Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4316/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 sentyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Nuriyev Əli X2 Eliza Rizvan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a saylı evin 1 saylı mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddia tələbində qeyd olunan mənzili iddiaçı alğı-satqı yolu ilə cavabdehdən almışdır. Mənzil 16 oktyabr 2021-ci il tarixdən iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınsa da, cavabdeh indiyədək həmin mənzili iddiaçıya təhvil verməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil2 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, o, uzun illərdir ki yaşadığı, iddia ərizəsində göstərilən mənzili heç kimə satmaq niyyəti olmamışdır. Belə ki, Dilsuz adlı şəxs özünü sosial xidmət müəssisəsinin işçisi kimi təqdim edərək mənzilin onun adına özəlləşdirilməsinə köməklik göstərəcəyinə dair vəd vermiş, bunun üçün müxtəlif dövlət müəssisələrində onun yerinə iştirak etməsi üçün ondan etibarnamə almışdır. Bundan sonra isə onun məlumatı olmadan mənzili iddiaçıya satmışdır. Halbuki, o, Dilsuza ona kömək etsin deyə 5000 manat pul da vermişdir. Dilsuz isə mənzilini ondan xəbərsiz satsa da, mənzilin dəyərini ona ödəməmişdir. Sonda Cavabdeh məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 cavabdehin izahatına əlavə olaraq bildirdi ki, cavabdeh yaşlı, köməksiz insandır, yeganə yaşayış yeri iddia tələbində göstərilən mənzildir. Hazırda mənzil aldatma yolu ilə cavabdehdən alınaraq iddiaçının mülkiyyətinə verilmişdir. Belə ki, X7 cavabdehin adından etibarnamə ilə alğı-satqı edərək, mənzili iddiaçıya satmışdır. Bu alğı-satqıdan cavabdehin xəbəri olmamışdır. Yalnız hazırki mülki işlə bağlı məhkəmə iclasının vaxtı barədə bildirişi aldıqdan, məhkəmədə iştirak etdikdən sonra cavabdehə məlum olmuşdur ki, Dilsuz ondan xəbərsiz evini özgəninkiləşdirmişdir. Mənzilin 34500 manata, yəni real dəyərindən təxminən 3 dəfə ucuz satılması da onu göstərir ki, bu alğı-satqı dələduzluq yolu ilə cavabdehin əmlakının ələ keçirilməsi məqsədi ilə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - 09 oktyabr 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı iddia ərizəsində göstərilən, Cavabdeh mülkiyyətində olan mənzili 34500 manata almış, müqavilənin bağlanmasında alıcı kimi İddiaçı, satıcı kimi isə Cavabdeh əvəzinə etibarnamə əsasında X7 iştirak etmişdir. - “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh 19 aprel 2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ona məxsus bütün daşınar və daşınmaz əmlaka dair sərəncam vermək və s. hüquqlarla bağlı X5 etibarnamə vermiş, etibarnaməyə 05 aprel 2022-ci il tarixdə xitam verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, iddia tələbində göstərilən mənzil 16 oktyabr 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. - DİN-in BPQMİ-nin MAPS şöbərinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1.). Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir (153.2.). Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir (155.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur (17.1.). Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu (17.2.). Məhkəmə mübahisə predmeti olan mənzillə bağlı aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4.-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən yuxarıda qeyd olunan normaların tələbləri pozulduğundan iddiaçının mülkiyyət hüququ ilə özünə məxsus olan mənzildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh oradan çıxarılmaqla, onun həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a saylı evin 1 saylı mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4316/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4316/2022
02.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver