Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4328/2025 27.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs2 MTK ilə ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayışının ikinci mərtəbəsində, Maraqlı şəxs2 MTK-nın təsdiq etdiyi cizgi-planla yeri təyin olunmuş, ümumi sahəsi 95 kv.m qeyriyaşayış sahəsinin, mənzil kimi istifadə edilməsi, bu əmlakın pay haqqının (xx.xx.2016-cı il tarixli yekun maliyyə arayışı) Ərizəçi tərəfindən ödənilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilsin. Ərizə onunla əsaslandırılmışdır ki, bildirirəm ki, 06 may 2016-cı il tarixdə Maraqlı şəxs2 MTK ilə alqı-satqı müqaviləsi bağlayaraq, ünvan 2 ünvanında çoxmənzilli yaşayış binasının qeyri-yaşayışa aid ikinci mərtəbəsində 95 kv.m sahəsinin pulunu tam ödəməklə almışdır. Həmin qeyri-yaşayış sahəsi tərəfindən təmir edilmiş, sahibliyində və istifadəsindədir. Hazırda da həmin qeyri yaşayışdan yaşayış sahəsi kimi istifadə edir. Əmlakın dəyərinin ödənilməsi barədə xx.xx.2016-cı il tarixli maliyyə arayışında olan imzanın ekspertin rəyi ilə kooperativin sədri Maraqlı şəxs3 tərəfindən icra edildiyi, möhürün də həqiqi olduğu müəyyən edilmişdir. Xətai rayon Məhkəməsinin 2(011)- 2647/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsində, Bakı Apellyasiyanın keçirtdiyi ekspertizanın nəticəsində də Ərizəçi sahibliyində olan sahənin qeyri-yaşayış sahəsi təyinatlı olduğu göstərilmişdir.Ərizəçi hazırda sahibliyində olan qeyri-yaşayış sahəsinin xx.xx.2016-cı il tarixli müqavilə əsasında və ekspertiza həqiqiliyi təsdiq edilmiş(xx.xx.2016-cı il tarixli maliyyə arayışı) maliyyə arayışları və cizgisi də koordinatlar üzrə təsdiq edilmiş kooperativ tərəfindən möhürlə təsdiq edilmiş cizgi sxem əsasında hüquqverici sənədlər almışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə, qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə, belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Ərizəyə əlavə edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs2 MMC-nin Ərizəçi qarşı xx.xx.2016-cı il tarixli müqavilə və müqaviləyə aid olan maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, müqavilə və maliyyə arayışları etibarsız hesab edilmiş, Ərizəçi binanın 2-ci mərtəbəsində yerləşən 95 kv.m qeyri-yaşayış sahəsindən(hazırda mənzildən) çıxarılması qət edilmişdir. Həmin qətnamadən Ərizəçi tərəfindən verilən apellyasiya və kasassiya şikayətləri təmin edilməmişdir. Hazırda isə Ərizəçi etibarsız hesab edilmiş müqavilədəki mənzil üzərində sahiblik və istifadə faktının, eyni zamanda etibarsız hesab edilmiş maliyyə arayışı üzrə ödənişin onun tərəfindən edilməsi faktının müəyyən edilməsini xahiş edir. Göründüyü kimi ərizəçinin məhkəmədən müəyyən edilməsini xahiş etdiyi fakt şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olan hüquqi nəticə yaratmır. Belə ki, sahibliyində və istifadəsində olduğunun tanınması istənilən mənzildən artıq ərizəçinin çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa hüquq haqqında mübahisə olduğu və ərizəçinin də həmin mübahisəni uduzduğu aşkardır. Odur ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunu Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-4328/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4328/2025
27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver