Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4329/2020 10.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı vəkili X3, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və onun Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin təsisçisinin xx.xx.2019-cu il tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmiş və xx.xx.2019-cu il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. O, cəmiyyəti təhvil alarkən onun borcları barədə ona məlumat verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı alındıqdan sonra ona məlum olmuşdur ki, cəmiyyətin müxtəlif müqavilələr üzrə borcları var. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə işdən azad olunması barədə təsisçiyə müraciət etmiş və xx.xx.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Həmin vaxt təsisçi tərəfindən ona şifahi qaydada bildirilmişdir ki, onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdə xitam veriləcəkdir. Lakin həmin vaxtdan bir aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun işdən azad olunması barədə qərar qəbul edilməmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı direktor vəzifəsini tutsa da, nəticə etibarı ilə cəmiyyətin işçisidir. O, cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinə əsasən direktor vəzifəsinə işə qəbul edilmiş və tutduğu vəzifədən azad edilməsi barədə ərizə ilə də artıq cəmiyyətə rəsmi qaydada müraciət etmişdir. Bu səbəbdən də qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə görə onunla bağlanmış əmək müqaviləsinə təsisçinin müvafiq əmri ilə xitam verilməli və o, tutduğu vəzifədən azad edilməlidir. Lakin təsisçi bunu etmək istəmir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə ərizə ilə cəmiyyətə müraciət etmişdir. Lakin həmin vəzifəyə işə qəbul edilməsi üçün hər hansı başqa şəxs tərəflərindən müəyyən edilmədiyindən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilmirlər. Bu vəzifəyə real namizəd olan kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Göstərilənlərin nəzərə alınmasını və qanunvericiliyin tələblərinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Cavabdeh MMC-nin direktoru (təkbaşına icra orqanı) vəzifəsində işləyir və onun təyin edilməsi, habelə geri çağırılması ümumi yığıncağın müstəsna səlahiyyətlərinə (cəmiyyətin təsisçisi bir nəfər olduqda, ümumi yığıncağın səlahiyyətləri təsisçi tərəfindən təkbaşına həyata keçirilir) aid edilmişdir. Yalnız bu barədə qərar qəbul edildikdən sonra onunla cəmiyyət arasında əmək müqaviləsi bağlana və ya ləğv edilə bilər. Göründüyü kimi, cəmiyyətdə direktorun təyin edilməsinin proseduru müəyyən edilmiş və cavabdeh də məhz bu prosedura uyğun olaraq, yəni ilk öncə təsisçi tərəfindən qərar qəbul edilməklə, daha sonra isə onunla əmək müqaviləsi bağlamaqla iddiaçını cəmiyyətin direktoru vəzifəsinə təyin etmişdir. Bu səbəbdən onun həmin vəzifədən azad edilməsi, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi də bu prosedura uyğun həyata keçirilməlidir. Bu da öz növbəsində hazırki iddiaya məhkəmədə baxılmasını qeyri-mümkün edir. Eyni zamanda, məhkəmə o, halı da vurğulayır ki, iddiaçı cavabdehə rəsmi ərizə ilə müraciət edərək, onu cəmiyyətin direktoru vəzifəsindən azad edilməsini xahiş etmişdir. Lakin bu ərizəyə uyğun olaraq, cavabdeh tərəfindən hər hansı bir tədbir görülməmiş, o cümlədən təsisçi tərəfindən bu barədə müvafiq qərar qəbul edilməmiş və növbəti addım olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı öz iradəsinə zidd olaraq, hazırki vəzifəsində saxlanılır. Bu hal mövcud vəziyyətdə onun zorla işlədilməsi kimi də qiymətləndirilə bilər. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 3-cü hissəsi bunu birmənalı olaraq qadağa edir. Bu da öz növbəsində iddiaçının onun cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cəmiyyətin üzərinə qoyulmasını məhkəmə qaydasında tələb etmək hüququnu istisna etmir (məhkəmə iddiaçı tərəfə iddia tələbini dəyişdirməyi təkli etsə də iddiaçının vəkili yuxarıda qeyd edilən mövqeydən çıxış edərək, tələbi dəyişdirməkdən imtina etmiş və iddianı müdafiə etmişdir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyinatın aparılmasının xüsusi prosedurunun müəyyən edildiyini nəzərə alıb, belə qənaətə gəlir ki, bu məsələ ilə bağlı təsisçinin qərarı olmadan tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilə bilməz. Başqa sözlə, hazırki iddiaya məhkəmə qaydasında baxıla bilməz və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı onun Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad edilməsi, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını məhkəmə qaydasında tələb etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-4329/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4329/2020
10.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver