Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4403/2023 20.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə 20 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi1 və Ərizəçi2 birgə ərizəçilər olaraq ərizə ilə məhkəməyə müraciət edərək 02 mart 1990-cı il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş Ərizəçi2 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 ilə Ərizəçi2 2015-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla evlənmişlər. Həmin vaxt Ərizəçi2 pasport və ya şəxsiyyət vəsiqəsi olmadığından nikahlarını rəsmiləşdirə bilməmişlər. Birgə nikahlarından 02 dekabr 2016-cı il tarixdə X14 adlı uşaqları doğulmuşdur. Ərizəçi2 pasport və ya şəxsiyyət vəsiqəsi olmadığından uşağa da doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi2 02 mart 1990-cı il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. Doğulduqdan 2 ay sonra valideynləri ilə birlikdə Bakı şəhərinə gəlmiş, həmin vaxtdan ünvan 1 ünvanında kirayədə yaşamışlar, hazırda da orada yaşayırlar. Ərizəçi2 vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuş, 02 iyul 2021-ci il tarixli arayışla onun Azərbaycan Respublikası vətəndaşı olmaması barədə arayış verilmişdir. Bundan sonra ərizəçilər tərəfindən Ərizəçi2 üçün pasport əldə etmək məqsədilə Gürcüstan Respublikasının Bakı şəhərində yerləşən səfirliyinə ərizə ilə müraciət edilmiş, Səfirlik özünün xx.xx.2023-cü il tarixli arayışı ilə bildirmişdir ki, xx.xx.1990-cı il tarixdə Gürcüstanda doğulan Ərizəçi2 ondan ötrü ki, “Gürcüstan vətəndaşlığı haqqında” Qanunun 30-cu maddəsinin “b” bəndinə müvafiq olaraq Gürcüstan Ədliyyə Nazirliyinin X3 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən, o, Gürcüstan vətəndaşı hesab olunmur. Bundan sonra ərizəçilər tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciət olunmuş, müraciət baxılması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərilmiş, Xidmət özünün xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006ıci il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir... Ərizəçi2 1990-cı ildən Azərbaycan Respublikasında yaşayır, 2002-ci il tarixdən buranı tərk etməmişdir. Hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəçiyə şəxsiyyəti təsdiq edən sənəd əldə edilməsi və bunun əsasında nikahın rəsmiləşdirilməsi, uşaqlarına doğum haqqında şəhadətnamə alınması üçün zəruridir. Məhkəmə iclasında ərizəçilər X10 və Ərizəçi2 ayrı-ayrılıqda ərizəni müdafiə etdiklərini bildirmişlər. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hümbətova Fərində (Farida Gumbatova) ifadəsində göstərdi ki, o, ərizəçilərdən Ərizəçi2 anasıdır. O, 1990-cı illərdə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. İki oğlu, bir qızı vardır. Oğlanları Rusiya Federasiyasının vətəndaşlarıdır, lakin savadsız olduğundan qızına şəxsiyyət vəsiqəsini vaxtında almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi2 onun əmisi nəvəsidir. Uşaqkən Gövhər anası ilə birlikdə Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmişlər və ovaxtdan burada yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi2 onun əmisi nəvəsidir. Onlar NSZ qəsəbəsində bir məhəllədə böyümüş, bir məktəbdə oxumuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi2 onun əmisi nəvəsidir. Gövhər anası ilə 90-cı illərdə Azərbaycana gəlmişlər, NZS qəsəbəsində ev alıb orada daimi yaşamış, orada məktəbdə oxumuşdur. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 02 mart 1990-cı il tarixdə Gürcüstan SSR Tbilisi şəhərində doğulmuşdur, atası X7, anası X5r. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, 02 mart 1990-cı il təvəllüdlü Ərizəçi2yevnanın “Azərbaycan Respublikaısnın vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. - Gürcüstan Səfirliyinin 20 yanvar 2023-cü il tarixli arayışında göstərilmişdir ki, 02 mart 1990-cı il təvəllüdlü, Gürcüstanda doğulan Ərizəçi2 “Gürcüstan Vətəndaşlıq haqqında” Gürcüstan Orqan qanununun 30-cu maddənin “b” bəndinə müvafiq olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin X3 Agentliyinə təqdim olunan və əldə edilən sənədlərə əsasən Gürcüstan vətəndaşı hesab olunmur. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xİdməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi1 ünvanlandırılmış 14 aprel 2023-cü il tarixli məktubda göstərilmişdir ki, “Ərizəçi2yevnanın 1990-cı il tarixdən hazırki dövrədək Azərbaycan Respubliaksının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər...” - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə ünvanlandırılmış 07 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, 02 mart 1990-cı il təvəllüdlü Ərizəçi2 dövlət sərhədindən hərəkəri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Z.T.Yusuifov adına 194 saylı tam orta məktəbin direktoru tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli, 3061 saylı arayışda göstərilmişdir ki, Ərizəçi2 həqiqətən Bakı şəhəri Xətai rayonu Z.T.Yusifov adına 194 saylı tam orta məktəbin 2003-cü ildə 8-ci sinfini bitirmişdir. - Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı Doğum Evindən verilmiş 08 dekabr 2016cı il tarixli, 827 nömrəli arayışda göstərilmişdir ki, Ərizəçi2 02 dekabr 2016-cı il tarixdə uşaq dünyaya gətirmiş, şəxsiyyətini təsdiq edən sənəd olmadığından məlumatlar hamilənin şifahi ifadəsinə əsasən yazılmışdır. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçilərin, maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən, vətəndaşlığı olmayan şəxs — heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli 421-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir. Həmin Əsasnamənin 2-ci bəndinin c-hissəsinə əsasən, xüsusi sənədlərin növlərindən biri Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsidir. Həmin Əsasnamənin 24-cü bəndinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün şəxsiyyət vəsiqəsi 18 yaşına çatmış, müstəsna hallarda təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış vətəndaşlığı olmayan şəxsə onun valideynlərinin və ya qanuni nümayəndəsinin razılığı, müvafiq təşkilatların vəsatəti əsasında həmin vəsiqənin verilməsi barədə onun xüsusi forma üzrə doldurulmuş ərizəsi əsasında bu barədə müraciət olunduğu vaxtdan ən geci bir ay keçənədək yaşadığı yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 2 il müddətinə verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən, Əsasnamənin 24-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İV abzasına əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1 -ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. - 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - 311 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə işin faktiki hallarını, habelə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, 02 mart 1990-cı il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş Ərizəçi2 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 02 mart 1990-cı il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş Ərizəçi2 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-4403/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4403/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver