Məhkəmə qərarları › İş №2(001)-4326/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4326/2024

14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4326/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəçi ərizədə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, mülki prosessual qanunvericiliyin imperativ tələbinə riayət etməmiş, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, ərizəçi eyni tələblə bağlı ərizə ilə 16 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, ərizə mülki prosesual qanunvericilikdə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3923/2024 saylı 21 may 2024-cü il tarixli qərardadına əsasən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsa da, ərizəçi tərəfindən qərardadda göstərilən nöqsanları aradan qaldırmadan təkrarən eyni tələblə bağlı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilmiş normaları nəzərə alaraq, hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263-264, 266-269, 307.2.10-1 və 310.2-ci maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar