Məhkəmə qərarları › İş №2(3-7)-700/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-700/2026

07.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-700/2026 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi «şəxsin Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi» barədə ərizəsinə dair iş üzrə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ərizəçi Ərizəçi və maraqlı şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Maraqlı şəxs) «şəxsin Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi» barədə ərizəsinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. II-ФР seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1981-ci il tarixdə anadan olmuş Ərizəçi atası X9, anası X12.

2. AZ-II seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2005-ci il tarixdə anadan olmuş X2 atası X3, anası X10.

3. AZ-İ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında olan nikah ##.##.2013-cü il tarixdə 352 akt qeyd nömrəsi ilə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır.

4. MYI seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Ərizəçi Azərbaycan Respublikasında yaşamaq üçün ##.##.2015-ci il tarixdən ##.##.2016-ci il, ##.##.2016-ci il tarixdən ##.##.2017-ci il tarixədək icazəsi olmuşdur.

5. DYI seriyalı ******* nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı Ərizəçi Azərbaycan Respublikasında yaşamaq üçün ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək icazəsi olmuşdur.

6. Maraqlı şəxs tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ******* nömrəli qərarın surətindən görünür ki, ##.##.1981-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır.

7. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, konsulluq şöbəsi tərəfindən verilmiş Rusiya Federasiyası vətəndaşlığının olmadığının yoxlanılması barədə ##.##.2024-cü il tarixli ********* nömrəli nəticədən çıxarışın tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4-Mansiysk şəhərində doğulmuş ##.##.1981-ci il təvəllüdlü Yusifova (Usmanova) Gulzhan Şakirovna (Soyad nikaha daxil olmaqla əlaqədar dəyişilib, nikah haqqında şəhadətnamə № AZ-İ № ******, verilib ##.##.2013-cü il Gəncə şəhəri Kəpəz rayonu Qeydiyyat şöbəsi tərəfindən). Ərizəçinin şəxsiyyəti Tümen vilayəti Tümenski rayonu Borovski milis bölməsi tərəfindən ##.##.2003-cü il tarixdə verilən 7103 ****** nömrəli Rusiya Federasiyası vətəndaşının pasportuna əsasən müəyyən edilib. Azərbaycan Respublikasının Gəncə şəhərində yaşayır. Rusiya DIN-nin Tümen vilayəti üzrə idarəsinin ##.##.2023-cü il tarixli **/*/*-***** saylı cavabına əsasən, G.Ş.Yusifovanın, (Usmanova) həmçinin onun valideynləri ##.##.1959-cu il təvəllüdlü Usmanova (Yemelyanova) Nadejda Vasilyevnanın və X13 Rusiya Federasiyası ərazisində yaşamaları haqqında ##.##.1992-ci ilə aid məlumat yoxdur, buna görə də ərizəçinin Rusiya vətəndaşlığına mənsub olmasını təsdiq etmək mümkün deyil. Rusiya XIN-nin vətəndaşlıq üzrə elektron məlumat bazasında aparılan yoxlanılmış nəticələrinə əsasən və Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən G.Ş.Yusifova (Usmanova) Rusiya Federasiyası vətəndaşlığını almağı rəsmiləşdirən şəxslər arasında qeyd edilmir. Yuxarıda göstərilən faktları və təqdim edilən sənədlərin öyrənilməsi əsasında belə nəticəyə gəlinib ki, G.Ş.Yusifova (Usmanova) Rusiya Federasiyası vətəndaşı deyil. Tümen vilayəti Tümenski rayonu Borovski milis bölməsi tərəfindən ##.##.2003-cü il tarixdə verilən Rusiya Federasiyası vətəndaşının pasportu 7103 № ******; RF ərazisindən kənarda RF vətəndaşının şəxsiyyətini təsdiq edən Rusiya XIN 99401 tərəfindən ##.##.2012-ci il tarixdə verilən RF vətəndaşının pasportu 53 № ******* ilə olan sənədləşmə əsassız hesab edilmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən görünür ki, Ərizəçi ərizəsi təmin edilmiş, ##.##.1981-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olmuş Ərizəçi ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikasında yaşaması faktı müəyyən edilmişdir.

9. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-**/*-****/** nömrəli məktubdan görünür ki, ##.##.1981-ci il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında ##.##.2019 (çıxış) və ##.##.2019 (giriş) qeyd olunmuşdur.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2003-cü il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ##.##.1981-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayətinin Xantı-Mansiyska rayonunda anadan olmuş, 2001-ci il tarixdən etibarən X3 ilə faktiki nikah münasibətlərinə girərək yaşamış, 2003-cü il tarixdə isə əri ilə birlikdə Azərbaycan Respublikasına gələrək daimi əsaslarla burada, yəni Gəncə şəhərində yaşamışdır. 2005-ci il tarixdə onların birgə nikahlarından X2 dünyaya gəlmişdir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün aidiyyəti üzrə Dövlət Miqrasiya Idarəsinə müraciət etmiş, cavabında (imtina məktubunda) isə ona bildirilmişdir ki, 2003-cü il tarixdən hazırki dövrədək Azərbaycan Respublikası ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra müraciətinə yenidən baxılacaqdır. Bundan sonra Ərizəçi məhkəmədə iddia qadırmış və məhkəmədə vəkil ilə iştirak etmişdir. Gəncə şəhər Məhkəməsinin hakimi tərəfindən ətraflı araşdırma aparılmış və bütün müvafiq sorğular verilərək cavablar əldə edilmişdir. Məhkəmə işin faktiki hallarını da tam doğru şəkildə müəyyən etməklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları hissəsində qeyd etmişdir ki, Ərizəçi 2006- ci ilin yanvar ayının 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışdır. Məhkəmə tərəfindən bu hal müəyyən edilməsinə baxmayaraq iddaçının vəkili tərəfindən anlaşılmayan səbəbdən iddia tələbinin azaldılması barədə ərizə təqdim edilmişdir ki, məhkəmə də verilən tələbdən kənara çıxa bilmədiyi üçün işə həmin tələb üzrə baxmışdır. Qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra, icra olunması üçün maraqlı şəxsə təqdim edildikdə isə iddia tələbinin vətəndaşlıq verilməsi üçün lazım olan illəri əhatə etmədiyini bildirmişlər. Bundan başqa həllini tapmayan digər bir məsələ də şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi olmuşdur ki, həmin hal da ərizədə göstərilməmişdir. Lakin, qanunun tələbinə görə heç bir dövlətin vətəndaşlığına mənsub olmama faktının müəyyən olunması zəruridir və bu səbəblə hazırki tələbdə heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsini də məhkəmədən xahiş edirlər. Ərizəçi özü könüllü şəkildə yox, məcburi şəkildə Rusiya Federasiyasının vətəndaşlığından çıxarılmışdır. Bunu ##.##.2024- cü il tarixli çıxarış təsdiq edir və həmin sənəddə qeyd edilir ki, Ərizəçi ##.##.2012-ci il tarixdən etibarən Rusiya Federasiyası vətəndaşı deyil.

12. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ədil Məmmədov) ##.##.1981-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş Ərizəçi 2003-cü il tarixdən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.10-1 və 308-ci maddələrinə, habelə «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019cu il tarixli * nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Ərizəçi Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onun 2003-cü ildən ##.##.2022-ci il tarixədək heç bir dövlətin vətəndaşlığına mənsub olmaması qənaətinə gələn məhkəmə hesab etmişdir ki, şəxsə vətəndaşlıq verilməsi üçün həmin şəxsin mütləq həmin illər ərzində heç bir dövlətin vətəndaşı olmadan ölkə ərazisində yaşaması tələbi vardır. Halbuki qanunvericilikdə belə bir tələb yoxdur və əsas meyar şəxsin vətəndaşlıq alan anda heç bir dövlətin vətəndaşı olmamasıdır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsində də qeyd edilir ki, 2006-cı il ######ın #-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxslər vətəndaşlıq ala bilər. Dispozisiyadan açıq-aşkar aydın olur ki, heç bir dövlətin vətəndaşlığına mənsub olmama 2006cı il ######ın #-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşama illəri ilə şərtləndirilməmişdir. Bundan başqa qeyd edir ki, məhkəmə çıxışı zamanı da tərəfindən qeyd edilmişdir ki, xahişi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması hissəsində illəri əhatə etmir və iş materiallarında olan Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, konsulluq şöbəsi tərəfindən verilmiş Rusiya Federasiyası vətəndaşlığının olmadığının yoxlanılması barədə ##.##.2024-cü il tarixli, ********* nömrəli nəticədən çıxarışın tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünürdüyü kimi Rusiya Federasiyasının vətəndaşlığından məcburi qaydada çıxarılma ilə əlaqədar olmuşdur. Bundan başqa qeyd edir ki, yuxarıda qeyd edilən maddənin sonunda yazılır ki, bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Iş materiallarına əlavə edilmiş sənəddən də məlum olur ki, o, könüllü şəkildə çıxmamış, Rusiya Federasiyası tərəfindən məcburi qaydada çıxarılmışdır. Maddənin birinci hissəsində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır qeyd edilmişdir ki, buradan da başa düşülür ki, şəxs əcnəbi olsa belə daimi yaşamaq üçün icazə alarsa, başqa ölkənin vətəndaşı olması onun vətəndaşlıq almasına mane olmur. Məhkəmə isə ərizəçinin başqa dövlətin vətəndaşı olması səbəbindən ərizəni rədd etmişdir. Halbuki, qanunvericilik əcnəbi vətəndaşa da daimi yaşaması əsası ilə vətəndaşlıq verməkdədir, bu şərtlə ki, vətəndaşlıq alarkən heç bir dövlətin vətəndaşlığına mənsub olmasın. Tərəfindən maraqlı şəxsin nümayəndəsinə bu məsələni aydınlaşdırmaq məqsədi ilə sual verilmiş, nümayəndə də cavabında bildirmişdir ki, şəxs vətəndaşlıq almaq üçün şəxsin daimi yaşadığı illər ərzində heç bir dövlətin vətəndaşı olmamaq kimi bir məcburiyyət yoxdur. Xarici vətəndaşda qanuni əsaslarla ölkə ərazisində daimi yaşayarsa ona vətəndaşlıq verilə bilər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Əvvəlki məhkəmə iclasında ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, ##.##.1981-ci il tarixdə Rusiya Federasiyasının Tumen vilayəti, Xantı- Mansiysk şəhərində anadan olmuşdur. 2001-ci ildə X3 ilə ailə qurmuş, 2003-cü ildə isə onunla birlikdə Azərbaycan Respublikasına gələrək həmin vaxtdan burada yaşamışlar. Birgə ailə münasibətlərindən 2005-ci ildə Elşən adlı uşaqları doğulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq ərizəçi bildirmişdir ki, Azərbaycan Respublikasına gəlməmişdən əvvəl Rusiya Federasiyasında yaşamışdır. Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsi ilə burada nikah bağlamışdır. Sonradan Rusiya Federasiyası onu vətəndaşlıqdan çıxartmışdır. 2003-cü ildən hazırkı tarixədək fasiləsiz olaraq Azərbaycanda yaşamışdır. Bu illər ərzində yalnız bir dəfə Türkiyədən gələn oğlunu qarşılamaq üçün Gürcüstana getmiş, 1-2 saat ərzində ölkəyə geri qayıtmışdır.

18. Əvvəlki məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 bildirmişdir ki, ərizəçi Gulzhan Şakirovnaya Azərbaycanda yaşaması üçün əvvəllər müvəqqəti icazə verilmişdir. Ərizəçiyə əvvəllər Rusiya Federasiyasının pasportu verildiyi üçün Azərbaycanda yaşamaq üçün müvəqqəti icazə verilmişdir. Rusiya Federasiyası vətəndaşlığa xitam verdikdən sonra Azərbaycanda yaşamaq üçün icazə verilməmişdir. Ərizəçi hansı ölkənin vətəndaşı olması ilə bağlı sorğu vermişlər və məlum olmuşdur ki, o, heç bir ölkənin vətəndaşı deyildir. Azərbaycanda daimi yaşaması məhkəmə qaydasında təsdiq olunarsa Ərizəçi Azərbaycan vətəndaşlığının verilməsi məqbul hesab ediləcəkdir.

19. Hazırkı məhkəmə iclasında ərizəçi Ərizəçi apellyasiya şikayətini müdafiə etmiş və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq ərizəçi bildirmişdir ki, ##.##.2003-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən hazırkı vaxtadək fasiləsiz olaraq burada yaşamışdır. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

20. Hazırkı məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasındakı verdiyi izahata əlavəsi olmadığını və işin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildirmişdir.

Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun

21. Maddə 14. Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRI vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il ######ın #-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

22. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarı 12-ci bənd Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRI vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il ######ın #-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 307.2.2. Məhkəmə şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır.

28. Maddə 307.2.10-1. Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı barədə işlərə baxır.

29. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.

30. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

31. Maddə 310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə qismən təmin edilməli, ##.##.1981-ci il tarixdə Rusiya SFSR, X4-Mansiysk şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və ## ### 2003-cü il tarixdən ## ###### 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir.

39. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Ərizəçi ##.##.1981-ci il tarixdə Rusiya SFSR, X4-Mansiysk şəhərində doğulmuşdur. Ərizəçi əvvəllər Rusiya Federasiyasının vətəndaşı olmuşdur. O, ## ### 2003-cü il tarixdə Azərbaycan Respublikasına gəlmiş, daha sonra X3 ilə birgə münasibətlərindən ##.##.2005-ci il tarixdə Elşən adlı uşaqları doğulmuşdur. Hazırda Ərizəçi heç bir dövlətin, o cümlədən Rusiya Federasiyasının vətəndaşlığına mənsub deyildir. Dövlət Sərhəd Xidmətindən alınmış məlumata görə, Ərizəçi ##.##.2019-cu il tarixdə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına getmiş və həmin gün də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. O, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə ərizə ilə Maraqlı şəxs müraciət etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bundan sonra o, hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, 2003-cü ildən ##.##.2022-ci il tarixədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

41. Ərizəçinin xahişi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsindən ibarətdir.

42. Kollegiyanın qənaətinə görə, işin hallarına “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslinin müddəaları əsasında hüquqi qiymət verilməlidir.

43. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRI vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il ######ın #-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir.

44. Həmçinin həmin maddəyə əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

45. Işin müəyyən edilmiş və faktiki hallarına əsasən müəyyən olunur ki, ərizəçi Ərizəçi Rusiya Federasiyası vətəndaşı olmuş, həmin ölkənin pasportu əsasında Azərbaycan Respublikasına gəlmiş və ölkə ərazisində müvəqqəti yaşamasına müvafiq dövlət orqanı tərəfindən icazə verilmişdir

46. Bununla belə, ərizəçi Ərizəçi X3 ilə ailə münasibətləri qurmuş, onların bu münasibətlərindən ##.##.2005-ci il tarixdə, Gəncə şəhərində Elşən adlı uşaqları doğulmuşdur. Işin bu halı da özlüyündə onu göstərir ki, həqiqətən də ərizəçi Azərbaycan Respublikasına 2006cı il ######ın #-dək gəlmişdir.

47. Diqqətəlayiq hallardan biri də odur ki, ərizəçi müvəqqəti deyil, məhz daimi əsaslarla Azərbaycan Respublikası ərazisində yaşamışdır. Belə ki, hələ 2006-cı ildən əvvəl Azərbaycan Respublikasına gəldiyi halda yalnız bir dəfə, ##.##.2019-cu il tarixdə Gürcüstan Respublikasına getmiş və elə həmin gün də Gürcüstan Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Işin bu halı sorğu əsasında Dövlət Sərhəd Xidmətindən alınmış məlumat əsasında öz təsdiqini tapmışdır.

48. Hazırda isə ərizəçinin şəxsiyyətini təsdiq edən etibarlı sənədləri mövcud deyildir. Belə ki, Rusiya Federasiyasının vətəndaşlığı ləğv edilmişdir. Bu isə ərizəçinin heç bir dövlətin vətəndaşlığına mənsub olmadığını təsdiq edir.

49. Həmçinin, ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Onun bu barədə Maraqlı şəxs etdiyi müraciət də müsbət nəticə verməmişdir.

50. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, ərizəçiyə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsində əks olunmuş hər 3 şərt mövcud olduğundan onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır.

51. Kollegiya həmçinin göstərir ki, Ərizəçi ərizəsində 2003-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsini xahiş etsə də, lakin o, hazırkı məhkəmə iclasında verdiyi izahatında ## ### 2003-cü il tarixdə Azərbaycan Respublikasına gəldiyini və həmin tarixdən hazırkı vaxtadək fasiləsiz olaraq burada yaşadığını bildirmişdir. Belə olan təqdirdə, ərizəçinin Azərbaycan Respublikasına gəldiyi ## ### 2003-cü il tarixdən burada daimi yaşaması faktı müəyyən edilməlidir.

52. Birinci instansiya məhkəməsi isə qanunun sözügedən maddəsini səhv təfsir etmiş, beləliklə də iş üzrə yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək ərizə qismən təmin edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. ##.##.1981-ci il tarixdə Rusiya SFSR, X4-Mansiysk şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və ## ### 2003-cü il tarixdən ## ###### 2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar