Məhkəmə qərarları › İş №2(001)-4411/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-4411/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-4411/2024 20.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçılar İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan olunması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı2 və digərləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İlk növbədə vurğulanmalıdır ki, iddiaçılardan İddiaçı8 soyadı qeyd olunmamışdır. Bununla yanaşı iddiaçıların heç birinin ünvanı ərizədə konkret formada göstərilməmişdir. İddiaçılar formal olaraq bir ünvanı Rəşid İsmayılov küçəsi 37 A ünvanında yerləşən 5 mərtəbəli binanı qeyd etmişlər. Halbuki iddiaçılar eyni binada yaşasalar da, mənzilləri eyni ola bilməz. Məhkəmə bildirişlərinin də iddiaçıların hər birinə ayrı-ayrılıqda göndərilməsi üçün ünvanların konkret şəkildə göstərilməli olması mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, iddiaçılar cavabdeh kimi cəlb etdikləri Cavabdeh1 ünvanını ümumiyyətlə qeyd etməmiş, bununla da mülki prosessual qanunveiciliyinin 149.2.2-ci maddəsinin tələblərini ciddi şəkildə pozmuşlar. İddia ərizəsində cavabdehin ünvanının düzgün və tam göstərilməsi iddiaçıların vəzifəsidir və ünvan göstərilmədikdə, çəkişmə prinsipinə əməl edilməsi üçün iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi qeyrimümkün olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadə edilməsinə yaradılan maneələrin qadağan olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar