Məhkəmə qərarları › İş №2(001)-4331/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4331/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4331/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «fors-major halla bağlı icarə haqqı ödənişinin müvəqqəti dayandırılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı «fors-major halla bağlı icarə haqqı ödənişinin müvəqqəti dayandırılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizə tələbin ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”İddiaçı” MMC-nin qanuni təmsilçisi Ali Konyar ilə Cavabdeh arasında xx xxxx 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 516.2 kv.m. qeyri-yaşayış sahəsi 1 il müddətinə iddiaçıya icarəyə verilmişdir. İddiaçı tərəfindən həmin sahə qəbul edilmiş və sahibkarlıq fəaliyyətinə başlanılmışdır. Müqavilə üzrə iyun ayı üçün icarə haqqı iddiaçı tərəfindən ödənilmişdir. 2020-ci ilin əvvəlindən COVİD-19 virusunun yayılması ilə forsmajor hal yaranmışdır. Həmin halla bağlı iddiaçı iş fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış və bu barədə cavabdehə xəbərdarlıq etmişdir. İddiaçının etdiyi xəbərdarlığa baxmayaraq icarəyəverən iddiaçıdan işləmədiyi iyul və avqust ayları üçün icarə haqqı tələb etməkdədir. Lakin aralarında olan razılaşmaya görə karantin müddətindən sonra icarə haqqı ödənilməli idi. Bundan əlavə cavabdeh həmin sahəni digər şəxslərə icarəyə vermək istəyir. “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışlardan görünür ki, İddiaçı MMC (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyicisidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2.-ci maddəsinə müvafiq olaraq, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1.-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 26.2.-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini, hüquq münasibətlərinin xarakterini nəzərə alaraq və mülki prosessual qanunvericiliyi analogiya üzrə tətbiq edərək belə nətəcəyə gəlirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün ərizənin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilməlidir ki, o, Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinin tələblərini əsas götürərək, iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4., 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı «fors-major halla bağlı icarə haqqı ödənişinin müvəqqəti dayandırılması» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar