Məhkəmə qərarları › İş №2(001)-4353/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4353/2021

08.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4353/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri Binəqədi rayon X4 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə) “Azərbaycan Respublikasında yaşama faktının müəyyən olunması” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyən etdim: Ərizəçi “Azərbaycan Respublikasında yaşama faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ünvan 1 ünvanında 1993-cü ildən yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, qeyd olunan faktın müəyyən olunması ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığının alınması üçün lazımdır. Ərizədə həmçinin qeyd olunmuşdur ki, vətəndaşlığın alınması məsələsinin həlli ilə bağlı ərizəçi Bakı şəhəri Binəqədi rayon X3 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, onun müraciətləri təmin edilməmişdir. Lakin, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən isə müəyyən olunur ki, ərizəçi tərəfindən qeyd olunan hallarla bağlı Bakı şəhəri Binəqədi rayon X3 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilməsi və həmin müraciətlərinin hansı səbəblərdən təmin edilməməsi barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında işlərə baxır; -310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir; -310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir; -149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; -150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə edilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bundan əlavə, ərizəçi qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzi də ərizəyə əlavə etməmişdir. Belə ki, ərizəyə əlavə edilmiş 21 aprel 2021-ci il tarixli, 27065 nömrəli qəbzdən görünür ki, X1 tərəfindən ödənişin təyinatı “iddia predmetinə dair 3-cü şəxslərin işə qoşulması barədə - hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən” göstərilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin balansına 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, ərizəyə əlavə olunmuş qəbzdə qeyd olunan şəxs iş üzrə tərəf deyil və ərizəçinin adından hərəkət etmək səlahiyyətinin olması iş materialları (etibarnamə) ilə də öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində rüsum tutulur. Qeyd edilən Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlir ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Ərizəçi (maraqlı şəxslər Bakı şəhəri Binəqədi rayon X4 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb edilməklə) “Azərbaycan Respublikasında yaşama faktının müəyyən olunması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar