Məhkəmə qərarları › İş №2(010)-4023/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4023/2025

09.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4023/2025 09.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, Ərizəçi, Ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 yanvar 1967-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Ərizəçi vəkili Sadıqov X10 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq məhkəmədən 01 yanvar 1967-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1993-cü il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi 01 yanvar 1967-ci ildə Gürcüstanda anadan olmuşdur. 08 aprel 1989-cu il tarixdə ailə həyatı qurmuşdur. 1994-cü ildə Ərizəçi ailəsi ilə birlikdə daimi yaşamaq üçün Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan ölkə ərazisini tərk etməmişdir (şəxsin ölkə ərazisinə giriş-çıxış məlumatları ilə bağlı sənədin əldə edilməsi ilçün Dövlət Sərhəd Xidmətinə vəkil sorğusu göndərilmişdir). Şəxs Azərbaycana köçdüyü zaman rəsmi olaraq heç bir yerdə yaşayış yeri üzrə qeydiyyata alınmamış və nəticədə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Şəxs həmin zamandan əri X2 və Azərbaycan Respublikasının vətəndaşı olan anası X7 ilə birgə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Ərizəçi övladı X9 xx.xx.1995-ci ildə Azərbaycanda doğulmuş və AR vətəndaşıdır. Həmçinin şəxsin qardaşı X13, kürəkəni X11, nəvələri X18 və X19 da Azərbaycan Respublikası vətəndaşlarıdır. 2018-ci ildə Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığı üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Ərizəçi Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Gürcüstan vətəndaşlığı üçün müraciət etsə də, Gürcüstan Səfirliyinin 06 fevral 2020-ci il tarixli, 05/00003005/2020-02 nömrəli arayışına əsasən Gürcüstan vətəndaşı hesab edilməmişdir. Bundan sonra 2023-cü ildə D.X8 Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciət etsə də, DMX tərəfindən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qərar qəbul edilmişdir. Hazırda Ərizəçi nə doğulduğu Gürcüstanın, nə də son 30 il ərzində daimi yaşadığı Azərbaycan Respublikasının vətəndaşı sayıldığı üçün faktiki olaraq vətəndaşsızlıq (vətəndaşlığı olmayan şəxs) vəziyyətindədir. Onun Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün ölkə ərazisində daimi yaşaması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Qüvvədə olan qanunvericilikdə şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmadığına görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. 01 yanvar 1967-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin məzmununa uyğun çıxış edərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən Ərizəçi vəkili Vəkil izahatında göstərmişdir ki, Ərizəçi 01 yanvar 1967-ci ildə Gürcüstanda anadan olmuşdur. 08 aprel 1989-cu il tarixdə ailə həyatı qurmuşdur. Ərizəçi əvvəlcə 1990-cı il tarixdə Qazaxıstan Respublikasına köçmüş, orada yaşadığı zaman 1990-1993-cü illərdə Azərbaycan Respublikasına mütəmadi gəlib-getmişdir, sonradan 1993-cü ilin ikinci yarısından etibarən ailəsi ilə birlikdə daimi yaşamaq üçün birdəfəlik Azərbaycan Respublikasına köçmüşdür və həmin vaxtdan ölkə ərazisini tərk etməmişdir. Ərizəçi övladı X9 xx.xx.1995-ci ildə Azərbaycanda doğulmuş və AR vətəndaşıdır. Həmçinin şəxsin qardaşı X13, kürəkəni X11, nəvələri X18 və X19 da Azərbaycan Respublikası vətəndaşlarıdır. 2018-ci ildə Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığı üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Ərizəçi Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi vasitəsilə Gürcüstan vətəndaşlığı üçün müraciət etsə də, Gürcüstan Səfirliyinin 06 fevral 2020-ci il tarixli, 05/00003005/2020-02 nömrəli arayışına əsasən Gürcüstan vətəndaşı hesab edilməmişdir. Bundan sonra 2023-cü ildə D.X8 Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciət etsə də, DMX tərəfindən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" xx.xx.2023-cü il tarixli, ******* nömrəli Qərar qəbul edilmişdir. Hazırda Ərizəçi nə doğulduğu Gürcüstanın, nə də son 30 il ərzində daimi yaşadığı Azərbaycan Respublikasının vətəndaşı sayıldığı üçün faktiki olaraq vətəndaşsızlıq (vətəndaşlığı olmayan şəxs) vəziyyətindədir. Onun Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün ölkə ərazisində daimi yaşaması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məhkəmədən 01 yanvar 1967-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1993-cü il tarixdən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə həmin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X14 izahatında göstərmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14- cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizənin təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmədən müvafiq qətnamənin qəbul edilməsini xahiş edir. xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ərizə məhkəməyə ünvanlanmışdır. Həmin ərizədə göstərilmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair” mülki işlə əlaqədar bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14- cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006- cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı və Dövlət Sərhəd Xidmətinin müvafiq məktubuna əsasən şəxsin ölkə ərazisindən kənara giriş-çıxışının qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Gürcüstan və Qazaxıstan Respublikası) təqdim edilməsini; 2.1-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini; 3.1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması halda şəxsin ərizəsinin təmin olunmasına etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X23 16 sentyabr 2023-cü il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla aşağıdakı səbəblərdən belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, şəxsin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı olmadığı müəyyən edilmişdir. Həmin qərarla, 01 yanvar 1967-ci il təvəllüdlü X23-ın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. Suraxanı rayon İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, döngə 1 ev 2 ünvanda qeydiyyatsız yaşayır 1991-ci il tarixdən bu günə kimi. Suraxanı rayon İHB-nın Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi həqiqətən 1993-cü ildən indiyə kimi aşağıdakı ailə tərkibi ilə - əri xx.xx.1967-ci il təvəllüdlü X2 və anası X7 ilə birgə ünvan 3 ünvanında qeydiyyatsız yaşayırlar (qonşuların aktına əsasən). Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1995-ci ildə doğulmuş və valideynləri X4 ilə Ərizəçi Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2016-cı ildə doğulmuş və valideynləri X11 ilə X5r. 4 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2008-ci ildə doğulmuş və valideynləri X11 ilə X5r. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X1 «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30.091998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstan Səfirliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi «Gürcüstan vətəndaşlığı haqqında» Gürcüstanın orqan qanununun 30cu maddsinin «Q» bəndinə müvafiq olaraq o, Gürcüstan vətəndaşı hesab edilmir. Dmanisi VRA xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Qurbanova Dilşad xx.xx.1967-ci ildə Gürcüstan Dmanisidə doğulmuş və valideynləri Kamal Qurbanov ilə Mələk Qurbanovadır. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İsmayılova X6 Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətində Məlumatlar Bazasında əhalisinin sənədləşməsində yoxdur və ona Qazaxıstan Respublikasının vətəndaşı olması barədə sənəd verilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərəd Nəzarətinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İsmayılova (Qurbanova) Dilşad Kamal qızının dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur. xx.xx.1989-cu ildə ailə həyatı qurmuşdur. Ərizəçi əvvəlcə Qazaxıstan Respublikasında yaşamış, 1993-cü ildən etibarən ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmüşdür və həmin vaxtdan ölkə ərazisini tərk etməmişdir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin ərizəçiyə məsələnin həlli ilə bağlı rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda məhkəmə müəyyən edir ki, ərizəçi nə Azərbaycan Respublikasının, nə də Gürcüstan Respublikasının vətəndaşı deyil. Hazırda ərizəçinin vətəndaşlıqla bağlı müraciət etməsi üçün onun Azərbaycan Respublikası ərazisində 1993-cü ildən bu günədək daimi yaşaması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi milliyyətcə azərbaycanlıdır. Beləliklə də, məhkəmədə müəyyən edilmişdir ki, ərizəçi faktiki olaraq 1993-cü ildən hazırki vaxta kimi fasiləsiz olaraq Azərbaycan Respublikasının Bakı şəhərində yaşayır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, 01 yanvar 1967-ci il təvəllüdlü Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1993-cü il tarixindən Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1993-cü il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar