Məhkəmə qərarları › İş №2(001)-4332/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4332/2024

09.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4332/2024 09.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbini artıraraq məhkəmədən, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin gözətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi və dəymiş mənəvi zərərin əvəzi olaraq 11000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, MMC-dı gözətçi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə xidməti sahəsində qüsursuz işləmişdir. Lakin MMC xx.xx.2024-cü il tarixli, 02/KŞ nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilərkən ona bildirmişlər ki, guya 0, xx.xx.2024-cü il tarixdə mühasibatlıq işlərinin aparıldığı otağa daxil olaraq orada olan printeri rəhbərliyin icazəsi olmadan müəssisənin yerləşdiyi ərazidən kənara çıxartmışdır. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməyi yazılsa da, əmək kitabçasında ƏM 70-ci maddəsinin “e” bəndinə əsasən vəzifədən azad edildiyi qeyd edilmişdir. Onun ƏƏSMN-ə xx.xx.2024cü il tarixli müraciətinə verilən cavabdan müəyyən edilmişdir ki, MMC tərəfindən hətta son haqq-hesabın ödənilməsində də səhvə yol verilmiş və barəsində inzibati tənbeh tətbiq edilmişdir. Mediasiya prosesində barışıq sazişinin bağlanması ilə bağlı iclas təxirə salınsa da, sonda tərəflər arasında barışıq sazişi bağlana bilməmişdir. İşdən azad olunandan sonra cavabdehdən əmrin surətini, əmək kitabçasını tələb etsə də, ona verilməmiş, mediasiya zamanı yalnız şəkilləri göndərilmişdir. Bundan əlavə işdən əsassız azad edilməsi nəticəsində o, stres və sarsıntı keçirmişdir və printerin guya müəssisədən özbaşına çıxarılması barədə iddia isə ona təsir etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, MMC-nin MMC-nin əvvəlki direktoru Fərrux müəllim ilə yeni direktor Fariz müəllimin arasında təhvil-təslim olandan sonra MMC-nin mühasibi vəzifəsində işləyən Gülçöhrə xanım Fərrux müəllimdən printerin 1 aylıq müvəqqəti saxlanılmasını xahiş etdi. Çünki MMC-nin yeni direktoru işçiləri printerlə təmin etməmişdir. Onu da qeyd edim ki, sözügedən printer MMC-nin köhnə direktoru Fərrux müəllimin özünün şəxsi printeri idi və MMC-yə direktor təyin olunanda özü ilə gətirmişdir. Mən iyun ayından daxili əmr ilə MMC-nin xidmət rəisi vəzifəsində işləyirdim. MMC-nin köhnə direktoru Fərrux müəllim mənə zəng edərək, printerin ona qaytarılmasını bildirdi və hətta bu barədə İdman Nazirliyindən MMC-nin yeni direktoru Fariz müəllimə də məlumat verdiklərini bildirdi. MMC-nin yeni direktoru mənim yerimə öz qohumunu işə düzəltmək istəyirdi. Bu səbəbdən müxtəlif bəhanələr gətirərək, məni işdən azad etmişdir. Mən heç bir qanunsuz iş görməmişəm. Sadəcə olaraq, yeni direktor işə təyin olunanda bütün işçilərin işdən azad olunmaları barədə ərizələrini almışdır, mən isə belə bir ərizə yazmadım. Bundan başqa mediasya mərhələsində Gülçöhrə xanım qanunsuz olaraq məni işdən çıxardıqlarını etiraf etdi. Printeri Fariz müəllimin reseptionda işləyən oğlu götürüb NBM-də Fərrux müəllimin göndərdiyi Mirzəyə vermişdir.

4. Verilən suallara cavab olaraq iddiaçı bildirdi: Printeri mən verməmişəm, mən sadəcə olaraq Fariz müəllimin katibəsinə zəng edərək, printerin dalınca gəldiklərini bildirmişəm, katibə isə məlumatlı olduqlarını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Dürdanə xanım printeri Riyada vermiş, Riyad isə printeri MMC-nin nəzarət buraxılış məntəqəsinə qoymuşdur. MMC-nin rəhbərliyi polisə şikayət etməmişdir, mən işdən çıxarılmağımla bağlı X2 şikayət etmişəm. Mən daxili əmrlə xidmət rəisi olmuşam, lakin hazırda gözətçi vəzifəsinə bərpa olunmağımı istəyirəm.

5. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı 12 il mühafizəçi vəzifəsində işləyib. Lakin MMC-nin adları müxtəlif vaxtlarda dəyişdirilib. MMC-yə yeni direktor təyin olunandan sonra iddiaçı ilə yeni direktorun arası müəyyən məsələlərdə münasibətləri korlanmışdır. Biz iddia tələbi ilə məhkəməyə müraciət edəndən sonra əmək kitabçasını və əmrin surətini iddiaçıya təqdim etmişlər. Cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixli 02/KŞ nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Əmək Müqavilsəinə xitam verilərkən iddiaçıya bildirilmişdir ki, guya iddiaçı xx.xx.2024-cü il tarixdə mühasibatlıq işlərinin aparıldığı otağa daxil olaraq orada olan printeri rəhbərliyin icazəsi olmadan müəssisənin yerləşdiyi ərazidən kənara çıxarmışdır. Lakin iddiaçı heç bir qanunsuz iş görməmişdir. Həmçinin qeyd edim ki, əmrdə iddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad edilməsi yazılsa da, əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən vəzifədən azad edilməsi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfin guya mediasiyada onlar tərəfindən razılıq olmaması barədə dedikləri yalandır. Belə ki, mediasiyada olarkən cavabdeh tərəfindən iştirak edən Gülçöhrə xanım gah hüquqi savadının olmadığını, gah Cavidin səhv etdiyini, gah onların səhv etdiyini, gah bu məsələni müdürnən danışmalı olduğunu, gah onun səlahiyyəti olmadığını bildirdiyindən, onlar da işçinin hüquqlarının bərpasının şübhə altına alınmaması üçün mediasiyanı davam etdirməmişlər.

6. Məhkəmə iclaslarında cavabdeh nümayəndə vasitəsilə təmsil olunmasa da, onun vəkili Vəkil2 və baş mühasibi Nümayəndə məhkəmə zalına gəlmişdir. Vəkil2 əvvəlki məhkəmə iclasında bildirdi ki, iddiaçı öz vəzifə səlahiyyətlərini aşmış və müəssisədə iş vaxtından kənar qadağan olunmuş otağa daxil olaraq printeri oğurlamışdır. Bundan sonra iddiaçı işdən çıxarılmışdır. Lakin iddiaçının hərəkətləri barəsində polisə şikayət verilməmişdir. Daha sonra iddiaçıya dəfələrlə işə qayıtması təklif edilsə də, iddiaçı işinə qayıtmamış və hazırki tələblə məhkəməyə müraciət etmişdir. Biz bu gün də iddiaçını öz işinə qayıtmasını təkilf edirik və mübahisənin barışıq sazişi ilə bağlanmasının tərəfdarıyıq. Əlavə olaraq bildirirəm ki, müəssisə cənab prezident tərəfindən daimi nəzarətdə saxlanılır. Müəssisənin maddi imkanları sıfıra bərabərdir. İddiaçı tərəfindən götürülən printer müəssisənin balansındadır və iddiaçı printeri götürərkən icazə almalı idi.

7. Vəkil verilən suallara cavab olaraq bildirdi : Əmri ləğv edib, iddiaçını işə bərpa edə bilərik. Əmr verilənə qədər iddiaçı bir dəfə işə gecikdiyinə görə ona xx.xx.2024cü il tarixdə yazılı qaydada xəbərdarlıq edilmişdir. İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna görə işdən çıxarılmışdır. Biz iddiaçınının işdən çıxarılmasını düzgün rəsmiləşdirməmişik.

8. Bundan əlavə Vəkil2 sonuncu məhkəmə iclasında iştirak etməsə də, elektron qaydada yazılı ərizə göndərmişdir. Həmin ərizədə isə qeyd edilmişdir ki, İddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 02/KŞ saylı əmrin dəyişdirilməsi barədə işə götürən tərəfindən iddiaçıya dəfələrlə təklif verilmiş və Mediyasiya baxışı zamanı eyni təklif yenidən verilmiş,lakin iddiaçı tərəfindən maddi təzminat tələb etməsi nəticəsində barışıq əldə edilməmişdir.İddiaçı hər dəfə onlardan xeyli miqdarda pul alacağını bildirmişdir. Mediyasiyya bitdikdən sonra "xxxx" MMC-nin mühasibi və nümayəndəsi Nümayəndə tərəfindən iddiaçı ilə işə qayıtması barədə danışıqlar aparmiş (Disk Əlavə edilir) müxtəlif təkliflər verilmiş, əmək kitabçasında düzəliş ediləcəyini bildirmiş və məşğulluq alt sisteminə bu barədə düzəliş ediləcəyini təklif etmişdir. İddiaçı isə hər dəfə müxtəlif vasitə və təkliflə (hədə-qorxu ilə) çıxış edərək, işə qayıtmaqdan imtina etmişdir. Sonuncu dəfə xx.xx.2024cü il tarixdə Məhkəmə iclasın başlayan kimi,cavabdehin nümayəndəsi və vəkili tərəfindən, həmçinin digər nümayəndə tərəfindən yenidən təklif verilərək iddiaçının işə qayıtmasını təkidlə xahiş etmişlər.İddiaçı isə yenidən təklifi qəbul etməyərk, əksinə iddianın həcmini artıraraq 10 000 manat təzminnat tələb etmişdir. Bütün bunlar ona dəlalət edir ki,iddiaçının məqsədi əmək fəaliyyətini davam etdirmək deyil,cavabdeh təşkilata ziyan vurmaqla pul vəsaiti əldə etməkdir. AR MM-nin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasənHüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan suiistifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Hazırkı iş üzrə belə bir hal yaranmışdır. Cavabdeh tərəfindən ilk günlərdən iddiaçının işə qayıtması təklifi veriləsinə baxmayaraq o bütün təkliflərdən imtina etmişdir.Məqsədi işəgötürənə (dövlətin himayəsində olan təşkilata) ziyan vurmaqla gəlir əldə etməkdir ki,bu da yolverilməzdir. Hesab edirəm ki, iddia qismən təmin edilə bilər,iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 02/KŞ saylı əmr ləğv edilərək, iş buraxma üçün haqq ödənmədən iddiaçı öz əvvəlki işinə qayıda bilər. Çünki, iş buraxma iddiaçının özünün işə qayıtmaması səbəbindən baş vermişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Gənclər və İdman Nazirliyinin tabeliyində olan Cavabdeh MMC-də direktor vəzifəsində çalışmış, daha sonra Şağan idman kompleksinə təyinat almışdır. O Voleybol Mərkəzindən işdən çıxarkən 2018-ci ildə kreditlə öz şəxsi vəsaiti hesabına aldığı printeri özü ilə aparmaq istəmiş, lakin onun işə gətirdiyi Gülçöhrə xanım ondan yeni printer alınanadək ona məxsus printerin qalması üçün 2 həftə möhlət istəmişdir. Bundan sonra aylar keçmiş və onun printeri xəbərdarlıqlarına baxmayaraq, geri qaytarılmamışdır. Bu barədə həm Gülçöhrə xanımla, həm də Fariz müəllimlə dəfələrlə danışıqları olmuşdur. 5-6 keçdikdən sonra yenə Fariz müəllimlə əlaqə saxlamağa çalışsa da, buna müyəssər olmamış və Nazirliyin kuratoru Ərşad müəllimdən printerin qaytarılması ilə bağlı tədbir görməsini xahiş etmişdir. Ərşad müəllim daha sonra ona Farizlə artıq danışdığını və gedib Printeri götürə biləcəyini bildirmişdir. O, əraziyə daxil olmadan mərkəzə yaxınlaşmış və ona aid olmayan qara rəngli printer təqdim edilmişdir. O isə həmin printerin ona məxsus olmadığını bildirmiş və qəbul etməkdən imtina etmişdir. Bu barədə isə Ərşad müəllimə gileylənərək, gözləməyə vaxtı olmadığından çıxıb getmişdir. Daha sonra Ərşad müəllim ona artıq gedib printeri götürə biləcəyini dedikdən sonra o, Mirzə adlı işçisini Mərkəzə göndərmişdir. Mirzə qapıda gözlədiyi vaxt mərkəzdən heç kəs onun telefonlarına cavab vermədiyinə görə Cavidə zəng vurmuş və telefonu Mərkəzdə çalışan qızlara ötürməyi xahiş etmişdir. Cavidin telefonu vasitəsilə qızlarla danışan zaman, ona printerə katric aldıqlarını bildirərək, yenə də qaytarmaqdan imtina edirdilər. Daha sonra Gülçöhrə xanım ona zəng vurmuş və Printeri indi verəcəklərini bildirmişdir. Həmin printerin Cavid və ya başqa şəxs tərəfindən Mirzəyə təhvil verilməsinin şahidi olmamışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 02/KŞ nömrəli əmrinə əsasən Cavabdeh MMC-də gözətçi vəzifəsində çalışan İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 16 fevral 2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrin əsaslandırılmasında qeyd edilmişdir ki, Cavabdeh MMC-də gözətçi vəzifəsində çalışan İddiaçı işlədiyi dövrdə müxtəlif vaxtlarda müəssisədaxili intizam qaydalarına əməl etməyərək işə gecikmiş və ona xəbərdarlıqlar edilmişdir. İddiaçı 2024-cü ilin 15 fevral tarixində mühasibatlıq işlərinin aparıldığı otağa daxil olaraq orada olan əşyanı(printeri) rəhbərliyin icazəsi və tapşırığı olmadan müəssisənin yerləşdiyi ərazidən kənara çıxarmış və bununla da Cavabdeh MMCnin fəaliyyətinə təsir göstərərək onun qanuni mənafeyinə ciddi xələl gətirmişdir.

11. İşçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən xitam verildiyi barədə Əmək kitabçasında işəgötürən tərəfindən qeyd aparılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “ç” hissəsində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin: e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

13. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən işçinin müəssisədaxili intizam qaydalarına əməl etməyərək işə gecikdiyinə və MMC-nin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətə yol verdiyinə əsaslanaraq, işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Lakin tədqiq edilmiş sübutlar əsasında işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduğu müəyyən edilmir. Belə ki, əvvəla cavabdeh işçinin işə dəfələrlə gecikdiyi və ona dəfələrlə xəbərdarlıq edildiyi barədə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə işçinin printeri rəhbərliyin icazəsi və tapşırığı olmadan müəssisənin yerləşdiyi ərazidən çıxarması mahiyyətli hərəkətin nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin hansı qaydada pozulduğu, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi müəyyən edilmir. Əgər işəgötürən işçini müəssisənin əmlakını oğurlamaqda ittiham edirdisə, bu barədə hər hansı hüquqi addım atılmaması anlaşılan olmamışdır. Halbuki, tədqiq edilən sübutlar əsasında sözügedən printerin iddiaçı tərəfindən götürüldüyü müəyyən edilməmiş, cavabdeh isə əksini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə işəgötürənin intizam tənbehi verməmişdən əvvəl işçini çağırıb izahatını alması, məsələ ilə bağlı araşdırma aparması da işin halları ilə müəyyən edilmir. Odur ki, işçinin işdən çıxarılması barədə əmr formal olaraq əsaslandırılmış və nəticədə işçinin qanunla qorunan mənafeyi pozulmuşdur.

14. Odur ki, işçinin hüquqları bərpa edilərək, əmək müqaviləsinə xitam verilməsi barədə qanunsuz əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Cavabdehin məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməli olmaması barədə etirazını məhkəmə ona görə əsassız hesab edir ki, cavabdehin qanunsuz hesab etdiyi əmri ləğv etmək imkanı olsa da, bunu etməmişdir və bu hal əksinə işəgötürənin məsuliyyəti ilə bağlı olan məsələdir.

15. Məhkəmə iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbini isə əsassız hesab edir. Belə ki, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması ilə bağlı işəgötürən tərəfindən hər hansı hərəkət edilməmişdir. Tətbiq edilən prosessual normalar:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

17. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

18. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

20. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/KŞ nömrəli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə tutduğu əvvəlki vəzifəsinə bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddia qismən təmin edilsin. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh xx.xx.2024-cü il tarixli, 02/KŞ nömrəli əmri ləğv edilsin. Məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə tutduğu əvvəlki vəzifəsinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar