Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4352/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2007-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, Zəngəzur küçəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülmələei barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx xxxxxxx 1998-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarıdan xx xxxxxxxx 1999-cu il tarixdə X1 və xx xxxxxx 2007-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Birgə nikah münasibətlərində olduqları dövrdə 2007-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, Zəngəzur küçəsində 5 sot torpaq sahəsi almış və orada 3 otaqlı fərdi yaşayış evi tikdirmişlər. Ona məxsus cehiş əşyalar da həmin evə yerləşdirilmişdir. Həmin tarixdən cavabdehlə birlikdə orada yaşamış, birgə təsərrüfat aparmışlar. Sonradan cavabdeh xx xxxx 2020-ci il tarixdən onları evdən çıxarmış, bir daha evə buraxmamışdır. Yaşamağa başqa yerləri olmadığından o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyni bildirərək izahatında göstərdi ki, sözügedən evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Bununla belə, o, iddiaçını evdən çıxarmamışdır. Buna görə də, hazırki iddianın heç bir əsası yoxdur. Mülki iş materiallarında olan: - Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı xx xxxxxxx 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxxxx 1999-cu il tarixdə X1, xx xxxxxx 2007-ci il tarixdə X3 adlı uşaqları doğulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə ilk növbədə nəzərə alır ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasındakı münasibətlər 1998-ci ildən yaranmışdır. Ona görə də, mübahisəyə münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş qanunvericilik normaları, yəni Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Hazırkı halda isə iddiaçının iddia tələbi üzrə köçmək istədiyi fərdi yaşayış evi özbaşına tikinti sayıldığından burada mübahisəli evin qanuni rejiminin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürmə barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4352/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4352/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver