Məhkəmə qərarları › İş №2(001)-4323/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4323/2023

18.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4323/2023 18.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-cı il tarixdən Bakı Baş Tikinti 2 nömrəli ev tikmə kombinatında 2-ci dərəcəli fəhlə kimi fəaliyyətə başlamışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixə qədər hərbi xidmətdə olmuşdur. 1985-ci il tarixdən həmin yerdə 3-cü dərəcəli Tokelajnik kimi çalışmışdır. 1988-ci ildə həmin yerdə keyfiyyət üzrə növbə ustası, 1994-cü ildə keyfiyyət üzrə növbə rəisi işləmişdir. 2008-ci il tarixdə işlədiyi yer özəlləşdirilərək "xxxx" ASC adı ilə əvəz olunmuşdur. 2009-cu il tarixdə təhlükəsizlik mühəndisi xx.xx.2023-cü il tarixdə həmin ASCdə qeyd etdiyi vəzifədən işdən çıxarılmış, həmin tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. 41 il ərzində işlədiyi ASC-də öz vəzifələrinin icrasını şərəflə yerinə yetirmişdir. İddiaçı hesab edir ki, onun işdən çıxarılması barədə əmr etibarsızdır. Belə ki, Əmək Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki, işəgötürən ixtisasları (peşələri) və ya peşakarlıq səviyyələri eyni olduqda işdə saxlanılmasına üstünlük verilən şəxslərdən biridə müharibə iştirakçılarıdır. İddiaçı da müharibə veteranı olduğundan işdən çıxarılma barədə əmrin etibarsız olduğunu hesab edir. Həmçinin iddiaçı qeyd edir ki, ASC-də onun da səhmləri var. Belə ki, 2008-ci il tarixli investisiya müsahibəsində satılmış səhmlərin alqı-satqı müqaviləsi ilə onun da həmin müəssisədə səhmi var. Qeyd edilənlərə əsasən də, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli işdən çıxarılma barədə əmrin ləğv edilməsi və Təhlükəsizlik üzrə mütəxəssis vəzifəsinə təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmədə iştirak edən zaman cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, iddianı gəbul etmir. Belə ki, iddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində qaldırdığı iddiasında qeyd edir ki, işəgötürən onu qanunsuz və əsassız olaraq işdən çıxarmışdır. Bildirilir ki, işəgötürən tərəfindən qanunu şəkildə əmr təqdim edilib, rəsmi xəbərdarlıq, 9 həftəlik müddət təyin edilmiş, ödəniləcək məbləğ isə tərəflərindən kart hesabına köçürülmüş daha sonra isə ştat ləğv olunmuşdur. Eyni zamanda iddiaçı bildirir ki, işəgötürən onu AR ƏM 78-ci maddəsinə əsasən müvafiq tələblərə görə onu işdə saxlanılmasını nəzərə almalı idi. Bildirilir ki, işəgötürən ixtisara işçiləri yox, ştatı ixtisara almış və bununla bağlıda AR Əmək Məcəlləsinin normalarına tam riayət edərək müvafiq qaydalara uyğun və qanunvericiliyin tələblərinə cavab verərək (vaxtında rəsmi xəbərdarlıq, 9 həftəlik müddət təyin edilmiş və s.) qanuni şəkildə Əmr verilərək AR ƏM-nin 70 (b) maddəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd etmişdir ki, "xxxx" ASC uzun müddətdir ki, fəaliyyət göstərmədiyi üçün (bu barədə müvafiq sənədlər tərəflərindən məhkəməyə təqdim edilmişdir) onun tutduğu vəzifə üzrə işi qalmadığına görə ştat ləğv olunmuşdur və işəgötürənin əsaslandırıcı əmri tərəflərindən AR Əmək Məcəlləsinin normalarına tam riayət edərək müvafiq qaydalara uyğun və qanunvericiliyin tələblərinə cavab verərək tərtib olunmuşdur. Buna görə də, iddianın təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən iddiaçı qeyd edir ki, "xxxx" ASC-də səhmi var. Qeyd edilir ki, səhmdarlıqla bağlı iddia hal-hazırkı mülki işə heç bir aidiyyəti yoxdur, tərəf özü səhmlə bağlı istədiyi halda aidiyyəti Kommersiya Məhkəməsinə müraciət edə bilər. Tərəflərindən qəbul olunmuş əmr tam qanuni şəkildə rəsmiləşdirilmişdir və heç bir pozuntu yoxdur. Odur ki, iddiaçının iddiasının təmin olunması və xx.xx.2023-cü il tarixli işdən çıxarılma ilə bağlı əmrin ləğv edilməsinin heç bir hüquqi əsası yoxdur. Xüsusilə qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclasında 18 aprel 2023-cü il tarixli əmri yox, 15 fevral 2023-cü il tarixli əmrin qanunsuz olduğunu mübahisələndirmişdir. Bildirir ki, 15 fevral 2023-cü il tarixdə verilmiş əmrdən iddiaçının artıq 20 fevral 2023-cü il tarixdə xəbəri oldğunu təqdim edilən sənədlərdəndə açıq-aydın görmək mümükündür. Buna görə də, 15 fevral 2023-cü il tarixli əmrin ləğv edilməsi ilə bağlı iddia qaldırması iddia müddətini ötürdüyü üçün qanunsuzdur. Buna görə də iddia təmin edilməməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinin məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2008-ci il tarixli, İM-36 nömrəli "xxxx" ASC-nin investisiya müsabiqəsində satılmış səhmlərinin alqı-satqı müqaviləsinə, Protokola, 1 və 2 saylı əlavələrə əsasən, "xxxx" ASC-nin səhmləri (satıcı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi) "xxxx" MMC-yə satılmışdır. - xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinindən (Kontrakt) və bildirişdən görünür ki, İddiaçı ilə əmək müqaviləsi bağlanmış, sonuncu X1 vəzifəsinə təyin edilmiş və işə başlama vaxtı xx.xx.2009cu il tarixdən hesablanmışdır. - Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il də işə başlamış, xx.xx.2009cu il tarixdə "xxxx" ASC-də X1 vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıq məktubundan, 01-K saylı xx.xx.2023cü il tarixli əmrdən və qeyddən görünür ki, ASC tərəfindən İddiaçı rəsmi məlumat göndərilərək, ASC-nin strukturunda müvafiq dəyişiklilər həyata keçirilmiş və Təhlükəsizlik üzrə mütəxəssis vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonar tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam veriləciyi, əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər İ həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasında azad edilərək iş axtarmağına imkan yaradılmışdır. Həmçinin xəbərdarlığın əsli xx.xx.2023-cü il tarixdə İddiaçı ilə əyani tanış edildikdə sona işçi xəbərdalığıa imza atmaqdan imtina etməsi səbəbindən qeydiyyat ünvanına göndərilmişdir. - Global Express tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş məktub sonuncu tərəfindən qəbul edilsə də, qaiməyə qol çəkməkdən imtina etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. - Global Express tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş məktub sonuncu qaiməni imzalamamış və məktubu götürməmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 02 TS nömrəli ştatın ləğv edilməsi haqqında əmrə əsasən, xx.xx.2023-cü il tarixdə 1 (bir) ştat vahidi Ofis Meneceri; xx.xx.2023-cü il tarixində 1 (bir) ştat vahidi Mühafizəçi və xx.xx.2023-cü il tarixində 1 (bir) ştat vahidi Təhlükəsizlik üzrə mütəxəssis vəzifələri ləğv edilmişdir. - X2 (İMS) iştirak edilməməsi barədə Bakı 13 saylı Mediasiya təşkilatının arayışında görünür ki, İddiaçı işin məhkəmədən kənar həlli üçün xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. - "xxxx" ASC-nin Nizamnaməsinin 8.8-ci bəndinə əsasən, cəmiyyətin strukturu və ştat cədvəlinin təsdiq edilməsi Baş direktor tərəfindən həyata keçirilir və onun səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində göstərilir ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin 8-ci bəndində göstərilir ki, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: - b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər: Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir. Məhkəmə işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını və əmrin qanunauyğun olduğunu müəyyən edir. Məhkəmə qeyd edir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin müvafiq maddələrinə tam riayət edilmiş, işçinin iş stajı nəzərə alınaraq müqaviləyə xitam verilməmişdən qabaq işçiyə rəsmi xəbərdarlıq edilmiş, bundan sonra əmək müqaviləsinə qanunamüvafiq formada xitam verilmişdir. Yuxarıda qeyd edilən normalara əsasən, İddiaçı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar