Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4347/2022 11.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı istifadə etdiyi kommunal xidmətlərə görə 4605,00 (dörd min altı yüz beş ) manat, quraşdırılmış antenaya görə 315 (üç yüz on beş) manat, quraşdırılmış sayğaclar üçün 260 (iki yüz altımış) manat olmaqla, ümumilikdə 5180 (beş min yüz səksən) manat pulun və ödənilmiş 71,80 manat dövlət rüsumunun tutularaq İdeal inşaat company “ MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 26 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh X1 Leyla Rafiq qızı ilə əvəz olunmuş və iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ideal-İnşaat Company” Mənzil - Tikinti Kooperativi xx.xx.2003-cü ildən Ədliyyə Nazirliyində 0103-P36-39077 nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan sonra 2006-cı ildə isə MTK ünvan 1 ünvanında 1 çoxmərtəbəli (17 mərtəbəl) çoxmənzilli bina inşa etmişdir. Lakin inşa olunmuş binanın payçıları tərəfindən 2021 -ci ilin iyul ayınadək MMMC-nin yaradılmaması ilə əlaqdar olaraq həmin binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirinin, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında "xxxx" MTK öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixində "xxxx" MTK ləğv olunur və onun hüquqi varisi "xxxx" MMC yaranır və qeydiyyatdan keçir. Lakin "xxxx" MTKnın varisi olaraq xərclədiyi kommunal pulları bəzi sakinlərdən ala bilmir. İddiaçı İdeal- İnşaat Company MMC ilə cavabdeh X5 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən birinci tərəfindən Bakı şəh, M,Cəlal küçəsində inşaa edilən 17 mərtəbəli bir bloklu binanın 2 nömrəli evinin 3 otaqlı 47 saylı mənzili ikinciyə təqdim edilmişdir, C.Musayev də payçı olaraq mənzilin pulunu tam olaraq ödəyib və mənzilini təhvil almışdır. Ceyhun Musayev ilə həmçinin xx.xx.2015-ci ildə “Kommunal Xidmətlərin göstərilməsi və ödənişi haqqında 47 saylı” Müqavilə də imzalanmışdır. Həmin müqaviləyə əsasən 3 otaqlı mənzillər üçün aylıq kommunal xidmətlərə görə xərc 45 manat olaraq müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixində bağlanılan 127 saylı müqavilə ilə isə qiymət 50 manat olaraq müəyyən edilmişdir. Cavabdeh hal-hazırda yaşadığı (Bakı şəh. Binəqədi r-nu.9 mkr. Mir.Cəlal küçəsi, İD ev 2, mənzil 47), 3(üç) otaqlı mənzilə görə xidmət haqqı borcunu 2014-ci ildən aprel ayından 2021-cu ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilib və binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunub. Hazırda C.Musayevin İdeal-İnşaat Company MMCyə 4605,00 manat kommunal xərclərə görə, 315,00 manat isə quraşdırılmış antenaya görə borcu yaranmışdır. Ceyhun Musayevə dəfələrlə borcun ödənilməsi üçün müraciət olunsa da o borcun müəyyən hissəsini ödəsə də hələdə borcunu tam olaraq ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə lazım olan kommunal xidmətlər cəmiyyət tərəfindən göstərilsə də, cavabdeh tərəfindən göstərilən xidmətlərin qarşılığında hər hansı ödəniş etməmişdir. Cəmiyyətin ümumi yığıncağı keçirilmiş, nəticədə idarəedici qismində iddiaçı təyin edilmişdir. Odur ki, iddianın əsaslı olması səbəbindən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 2013-cü ildən həmin mənzildə yaşasada, mənzil 2017ci ildə onun mülkiyyətinə keçib və onunla komunal xərclərlə bağlı heç bir müqavilə bağlanmayıb. Əvvələr artıqlaması ilə müəyyən ödənişlər etsədə sonradan iddiaçı tərəfdən məbləğlərin hansı əsasla hesablanmasına dair açıqlama verilməmiş ki tələb olunan məbləğlərin təyinatı aydın olsun. Belə ki, təkçı elektrik enerjisinə görə iddiaçı hər ay 70-100 manat tələb edirdisə sayğac quraşdırıldıqdan sonra bu məbləğ 10 manatdan çox olmur. Sonda cavabdeh iddianın əsassız olmasına görə rədd olunmasını xahiş etdi. Aşağıdakılara görə məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materiallarında olan: -xx.xx.2012-ci il tarixli Mənzilin tikintisi haqqında Müqaviləyə əsasən, İddiaçı MTK Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli, 2 bloklu 2 nömrəli evin, 3 otaqlı 47 nömrəli mənzili payçı X3 verməyi, payçı isə pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC "xxxx" MMC-dən 176 ədəd Fransanın “Aktaris” firmasının istehsalı olan G4 Gallus 2002” elektron qaz sayğacının hər birinin qiyməti 218 manat olan, ümumi dəyəri 38368 manat məbləğində sayğaclar almışdır. -xx.xx.2012-ci il tarixdə "xxxx"ASC ilə İddiaçı MTK arasında elektrik enerjisinin alqısatqısı barədə müqavilə bağlanmışdır. -xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli İddiaçı MMC ilə Musayev Ceyhun arasında “Kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilələr bağlanmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 1 D, giriş 2, mənzil 47 Musayeva leylaRafiq qızının mülkiyyətindədir. -İddiaçı MTK-nın xx.xx.2014-cü il tarixli qərarından və ümumi yığıncağın protokolunun çıxarışından görünür ki, 2 otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il kv.m-dən asılı olaraq qış ayları(yanvar, fevral mart, aprel, noyabr, dekabr) üçün 100 AZN, yay ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 50 AZN müəyyən edilmişdir. -İddiaçı MTK-nın xx.xx.2015-ci il tarixli qərarından və ümumi yığıncağın protokolunun çıxarışından görünür ki, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci ilin qış ayları üçün 60 azn, yay ayları üçün 65 azn müəyyən edilmişdir. -İddiaçı MMC-nin təsisçilərinin xx.xx.2016-cı il tarixli, 06 saylı qərarından görünür ki, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 45 manat müəyyən edilmişdir. -İddiaçı MMC-nin təsisçilərinin xx.xx.2017-cı il tarixli, 07 saylı qərarından görünür ki, 3 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 50 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi: kommunal xidmətlərə görə 4605,00 (dörd min altı yüz beş ) manat, quraşdırılmış antenaya görə 315 (üç yüz on beş) manat, quraşdırılmış sayğaclar üçün 260 (iki yüz altımış ) manat olmaqla, ümumilikdə 5180 (beş min yüz səksən) manat pulun və ödənilmiş 71,80 manat dövlət rüsumunun tutulmasından ibarətdir. İlk növbədə iddiada sayğac və antenna quraşdırılmasına görə cavabdehdən pulun tələb olunması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək üçün tərəflər arasında öhdəlik münasibəti yaranmış olmalıdır. Lakin iddiaçı onunla cavabdeh arasında sayğac və antena quraşdırılması barədə müqavilənin olmasına dair sübut təqdim edə bilmiş, nə də ki tələb etmə hüququnun yaranma əsasını göstərə bilmişdir. Odur ki, antenaya görə 315 manat və sayğaclar üçün 260 manatın ödənilməsi üçün cavabdehin nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliyinin yaranması işin halları ilə müəyyən edilmir. İş materiallarında yalnız su sayğacına görə hər mənzil üçün ödənilmiş 218 manat öz təsdiqini tapır, məhkəmə hesab edir ki, iddia bu hissədə 218 manat həddində təmin edilməlidir. Məhkəmə iddia tələbini cavabdehdən 2014-cü ildən kommunal xidmətlərin göstərilməsinə görə 4605,00 manat tutulması ilə bağlı qeyd edir ki, işin məhkəmə araşdırılması ilə cavabdehin 2013-cü ildən Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli, 2 bloklu 2 nömrəli evin, 3 otaqlı, 47 nömrəli mənzilində yaşaması və kommunal xidmətlərdən istifadə etməsi müyyən olunmaqla yanaşı, bu istifadəyə görə nəzərdə tutulmuş haqqların cavabdeh tərəfindən ödənilməsi təsdiq edilmir. Eyni zamanda kommunal haqqın miqdarı ilə bağlı da tərəflər arasında mübahisənin mövcudluğu sübut olunmur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçı ilə bilavasitə müqavilə bağlamasa da, hətta ona məxsus olan mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq, mənzilinin sahəsinə uyğun olaraq ödəməli olduğu, lakin ödəmədiyi kommunal haqqı iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır.(V.Ələsgərovun şikayəti üzrə Konsitutiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarı). Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. İşin hallarından göründüyü iddiaçı kommunal xidmət haqqlarını 2014-cü ildən tutulmasını tələb edir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2-ci və 551.2.1-ci və maddələrinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçı göstərilən kommunal xidmətlərə görə yaranmış borcun dövrünü 2014-cü ilin aprel ayından 2021-ci ilin iyun ayınadək hesablamaqla tələb edir. Halbuki, bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən iddiaçı Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinin tələbləri baxımından 2019-cu ilin aprel ayından sonra yaranmış borc məbləğini tələb edə bilər. Belə ki, bu tarixədək yaranmış borcun ödənilməsi haqqında tələb 5 il keçdiyindən qüvvəsini itirmiş olur. Bununla da cavabdehin borcun ödənilməsi üzrə 2019-cu ilin aprel ayınadək yaranmış öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir və ondan 2019-cu ilin aprel ayından 2021-ci ilin may ayınadək (sonuncu ay may) olan dövr üçün yaranmış kommunal haqqı borcu tutulmalıdır. İş materiallarında olan, iddiaçı tərəfindən X3 ünvanlandırılmış borc bildirişindən müəyyən edilir ki, C.Musayevdən 2019-cu ilin aprel ayından hər ay üçün 50 manat, 2021ci ilin may ayına isə 40 manat kommunal haqqı tələb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, kommunal haqqı həmin məlbəğlərə uyğun hesablanmalı və 2019-cu ilin aprel ayından 2021-ci ilin aprel ayınadək hər ay üçün 50 manat, 2021-ci ilin may ayı üçün isə 40 manat olmaqla ümumilikdə 1290 manat (50 manat X 25 ay + 40 manat) kommunal haqqı borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmətə görə 1290 manat, quraşdırılmış sayğacın dəyəri kimi isə 218 manat olmaqla, ümumilikdə 1508 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4347/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4347/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver