Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4382/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxx” X7 (əvvəlki təşkilati hüquqi forması – X3) qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxx” X7 (əvvəlki təşkilati hüquqi forması – X3) qarşı işə bərpa və məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmrin ləğv edilməsi, onun sahə nəzarətçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “xxxxxx” MMC-də xx xxxxxx 2019-cu il tarixdən sahə nəzarətçisi kimi rəsmi əmrlə müddətsiz işə qəbul olunmuş, işlədiyi müddətdə heç bir qanun pozuntusuna və peşə pozuntusuna yol verməmişdir. Bir dəfədə olsun fəaliyyəti ilə əlaqədar intizam məsuliyyəti yaratmamış və intizam məsuliyyətinə cəlb olunmamış. İşlədiyi müddətdə həmişə nizam-intizam qaydalarına riayət etmiş, hər hansı fəaliyyəti ilə bağlı qüsura yol verməmişdir. 2019-cu ilin avqust ayında əmək haqqı köçmədiyi üçün mühasibatlıqla əlaqə saxlamış, ona bildirmişlər ki, o işdən öz ərizəsi ilə azad olunmuşdur. O, belə bir ərizə yazmadığı bildiyi üçün yazmış olduğu ərizənin ona göstərilməsini, əmək kitabçasını və əmrin sürətinin ona verilməsi barədə dəfələrlə müraciət etməsinə baxmayaraq ona verməmiş, poçtla göndərəcəklərini söylərəyək bəhanələr gətirmişlər. xx xxxxxx 2019-cu il tarixdə onu öz ərizəsi ilə işdən azad olunması barədə, əmək kitabçanı, əmrin sürətini və son haqq-hesabımı ala bilməməyi ilə bağlı Əmək və X8 Nazirliyinə hüquqlarının pozulması barədə müraciət etmiş, bununla əlaqədar cəmiyyətin rəhbərliyinə ƏƏSMN-nin tərəfindən müvafiq qaydada məktub göndərilməsinə baxmayaraq hələdə bu günə kimi ona əmrin surəti və digər sənədlər verilməmişdir. Əmək və X8 Nazirliyinin xx xxx 2020-ci il tarixli məktubundan bilmişdir ki, ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisəsinin “a” bəndinə əsasən işdən çıxmağı (tərəflərdən birinin təşəbbüsü) qeydə alınmışdır. Amma xx xxxx 2019-cu il tarixli 68 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx xxxxxx 2019-cu ildə isə ona son haqq-hesab ödənildiyi müəyyən olunmuşdur. Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində onun barəsində araşdırmada əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Ona görə də yuxanda göstərdiyi qanun pozuntularından məlum olur ki, onun işinə idarə tərəfindən qeyri-qanuni olaraq xitam verildiyinə görə o, işinə bərpa edilərək işləməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, o, qeyri-rəsmi olaraq “xxxxxxxxxx” QSC-də işlədikdən sonra “xxxxxx” MMC-də rəsmi olaraq işə başlamışdır. Hər iki şirkət eyni şəxsə məxsusdur. Ona cavabdeh şirkətin işçiləri tərəfindən bildirilmişdir ki, o, 2019-cu ilin iyul ayında işdən azad olunmuşdur. O, 2019-cu ilin iyul ayından etibarən bir neçə ay ərzində dəfələrlə həmin şirkətə getmiş, işdən azad olunmağının səbəbinin ona bildirilməsini, əmək kitabçasının, əmrin surətinin ona verilməsini xahiş etmişdir. Hətta mühasib işləyən şəxs ona demişdir ki, rəhbərlik ona sənədlərin verilməsinə icazə vermir. O, bundan sonra şikayət ilə Dövlət Əmək Müffətişliyi Xidmətinə müraciət etmiş, ona xx xxx 2020-ci il tarixli məktubla cavab verilmişdir. Həmin məktubu aldıqdan sonra artıq məhkəməyə müraciət etməyə qərara gəlmişdir. Hal-hazıradək əmək kitabçası və əmrin surəti ona verilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən aktlar, davamiyyət tabeli sonradan tərtib edilmiş saxta sənədlərdir, onun belə sənədlərin mövcudluğundan ümumiyyətlə xəbəri olmamışdır. Ona cavabdeh şirkət tərəfindən izahatın verilməsi, habelə əmrin surətinin və əmək kitabçasının verilməsi ilə bağlı hər hansı zənglər edilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının işdən çıxarılması üçün ciddi əsaslar yaranmış, bu barədə iddiaçı xəbərdarlıq da olunmuşdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixli akta əsasən cəmiyyətdə sahə nəzarətçisi vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən işlədiyi sahəni tərk etmiş, xx xxxx 2019-cu il tarixli akta əsasən iddiaçı ona həvalə edilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməmiş, xx xxxxx 2019-cu il tarixli akta əsasən iddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən iş vaxtı davamiyyətini pozmuş, xx xxx 2019-cu il tarixli akta əsasən iddiaçı işəgötürənə heç bir məlumat vermədən və müntəzəm olaraq iş vaxtına başlama saatlarını pozmuş, xx xxxx 2019-cu il tarixli akta əsasən isə iddiaçı işəgötürənə heç bir məlumat vermədən və müntəzəm olaraq işə qarşı laqeydlik göstərmiş, davamiyyət qaydalarını pozmuşdur. Göründüyü kimi, iddiaçı ardıcıl olaraq nizam-intizam qaydalarını pozmuş, işəgötürənin tapşırıqlarını yerinə yetirməmişdir. İddiaçı tərəfindən qaydaların pozulması tərtib edilmiş aktlarla, habelə işçilərin hər gün işə gəlibgedərkən imzaladıqları davamiyyət cədvəli ilə də öz təsdiqini tapır. Eyni zamanda, iddiaçı davamiyyət cədvəlinə də imza etmirdi. Cavabdeh şirkətin iddiaçı ilə arasında heç bir ədavəti yoxdur, iddiaçı ciddi nizam-inzitam qaydalarını pozduğuna görə işdən azad edilmişdir. İddiaçı işdən azad edilməmişdən əvvəl izahat verilməsi üçün, habelə sonradan əmrin və əmək kitabçasının götürülməsi üçün cavabdeh şirkətə telefon vasitəsilə dəfələrlə çağırılmış, lakin iddiaçı bundan imtina edərək Şirkətə gəlməmişdir. Buna baxmayaraq, iddiaçı 1 ildən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bununlada qanunvercilikdə nəzərdə tutulmuş bir aylıq iddia müddətini də üzürsüz səbəbdən ötürmüşdür. Belə ki, iddiaçı özü də etiraf etmişdir ki, 2019-cu ilin iyul ayından bir neçə dəfə cavabdeh şirkətə getmiş və işdən azad olunduğu barədə məlumatı olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsi ilə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi və vəkili məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli, 01 nömərli aktdan görünür ki, cəmiyyətdə sahə nəzarətçisi vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən işlədiyi sahəni tərk etmiş və İddiaçı bu barədə xx xxxxxx 2019-cu il tarixdə yazılı xəbərdarlıq edilmişdir; xx xxxx 2019-cu il tarixli, 02 nömrəli aktdan görünür ki, cəmiyyətdə sahə nəzarətçisi vəzifəsində çalışan İddiaçı ona həvalə edilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmir və İddiaçı bu barədə xx xxxx 2019-cu il tarixdə yazılı xəbərdarlıq edilmişdir; xx xxxxx 2019-cu il tarixli, 03 nömrəli aktdan görünür ki, cəmiyyətdə sahə nəzarətçisi vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzürlü səbəb göstərmədən iş vaxtı davamiyyətini pozmuşdur və İddiaçı bu barədə xx xxxxx 2019-cu il tarixdə yazılı xəbərdarlıq edilmişdir; xx xxx 2019-cu il tarixli, 04 nömrəli aktdan görünür ki, cəmiyyətdə sahə nəzarətçisi vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və müntəzəm olaraq iş vaxtına başlama saatlarını pozmuşdur və İddiaçı bu barədə xx xxx 2019-cu il tarixdə yazılı xəbərdarlıq edilmişdir; xx xxxx 2019-cu il tarixli, 05 nömrəli aktdan görünür ki, cəmiyyətdə sahə nəzarətçisi vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və müntəzəm olaraq işə qarşı laqeydlik göstərir, davamiyyət qaydalarını pozur və İddiaçı bu barədə xx xxxx 2019-cu il tarixdə yazılı xəbərdarlıq edilmişdir; “xxxxxx” X1 direktoru tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmrin surətindən gprünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdən “xxxxxx” X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş, əsas kimi isə işçinin ərizəsi qeyd edilmişdir; “xxxxxx” X5 Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı xx xxxxxx 2020-ci il tarixli məktubunun surətindən görünür ki, “xxxxxx” X2 xx xxxxxx 2019-cu il tarixindən işçi olan İddiaçı xx xxxx 2019-cu il tarixdə elektron hökümət portalında əmək müqaviləsinə xitam verilmişdir. Lakin işçi özünün əmək funksiyasını və əmək öhdəliklərini yerinə yetirmədiyi və əmək vəzifələrini kobud şəkildə pozduğu halda, elektron hökümət portalında əmək müqaviləsinə xitamın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi olmasına baxmayaraq, səhvən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir; Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli məktubundan görünür ki, “xxxxxx" MMC-nin rəhbərliyi tərəfindən araşdırmaya təqdim olunmuş sənədlərdən onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi, son haqq-hesabının xx xxxxxx 2019-cu il tarixdə ödənildiyi və bu səbəbdən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən isə onunla bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi ilə bağlı bildirişin qeydiyyata alındığı məlum olmuşdur. Müəssisə rəhbərliyi xx xxxxxx 2020-ci il tarixli, 01/2020 nömrəli məktubunda elektron informasiya sistemində əmək müqaviləsinə texniki səhv olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilməsi ilə bağlı bildirişin qeydiyyata alındığını qeyd etmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən müddət keçdiyindən müəssisənin vəzifəli şəxsi barəsində hər hansı inzibati tənbeh tədbirinin görülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti və digər sənədlər sonuncu iş günü işçiyə verilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Bununla əlaqədar cəmiyyətin rəhbərliyinə tərəflərindən müvafiq qaydada məktub ünvanlanmışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı əmək qanunvericiliyinin aşağıda göstərilən maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 7 1-ci maddəsinin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 83-cü maddəsinin birinci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83-cü maddəsinin ikinci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186-cı maddəsinin ikinci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin birinci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, xx xxxx 2019-cu il tarixdə isə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən sahə nəzarətçisi vəzifəsindən azad olunmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, işə bərpa, məcburi buraxmaya görə əmək haqqının əvəzinin ödənilməsini tələb edir, cavabadehin nümayəndəsi və vəkili isə iddianı əsassız hesab etməklə yanaşı iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının tutduğu vəzifəsindən azad edilməsinə dair xx xxxx 2019-cu il tarixli, 68 №li əmrində iddiaçının “xxxxxx” X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyi qeyd edilsə də, həmin əmrdə bunun əsası kimi işçinin ərizəsi göstərilmişdir. Halbuki, cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında işçinin işdən azad olunmasına əsas kimi tərtib edilmiş aktları göstərmiş, iddiaçının həmin əmrdə qeyd edilən ərizəsini məhkəməyə təqdim etməmiş, həmçinin, iddiaçı özü də belə ərizə yazmadığını bildirmişdir. Bundan əlavə, qeyd olunan əmrdə cavabdeh Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamış, əmrdə yalnız iddiaçının Əmək Məcəlləsinin 70 “ç” maddəsi ilə işdən azad edildiyini göstərmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsininin tələb edilməsi də iş materiallarında öz təsdiqini tapmır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili işçiyə bununla bağlı dəfələrlə zəng edildiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad edilən 71, 83, 187-ci maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxxxx” X1 (hazırki təşkilatı hüquqi forması – X9) xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmri ləğv edilməli, İddiaçı “xxxxxx” X6 “sahə nəzarətçisi” vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “xxxxxx” X9 tərəfindən ödənilməlidir. Məhkəmə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə aşağldakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Cavabdehin tərəf isə iddiaçıya xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmrin surətinin və əmək kitabçasının verildiyini təsdiq edən sübutları (kitaba (jurnala) imza etdirməklə həmin sənədlərin işçiyə verilməsi, bu mümkün olmadıqda həmin sənədlərin poçt vasitəsilə işçiyə göndərilməsini təsdiq edən qəbz və s.) məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, həmin sənədlərin iddiaçıya verilməsi üçün onunla telefon vasitəsilə əlaqə saxlanılmış, lakin o, gəlməkdən imtina etmişdir. Halbuki, bununla da bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən cavabdeh “xxxxxx” X4 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiatəmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə “xxxxxx” X1 (hazırki təşkilatı hüquqi forması – X9) xx xxxx 2019-cu il tarixli, 68 nömrəli əmri ləğv edilsin. İddiaçı “xxxxxx” X6 “sahə nəzarətçisi” vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “xxxxxx” X9 tərəfindən ödənilsin. Cavabdeh “xxxxxx” X4 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-4382/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4382/2020
31.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver