Məhkəmə qərarları › İş №2(001)-4390/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4390/2020

07.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4390/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X12, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 40 ş/h saylı əmrinin ləğv edilməsi, onun həmin Cəmiyyətin X1 şöbəsinin müntəzəm və qeyri-müntəzəm X2 bölməsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmrin verildiyi tarixdən xx.xx.2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi, 4.000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2018-ci il tarixdə ‘‘xxxx” MMC-də (bundan sonra mətndə Cəmiyyət) X1 Şöbəsinin Müntəzəm və qeyri-müntəzəm X2 Bölməsinin mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. Əmək fəaliyyəti dövründə hər hansı inzibati tənbeh almamışdır. xx.xx.2020-ci il tarixdə isə 40 ş/h saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixdə onu Cəmiyyətə çağıraraq yuxarıdan tapşırıq gəldiyi və öz ərizəsi ilə işdən çıxmağını tələb etmişlər. O, isə bu çətin dövrdə hansı səbəblə ərizə yazmalı olduğunu, səhvinin nə olduğunu soruşduqda isə yuxarıdan 4 nəfərin işdən çıxarılması üçün tapşırıq gəldiyi bildirilmişdir. O, isə illərdir bu qurumda işlədiyini, heç bir səhvinin olmadığı halda bu karantin dövründə ərizə yazmayacağını bildirmişdir. Həmin gün işdə olan gərginliyə görə təzyiqi qalxmış və xx.xx.2020-ci il tarixdən müalicə almağa başlamış və bununla bağlı iş yerinə telefonla məlumat vermişdir. Bir neçə gün sonra isə iş yoldaşları vasitəsi ilə xx.xx.2020-ci il tarixdən qeyd olunan maddə ilə əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir. Hesab edir ki, aşağıda qeyd olunanlara görə Cəmiyyətin xx.xx.2020-ci il tarixli, 40 ş/h saylı əmri qanunsuz və əsassızdır. Cəmiyyətin xx.xx.2020-ci il tarixli, 40 ş/h saylı əmri ilə Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq, xəstə olduğu üçün xx.xx.2020-ci il tarixdən şəkər xəstəliyinə görə müalicə aldığı müddətdə yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi bir dövrdə onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Cəmiyyətin xx.xx.2020-ci il tarixli, 40 ş/h saylı əmrinin əsası olan vətəndaş İsmayılzadə Elzaminin xx.xx.2020-ci il tarixli şikayətində qeyd olunan hadisə zamanı o, orada olmamışdır. Həmin gün şöbə rəisi Anar Məmmədov ona zəng edərək, bir nəfərin qanunsuz olaraq avtobusla sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu, idarənin əməkdaşları tərəfindən saxlanıldığı, iş yoldaşı Nicat ilə birlikdə hadisə yerinə getmələrini, onlara bildirmişdir. Onlar onun göstərişinə əsasən hadisə yerinə getmiş və Elzamin adlı şəxsin idarəyə gəlməsini bildirmişlər. O, isə avtobusu yolun ortasına buraxaraq, onlardan əvvəl gəlmiş idarənin 10dan çox əməkdaşına etiraz edirdi. Sonra şöbə rəisinin göstərişi ilə yolun ortasında olan avtobusu dayanacağa aparmışlar. Daha sonra isə onlardan şikayət etdiyini eşitmişlər. Bir səhifəlik əmrlə 4 nəfərin əmək müqaviləsinə xitam verən Cəmiyyət həmin əmrdə 4 ədəd işçinin əmək müqaviləsinə hansı əsaslarla 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsini əsaslandırmamış, işçilərin hansı hərəkət (hərəkətsizliyi) nəticəsində işə götürən Cəmiyyətə hansı formada ziyan dəydiyi qeyd olunmamışdır. Onlar iki nəfər sadəcə şöbə rəisinin göstərişini yerinə yetirmişlər. O, bütün əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmiş, cavabdehə hər hansı formada ziyan vurmamışdır. Cəmiyyətin xx.xx.2020ci il tarixli, 40 ş/h saylı əmrinin məzmunu və əmək müqaviləsinə xitam verilmə qaydası əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, xx.xx.2020-ci il tarixli, 40 ş/h saylı əmrdə müəssisənin hüquqi ünvanı və əmək müqaviləsinin ləğv edilmə əsasları göstərilməmiş, əmrin sürəti və əmək kitabçası nümayəndəsinin xx.xx.2020-ci il tarixdə müraciətindən sonra ona verilmiş, son haqq-hesab isə əmək müqaviləsinə xitam verilməsindən bir neçə həftə sonra ödənilmişdir. Əmək müqaviləsinə xitam verilməzdən əvvəl onun izahatı alınmamışdır. Göründüyü kimi əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq, əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanun tələblərinə uyğun tərtib edilməmiş, əmr əsaslandırılmamış, əmr və əmək kitabçası qanunda müəyyən edilmiş müddətdə ona verilməyərək məhkəməyə müraciət etmək hüququ ləngidilmiş və inzibatı tənbeh verilən zaman onun izahatı belə alınmamışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan ciddi qanun pozuntuları ilə yanaşı cavabdeh təşkilat illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bilə-bilə, onunla olan əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verməsi nəticəsində ona həmçinin mənəvi zərər vurulmasına səbəb olmuşdur. Belə ki, qanunsuz olaraq işdən azad olunmağı səbəbindən stres yaşamış, və mənəvi sarsıntılar keçirmişdir ki, buna görə cavabdeh təşkilat maddi məsuliyyət daşımalıdır. 2020-ci il mart ayından etibarən COVİD-19 xəstəliyi ilə bağlı X15 tərəfindən pandemiya elan olunmuşdur. COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır. Virusun yayılmasının qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, xx xxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixinədək mərhələli olaraq xüsusi karantin rejimi elan edilmişdir. Belə bir vəziyyətdə, cavabdeh təşkilatın qanunsuz əmr verməsi, qanunsuz olaraq onu işdən azad etməsi maddi məhrumiyyətlərə gətirib çıxaracağından ona ciddi mənəvi sarsıntılar vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, “Mercedes-Bens” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasında və dayanacağa yerləşdirilməsində iştirak etməmişdir. Sadəcə olaraq, bu kateqoriya avtomobillərin idarə edilməsi üçün sürücülük vəsiqəsinə malik olduğundan ona verilmiş tapşırığa əsasən sonradan hadisə yerinə getmiş və yolun ortasında qalmış avtomobili yoldan kənara çəkmiş və yol kənarında olan dayanacaqda saxlamışdır. Bundan başqa həmin avtomobillə hər hansı formada təmasda olmamış, o cümlədən avtomobili cəmiyyətin dayanacağına sürərək aparmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zamanda, mübahisə ilə bağlı aidiyyəti sənədləri məhkəmənin dəftərxanası vasitəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını, o cümlədən cavabdeh tərəfindən təqdim edilmiş sənədləri araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ‘‘xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə vətəndaş X9 ‘‘xxxx” MMC-nin baş direktoruna şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə istifadəsində olan “Mercedes-Bens” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, cəmiyyətin əməkdaşları tərəfindən saxlanıldığını, 5-6 əməkdaş tərəfindən zorla maşından çıxarıldığını, həmin əməkdaşlardan ikisini, yəni Nicat və Ələddin adlı şəxsi tanıdığını, Ələddin adlı şəxsin onun avtomobilin açarını çıxardaraq cibinə qoyduğunu və sonradan avtomobilin sürülərək, aparıldığını, evinin açarlarının da avtomobildə qaldığını, bu səbəbdən ailəsinin evə daxil ola bilmədiyini, şikayət etdikdən sonra onun avtomobilinin ona qaytarıldığını,əməkdaşların çoxunu üzdən tanımadığını, Ələddin, Nicat, Əli və Xəyal adlı əməkdaşları tanıdığını, həmin gün tələsdiyi üçün şikayət etmədiyini bildirmiş və Nicat, Əli və Ələddin adlı əməkdaşlar barədə ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Bu şəxsin şikayəti ilə əlaqədar araşdırma aparılmış, o cümlədən xx.xx.2020-ci il tarixdə iddiaçıdan izahat alınmışdır. Həmin izahatda iddiaçı qeyd edilən avtomobili dayanacağa aparılmasında və yerləşdirilməsində iştirak etmədiyini bildirmişdir (təqdim edilmiş xx.xx.2020-ci il tarixli akta əsasən iddiaçı əlavə izahat vermək üçün cəmiyyətə gəlməkdən imtina etmişdir). Bu tarixdə izahatı alınan digər şəxslərdən 3 saylı “xxxx” MMC-nin avtodəstə mexaniki X13 izahatında xx.xx.2020-ci il tarixdə həmin avtomobilin Nicat və Ələddin adlı əməkdaşlar tərəfindən dayanacağa gətirildiyini, dispetçeri X11 izahatında xx.xx.2020-ci il tarixdə dayanacağa Xəyal adlı əməkdaşın gəldiyini, həmin cəmiyyətin “Sərnişin daşımalarının tənzimlənməsi” şöbəsinin rəisi X20 isə izahatında vətəndaş X4 onun qəbulunda olan zaman xx.xx.2020-ci il tarixdə onun avtomobilinin Əli və Nicat adlı əməkdaşlar tərəfindən götürülməsindən şikayət etdiyini göstərmişdir. Digər şəxslərin izahatında iddiaçı barədə hər hansı formada məlumat əks olunmamışdır. Aparılmış araşdırmanın nəticələri üzrə xx.xx.2020-ci il tarixdə xidməti məruzə hazırlanmışdır. Həmin məruzədə xx.xx.2020-ci il tarixdə baş vemiş hadisə ilə bağlı vətəndaş X4 ərizəsi əsasında aparılmış araşdırma, o cümlədən alınmış izahatlar barədə məlumat verilmiş və cəmiyyətin Sərnişindaşımaların tənzimlənməsi şöbəsinin bir sıra əməkdaşının, o cümlədən iddiaçı X5 əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntuların nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmaqla cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri təsdiqini tapdığından, cəmiyyətin Həmkarlar Komitəsinin razılığı alınmaqla onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Buna uyğun olaraq, cəmiyyətin baş direktorunun müraciətinə əsasən məsələ ilə bağlı xx.xx.2020-ci il tarixdə “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və nəticələrinə dair protokol tərtib edilməklə, qəbul edilmiş qərara əsasən bir sıra şəxsin, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra cəmiyyətin xx.xx.2020-ci il tarixli, 40-Ş/h saylı əmri ilə cəmiyyətin bir sıra əməkdaşı, o cümlədən İddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. İddiaçı 09 iyul tarixdən xx xxxx 2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işə çıxmamış, bu hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Səhiyyə İdarəsi 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən müvafiq qaydada rəsmiləşdirilmiş və bu barədə iddiaçıya əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Hadisə günü, hadisə yerində aparılmış video yazıda iddiaçının orada olduğu görünmür. Hazırda iddiaçı onun barəsində araşdırmanın düzgün aparılmadığını, xx.xx.2020-ci il tarixdə vətəndaş X3 ona məxsus avtomobilin götürülməsi, həmin avtomobilin dayanacağa yerləşdirilməsi prosesində iştirak etmədiyini, ona verilmiş tapşırığa əsasən sonradan avtomobilin olduğu yerə gedərək, onu yoldan kənara çəkdiyini, əmək qanunvericiliyinin tələbləri pozulmaqla barəsində əmr qəbul edildiyini, o cümlədən həmin tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsinə görə həmin və bir neçə gün sonra işə çıxmadığını bildirir və barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi iş buraxmaya görə xeyrinə əmək haqqının tutulmasını və ona qarşı yol verilmiş qanunsuzluğa görə mənəvi sarsıntı keçirdiyini və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 4.000 manat məbləğində pulun tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən, həmçinin, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda digər məlumatlarla yanaşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, vurğulayır ki, vətəndaş İddiaçı şikayəti əsasında aparılmış və iddiaçının tutduğu vəzifədən azad edilməsi ilə nəticələnən araşdırma cəmi 2 iş günü davam etmişdir. Birinci gün ərzində, yəni xx.xx.2020-ci il tarixdə şikayətçi X4 şikayət ərizəsi araşdırılmış, o cümlədən 6 əməkdaşdan izahat, 1 əməkdaşdan məlumat alınmış, bundan sonra həmin şəxslərin bəziləri əlavə izahat verilməsi üçün cəmiyyətə yenidən dəvət alınmış, cəmiyyətin baş direktoru Vüqar Süleymanzadəyə xidməti məruzə hazırlanmış və məruzəyə uyğun olaraq onun tərəfindən iddiaçı ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı cəmiyyətin Həmkarlar ittifaqı Komitəsinin sədrinə müraciət olunmuşdur. İkinci gün, yəni xx.xx.2020-ci il tarixdə cəmiyyətin Həmkarlar ittifaqı Komitəsinin iclası keçirilmiş və iddiaçı ilə cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Bu razılığa uyğun olaraq iddiaçı barəsində hazırda mübahisə predmetini təşkil edən xx.xx.2020-ci il tarixli əmr verilmişdir. Məhkəmə, cavabdeh tərəfindən aparılmış araşdırma ilə bağlı qeyd edir ki, qanunverici Əmək Məcəlləsində işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürən tərəfindən bir sıra hərəkətlərin edilməli olmasını (tədbirlərin görülməsini) imperativ qaydada müəyyən etmiş, hətta bununla bağlı müddətlər təsbit etmişdir. Bu tədbirlər çərçivəsində Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə əsasən iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən ondan yazılı izahatın alınması tələb edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri baxımından əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi intizam tənbehlərindən biri kimi müəyyən edilmişdir. Bu tələbə uyğun olaraq, iddiaçıdan xx.xx.2020-ci il tarixdə izahat alınmış və həmin izahatda o, şikayətçiyə məxsus avtomobili cəmiyyətin dayanacağına (qarajına) aparmadığını bildirmişdir. Lakin nəticə etibarı ilə şikayətçi X4 ərizəsi və 3 saylı “xxxx” MMC-nin avtodəstə mexaniki X7 izahatı əsas götürülmüş, iddiaçının izahatı qeyri-səmimi qəbul edilmiş və iddiaçının xx.xx.2020-ci il tarixdə baş vermiş hadisədə iştirak etdiyi və avtomobilin məhz onun tərəfindən cəmiyyətin dayanacağına (qarajına) aparıldığı qənaətinə gəlinmişdir. Halbuki, cəmiyyətin “Sərnişin daşımalarının tənzimlənməsi” şöbəsinin rəisi X20 öz izahatında vətəndaş X4 onun qəbulunda olan zaman xx.xx.2020-ci il tarixdə onun avtomobilinin Əli və Nicat adlı əməkdaşlar tərəfindən götürülməsindən şikayət etdiyini göstərmişdir. Məhkəməyə təqdim edilmiş və hadisə günü, yəni xx.xx.2020-ci il tarixdə qeydə alınmış videoyazıda da iddiaçının hadisə yerində olması müəyyən edilməmişdir. Buna baxmayaraq, bu ziddiyyətlə bağlı araşdırma aparılmamış, əlavə izahatlar alınmamış (iddiaçının əlavə izahat verməkdən imtina etməsi barədə akt tərtib edilsə də, digər şəxslərdən, o cümlədən X6, X14 əlavə izahatların alınmasına, X9 ilə məsələnin bir daha dəqiqləşdirilməsinə hər hansı maneə yox idi), nəticə etibarı ilə iddiaçının hadisə yerində olması, habelə avtomobilin onun tərəfindən dayanacağa (qaraja) yerləşdirilməsi ilə bağlı əlavə sübutlar əldə edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.2-ci maddəsi belə bir araşdırmanın bir ay ərzində aparılmasını mümkün edir. Bu müddət məhz araşdırmanın keyfiyyətli və hərtərəfli aparılması, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin müfəssəl aydınlaşdırılması məqsədi ilə verilmişdir. Lakin cavabdeh bu müddətdən səmərəli istifadə etməmiş və müddət etibarı ilə cəmi 1 iş günü ərzində araşdırma aparmışdır. Halbuki, sadalanan işlərin 1 iş günü ərzində nəinki keyfiyyətli görülməsi, həm də fiziki cəhətdən çatdırılması (izahatların və məlumatların alınması, xidməti məruzənin və Komitəyə təqdimatın hazırlanması) qeyri-mümkün görünür. Bütün bunlar öz növbəsində iddiaçı barəsində araşdırmanın səthi aparılması qənaətinə gəlmək üçün əsas yaradır. Eyni zamanda, iddiaçının reallıqda əlavə izahat verməkdən imtina etməsi barədə məlumatı (aktı) şübhə altına alır və cavabdeh tərəfindən Cəmiyyətin Həmkarlar Komitəsinə ünvanlanmış təqdimatı məlumat xarakterli sənəd səviyəsinə endirir. Belə ki, həmin təqdimatda iddiaçı barəsində şikayətçi X4 şikayət ərizəsində və X10 izahatına göstərilənlər əks etdirilmiş, nəticı etibarı ilə təqdimat əsaslandırılmamış və təqdimata hər hansı sənəd əlavə edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 80-cı maddəsinin tələbləri baxımından cavabdeh Həmkarlar Komitəsinə əsaslandırılmış təqdimatla müraciət etməli və müvafiq əsaslandırma sənədlərini təqdimata əlavə etməli idi. Bununla belə, hüquqi nəticə etibarı ilə Həmkarlar Komitəsinə məlumat xarakterli sənəd təqdim edilmişdir. Cəmiyyətin Həmkarlar Komitəsi də eyni surətlə, yəni təqdimat daxil olduqdan sonra növbəti günü, xx.xx.2020-ci il tarixdə iclas keçirmiş və həmin günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar mahiyyət etibarı ilə həm abzas, həm cümlə, həm də söz baxımından təqdimatın təkrarıdır. Başqa sözlə, təqdimatın başlığı (qurumun adı olan hissə) və sonu (imza olunan hissə) dəyişdirilməklə qərar qəbul edilmişdir. Belə olan halda da təbii ki, Komitə tərəfindən hadisə ilə bağlı hər hansı sənəd öyrənilməmiş və qərar əsaslandırılmamışdır. Halbuki, 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar İttifaqı təşkilatı əsaslandırılmış qərar qəbul etməlidir. Həmin müddəada 10 günlük müddət də məhz bunun üçün nəzərdə tutulmuşdur ki, həmçinin, ictimai nəzarət funksiyasını yerinə yetirməklə belə bir vəziyyətdə işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə edən təşkilat qismində çıxış edən və həqiqətdə notariat fəaliyyətini həyata keçirməyən Həmkarlar İttifaqı təqdimatda göstərilən məsələlərə xüsusi diqqət yetirsin, əmək qanunvericiliyinin normalarının pozulmasına yol verilib-verilməməsi hallarını tam və hərtərəfli öyrənsin və bu işin nəticəsi olaraq məsələ ilə bağlı əsaslandırılmış qərar versin. Lakin göründüyü kimi, Həmkarlar İttifaqı cavabdeh tərəfindən ona təqdim edilmiş məlumat xarakterli müraciəti təqdimat kimi qəbul edib, dərhal iclas təşkil edərək, onu müzakirəyə çıxarmış və həmin müraciətdə olan məlumatlarla kifayətlənərək və yuxarıda qeyd edilən izahatlarda və X4 ərizəsində olan ziddiyyətləri aydınlaşdırmayaraq, təqdimatı sadəcə olaraq təsdiq etmişdir. İddiaçıya da bu iclas barədə həmin günü, yəni xx.xx.2020-ci il tarixdə iclasdan bir neçə saat əvvəl telefon vasitəsi ilə məlumat verilmiş və bu barədə akt tərtbi edilmişdir. Halbuki, qanunvericiliyin verdiyi 10 günlük müddətdən daha səmərəli istifadə edib, iddiaçının gəlməməsi əsası ilə iclası bir neçə gün təxirə salmaq və bu barədə iddiaçıya məlumat vermək, o, təkrar gəlmədikdə iclası keçirmək üçün hər hansı maneə yox idi. Məhkəmə bir daha vurğulayır ki, izahatların alınması (araşdırmanın aparılması) və həmkarlar ittifaqı tərəfindən qərarın qəbul edilməsi üçün müəyyən edilmiş müddətlər məhz keyfiyyətli araşdırmanın aparılması, əsaslandırılmış və əsaslandırma sənədlərinə söykənən təqdimatın, habelə həmkarlar ittifaqı təşkilatı tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuşdur və özündə işəgötürən və həmkarlar ittifaqı təşkilatı tərəfindən sadəcə olaraq istəyə uyğun günün seçilməsini ehtiva etmir. Məhkəmə iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 40 ş/h saylı əmrlə bağlı qeyd edir ki, həmin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı adım atılmamış, bir cümlə belə yazılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret bir şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş imperativ xarakterli müddəa bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Əmrin əsaslnadırılmasına olan zərurət də məhz bu şərtin mövcudluğunu təsdiq edən bir haldır. Lakin buna baxmayaraq, qeyd edilən əmrdə iddiaçı tərəfindən əmək və icra intizamının (intizam qaydalarının) pozuntusunun nədə ifadə olunması (nədən ibarət olması), əmək funksiyasına, vəzifə borcuna daxil olan hansı işin (xidmətin) yerinə yetirilmədiyi, habelə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan dəydiyi göstərilməmişdir. Digər tərəfdən əmrdə həmçinin, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı (bu barədə izahat və şikayətçinin ərizəsində göstərilməsinə baxmayaraq) iddiaçının xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə yerində olması və X4 istifadə və sahibliyində olan avtomobilin onun tərəfindən cəmiyyətin dayanacağına (qarajına) sürülərək aparılması öz təsdiqini tapmamış, yalnız iddiaçının hadisədən sonra hadisə yerinə gedərək həmin avtomobili yoldan kənara sürərək, yolun kənarında saxlaması müəyyən edilmişdir. Belə bir əməl də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (72-ci maddənin “e” bəndi ilə) xitam verilməsi üçün əsas yaratmır. Hər bir halda, Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsində bir neçə intizam tənbehi təsbit edilmiş və həmin maddənin üçüncü hissəsi iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almaqla daha yüngül intizam tənbehinin verilməsini mümkün edir. Məhkəmə Əmək Məcəlləsinin 84-cü maddəsinə istinadən həmin əmrin verilməsi üçün əsas olmuş sənədlərlə bağlı qeyd edir ki, artıq müəyyən edildiyi kimi xidməti araşdırma materialları zidiyyətli olduğundan və bununla da araşdırma səthi aparıldığından, məhz həmin materiallar əsasında tərtib edilmiş xidməti məruzə və bu məruzənin məzmun etibarı ilə təkrarı olan Həmkarlar İttifaqı Komitəsinin protokolu (əsaslandırılmamış qərarı) rəsmi sənədlər hesab edilə bilməz. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən əmr qəbul edilərkən iddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işə çıxmamış, bu hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Səhiyyə İdarəsi 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən müvafiq qaydada rəsmiləşdirilmiş və bu barədə iddiaçıya əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir (09 iyul tarixdən xx xxxx 2020-ci il tarixədək). Halbuki, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsini imperativ qaydada qadağan etmişdir. Başqa sözlə, cavabdeh həmin tarixdə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verə bilməzdi. Bu da öz növbəsində həmin əmrin ləğv edilməsini şərtləndirir. Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə ilə bağlı iddiaçı barəsində araşdırma aparılarkən və bu araşdırmanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli, 40-ş/h saylı əmr qəbul edilərkən Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş və nəticədə Əmək Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarının tələbləri pozulmaqla araşdırma aparılmış və qeyd edilən əmr qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində əsaslıdır və qismən təmin edilməli (belə ki, əmr hazırki iş üzrə iddiaçı olmayan bir neçə şəxs barəsində qəbul edilmişdir), “xxxx” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli, 40 ş/h saylı əmri İddiaçı aid hissədə ləğv edilməlidir. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” hissəsində də əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı “xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “xxxx” MMC tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X23 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X23 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və X23 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin göründüyü kimi, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, “xxxx” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli, 40 ş/h saylı əmri İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı “xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “xxxx” MMC tərəfindən ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx xxxx 2020-ci il tarixli, 40 ş/h saylı əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı “xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı “xxxx” MMC tərəfindən ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar