailə münaqişəsi onun əvvəlki iradə ifadəsini avtomatik olaraq etibarsız etmir.

31. Məhkəmə kollegiyası həmçinin hüquqi müəyyənlik prinsipini nəzərə alır. Belə ki, Hüquqi müəyyənlik mülki dövriyyədə şəxslərin qanuna uyğun və müəyyən edilmiş formada həyata keçirdikləri hərəkətlərin hüquqi nəticələrinin sonradan əsassız şəkildə dəyişdirilməməsini tələb edir. Notariat qaydasında rəsmiləşdirilmiş sənədin hüquqi qüvvəsinin aradan qaldırılması üçün qanunda nəzərdə tutulmuş etibarsızlıq əsaslarından birinin mövcudluğu və həmin halın sübut edilməsi zəruridir. Hazırkı iş üzrə belə hal müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 33.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 34.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar