Məhkəmə qərarları › İş №2(001)-4452/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4452/2025

15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4452/2025 15.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs maraqlı şəxs qismində cəlb edilməklə, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Şəxsiyyət vəsiqəsindəki məlumatlara əsasən Ərizəçi xx.xx.1982-ci ildə anadan olmuş və Azərbaycan vətəndaşıdır.

2. 4 saylı bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-516/2025 saylı məktuba əsasən ərizəçinin doğum akt qeydinin bərpasına dair müraciəti təmin edilməmişdir.

3. Ərizəçi Qasımova X1 rayon qeyiyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş və 7 aprel 1982-ci il tarixdə Ermənistanın Masis rayon VVADQ Şöbəsində aparılmış doğum akt qeydinin bərpa edilməsi, 27 aprel 1982-ci il tarixdə Ermənistanın Masis rayon VVADQ Şöbəsində doğumun qeyd edilməsi faktının, xx xxxxx 1982-ci il tarixində Masis rayonu Zəngilər kəndində doğulması, ata adının X5, milliyətinin azərbaycanlı, ana adının X6, milliyətinin azərbaycanlı olması hüquqi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizəçinin əsaslandırması:

4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxx 1982-ci il tarixdə Ermənistan SSR Masis rayonu Zəngilər kəndində anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydləri kitabında 174 nömrə ilə xx.xx.1982-ci il tarixdə aktı qeydi aparılmışdır və doğum haqqında şəhadətnamə verilmişdir. Verilmiş doğum haqqında şəhadətnamə əsasında pasport və şəxsiyyət vəsiqəsi almışdır. Məlum hadisələrlə bağlı qaçqın düşmüş və ona məxsus doğum haqqında şəhadətnamə itmiş, tapılması mümkün olmamışdır. Doğum akt qeydinin edilməsi və doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən akt qeydinin bərpa edilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi bildirilmişdir. Ərizəçi qeyd edir ki, doğum haqqında şəhadətnamənin olmaması hüquqlarının həyata keçirilməsinə maneçilik yaradır. Doğumun qeyd edilməsi faktının təsdiq edilməsi və akt qeydlərinin bərpa edilməsi ona sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır.

Maraqlı şəxsin etirazları:

5. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Tərəflərin izahatları:

6. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçi xx.xx.1982-ci il tarixində Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində doğulmuş və bu barədə doğum akt qeydində 174 nömrəli qeyd ilə xx.xx.1982-ci ildə qeydiyyat aparılmışdır. Həmçinin şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçinin atası milliyəti azərbaycanlı olan X4, anası isə milliyəti azərbaycanlı olan X3r.

9. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025ci il tarixli, 3-16-5/8-15-516/2025 saylı məktubdan müəyyən edilir ki, akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından akt qeydinin bərpası ilə bağlı ərizəçinin ərizəsinin icrası mümkün olmamış və akt qeydinin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ərizəçiyə tövsiyyə edilmişdir.

10. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 bildirdi ki, o, ərizəçinin bacısıdır və xx.xx.1981-ci il tarixində Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Şahid daha sonra bildirdi ki, ərizəçi onun balaca bacısıdır, doğum tarixini dəqiq bilmirəm, üç doğma və bir ögey qardaşımız var, iki qardaşımız Nəsimi rayonunda yaşayır, o və ərizəçi Binəqədi qəsəbəsində yaşayırlar, atalarının adı X4, analarının adı isə X3r. Ata və analarının vəfat etdiyini bildirən şahid evin kommunal xidmətlərinin vəfat edən anasının adına olduğunu qeyd edərək həm kommunal xidmətlərin, həm də vəfat etmiş anasının adına olan və ərizəçinin yaşadığı fərdi yaşayış evinin adına keçirilməsi üçün ərizəçiyə doğum haqqında şəhadətnamənin lazım olduğunu vurğuladı. Şahid son olaraq bildirdi ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi evdə itmiş, lakin sonradan tapa bilməmişlər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. - Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3 nömrəli, 12 aprel 2019-cu il tarixli: - 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. - 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. - 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

14. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı bakı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-516/2025 saylı məktubla akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından akt qeydinin bərpası ilə bağlı ərizəçinin ərizəsinin icrası mümkün olmamış və akt qeydinin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ərizəçiyə tövsiyyə edilmişdir.

15. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, ərizəçi xx.xx.1982-ci ildə anadan olmuşdur. Eləcə də ərizəyə əlavə edilmiş ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçi xx.xx.1982-ci il tarixində Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində doğulmuş və bu barədə doğum akt qeydində 174 nömrəli qeyd ilə xx.xx.1982-ci ildə qeydiyyat aparılmışdır. Həmçinin şəhadətnamənin surətindən müəyyən edilir ki, ərizəçinin atası milliyəti azərbaycanlı olan X4, anası isə milliyəti azərbaycanlı olan X3r.

16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1982-ci il tarixində Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində doğulması, bu barədə doğum akt qeydində 174 nömrəli qeyd ilə xx.xx.1982-ci ildə qeydiyyat aparılması, həmçinin atasının milliyəti azərbaycanlı olan X4, anasının isə milliyəti azərbaycanlı olan X6 olması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir.

18. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

19. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 317-321, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Ərizəçi xx xxxxx 1982-ci il tarixində Ermənistan Respublikasının Masis rayonunun Zəngilər kəndində doğulması faktı müəyyən edilsin.

3. xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi atasının milliyyəti azərbaycanlı olan X4, anasının milliyyəti azərbaycanlı olan X6 olması faktı müəyyən edilsin.

4. Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəngilər kəndində doğulmasına dair Ermənistan Respublikasının Masis rayonu VVAQ şöbəsində doğum akt qeydinin aparılması faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin.

5. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

7. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar