Məhkəmə qərarları › İş №e-2(3-8)-1007/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1007/2026

11.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1007/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, İddiaçı İsgəndərova Zülfiyyə İsmixan qızının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər * saylı Dövlət Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsindən İsgəndərov Tofiq İsmixan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin qismən təmin edilməsi, İsgəndərov İsmixan Məmməd oğlundan miras qalmış Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, ** saylı mənzil üzrə İsgəndərov Tofiq İsmixan oğluna münasibətdə açıq saxlanılmış 1/3 hissədə miras payı iddiaçı İsgəndərova Zülfiyyə İsmixan qızı tərəfindən qəbul edilməklə miras əmlakda İsgəndərova Zülfiyyə İsmixan qızının ümumi payının ½ hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İsgəndərov Tofiq İsmixan oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İsgəndərov Tofiq İsmixan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də birinci və apellyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir. Bir qayda olaraq, məhkəmə aktlarından işdə iştirak edən şəxslər şikayət vermək hüququna malikdir. Lakin qanunverici qəbul edilmiş məhkəmə aktı ilə işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulma ehtimalının olduğunu və şikayətə baxan məhkəmə instansiyasının spesifik xüsusiyyətlərini nəzərə alaraq onların işə cəlb edilməsinin fərqli qaydalarını müəyyən etmişdir. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İşdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Maraevin şikayəti üzrə 2016-cı il ## #### tarixli Qərar). Nəzərə alınmalıdır ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Eyni zamanda, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini vermiş Tofiq İsgəndərov iş üzrə birinci instansiya məhkəməsində proses iştirakçısı olmamışdır. Buna baxmayaraq, həmin şəxs birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi isə şikayətin qəbul edilməsi və apellyasiya instansiyasına göndərilməsi zamanı qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsini araşdırmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Belə müdaxilə hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Mülki prosessual qanunvericiliyə əsasən apellyasiya şikayəti vermək hüququ yalnız işdə iştirak edən şəxslərlə məhdudlaşmır. İşdə iştirak etməyə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxslər də apellyasiya şikayəti vermək hüququna malikdirlər. Lakin belə şəxsin apellyasiya instansiyasına müraciət etmək hüququnun yaranması üçün mühüm hüquqi şərt ondan ibarətdir ki, qətnamə bilavasitə onun hüquq və ya vəzifələri barədə nəticə yaratmış olsun. Başqa sözlə, şəxsin sadəcə olaraq mübahisənin nəticəsində maraqlı olması, qətnamənin onun faktiki və ya iqtisadi maraqlarına müəyyən təsir göstərə bilməsi və yaxud qətnamə ilə razılaşmaması həmin şəxsin apellyasiya şikayəti vermək üçün prosessual legitimliyini avtomatik yaratmır. Qətnamənin nəticə hissəsindən və onun hüquqi nəticələrindən həmin şəxsin hüquq və vəzifələrinin bilavasitə müəyyən edilməsi, dəyişdirilməsi, məhdudlaşdırılması və ya ona xitam verilməsi irəli gəlməlidir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi şikayəti apellyasiya instansiyasına göndərərkən şikayətçinin işə cəlb edilməmiş şəxs kimi hansı konkret hüquq və vəzifələrinin qətnamə ilə müəyyən edildiyini və ya qətnamənin onun hüquqi vəziyyətinə necə təsir etdiyini müəyyən etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, İsgəndərov Tofiq İsmixan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, İsgəndərov Tofiq İsmixan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360, 361, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI İsgəndərov Tofiq İsmixan oğlu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar