Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-4465/2025 25.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Sadiqov Daməd Əli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Əhmədova (Abdullayeva) Xavər Mehub qızına qarşı "mənzildən istifadə etmək hüququna xitam verilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əhmədova (Abdullayeva) Xavər Mehub qızına qarşı "mənzildən istifadə etmək hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Abdullayeva (Əhmədova) Xavər Mehub qızının ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov döngəsi 3, mənzil 22-də yerləşən yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və həmin mənzildə saxlanılan cavabdehə məxsus İ. yataq mebel dəsti, çarpayı 2 ədəd (yanı dolabca), kamot güzgülü 1 ədəd, 3 qapılı paltar şkafı 1 ədəd; İİ. divan 1 ədəd, kreslo 2 ədəd, masa 6 nəfərlik 1 ədəd; İİİ. 35 kv. m-lik LG markalı kondisioner 1 ədəd əmlakların həmin mənzildən çıxarılması barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Abdullayeva (Əhmədova) Xavər Mehub qızı ilə xx.xx.2012-ci ildə Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsində nikahlarını 417 nömrəli akt qeydi ilə rəsmiləşdirmişdir. Ər-arvad kimi yaşadıqları dövrlərdə 2 nəfər X6 və X3 adlı uşaqları olmuşdur. Nikahları xx.xx.2023-cü il tarixli (2(001)- 6186/2023) qətnaməsi ilə pozulmuş və uşaqların cavabdehin yanında qalması qət edilmişdir. O, uzun müddət ərzində hərbi hissələrdə həkim işləmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Buna görə Dövlət tərəfindən 11 medallarla təltif olunmuşdur. İş yeri həmişə hərbi hissələrdə olduğundan cavabdeh də onunla ayrı-ayrı ünvanlarda yaşamışdır. Cavabdeh hal-hazırkı vaxtlara qədər olan dövrlər ərzində ona məxsus şəxsi mənzilində yaşamışdır. Hal-hazırda valideynlərinə məxsus mənzilində yaşayır. Ona məxsus şəxsi mülkiyyətində mənzilini nikah dövründən əvvəl aldığından ümumi birgə mülkiyyət sayılmır. Ona görə də cavabdehin ona qarşı iddia tələbi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-3450/2023 saylı qətnaməsi ilə həll edilmişdir. Lakin buna baxmayaraq cavabdeh özü və onunla yaşayan uşaqları ona məxsus mənzilindən istifadə etmək hüququnun olmaması onların həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Yaşayış mənzilindən istifadə hüququ daşınmaz əmlakın dövlət reystrində və onunıa cavabdeh arasında notariat qaydasında bağlanan müqavilə ilə qeydə alınmamışdır. Hazırkı vəziyyətdə onun mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Onun cavabdehlə ailə münasibətləri uzun müddətdir ki, pozulmuşdur. Cavabdehin onun mənzilinə qeydiyyata düşməsi cavabdehin həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Cavabdehin həmin yaşayış sahəsində faktiki yaşamaması, istifadə hüququ olmaması tam əsas verir ki, məhkəmə qaydasında cavabdehim həmin mənzildə yaşayış hüququ itirilməsi barədə məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə yazılı izahat təqdim edərək bildirmişdir ki, nişanlılıq dövründə o, tələbə olduğu, işləmədiyi üçün atası tərəfindən ilkin ödəniş olunaraq ev qarşı tərəfin adına alınmışdır. 10 il evlilik dövründə həm ipoteka ödənişi, həm sığorta ödənişi, həm evin təmiri, əşyalarla təchizi o və ailəsi tərəfindən edilib. Hazırda qarşı tərəf onu, 12 yaşında qızı X2 və 10 yaşında oğlu Zülfüqar İddiaçı oğlunu atası tərəfindən alınan evin qeydiyyatından çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. Hazırda hər iki övladı 42 saylı orta məktəbdə 7-ci və 5-ci siniflərdə təhsil alır. Həmin məktəbin yanında kirayə qalırlar. Çünki 45 m² evdə yaşlı anası və atası ilə, 2 böyük uşaqla qalmaq fiziki baxımdan mümkün deyil. Qarşı tərəfin ona 10000 manatdan çox icra borcu var, 3 ildir ki ödəmir. Evlə bağlı məhkəmə isə hələ də davç edir, inanır ki, qısa zaman ərzində öz müsbət həllini tapacaq. Onun və övladlarının qeydiyyatdan çıxmaq məsələsi o zaman real ola bilər ki, qarşı tərəf bütün icra pullarını ödəsin və o, evin ilkin ödənişinin edib ev ala bilsin. Və ya iddiaçının dediyi kimi işləmir (yalan), pulu yoxdursa evi sahibinə qaytara bilər. Onun atası qaçqınkom deyil. 30 ildir “həsrətlə” gözlədiyi Ağdam alınıb, evlər tikilib, niyə vətəninə qayıtmır? Keçmiş qayınatasının evindən 12 yaşlı qız uşağını çıxardıb ailə qurmaq istəyir? O gedib kimə ağız açsın, uşaqların təhsillərini davam etdirmək üçün qeydiyyata salsın. Bir ildən çoxdur ki, uşaqları ilə maraqlanmır, yaşayışları, problemləri barədə heç bir məlumatı yoxdur. O, 10 ildən artıqdır ki, dövlət qurumlarında həkim kimi çalışır. Əli çatan və çatmayan bütün dövlət qurumlarına müraciət etmiş və edəcək. Onun uşaqları onun yalnış seçiminə görə evsiz qalmalı deyillər. Odur ki, ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini (vəkilini) dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 3450/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 12500 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X7 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 6186/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi, aliment” tələbinı dair iddiası təmin edilmiş, iddiaçı X8 ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 417 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 iddiaçı X4 yanında qalmasının müəyyən edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulraq iddiaçı X7 ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Cavabdeh daha əvvəl mübahisəli mənzilin bölünməsi tələbi ilə məhkəməyə müraciət etsə də, onun həmin tələbi təmin olunmamışdır. Belə ki, qeyd edilən mənzilin dəyəri tərəflər nikaha daxil olanadək tam ödənilmiş və cavabdehin mülkiyyət hüququ qeydə alınmış, belə olan halda da ər-arvadın mülkiyyətinin qanuni rejimi yaranmamışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdeh həmin evədə ümumiyyətlə yaşamamış, bununla da onun həmin evə istifadə hüququ yaranmamışdır. Ona görə də məhkəmə iddia tələbinin istifadə hüququnun itirilməsi hissəsində hesab edir ki, hazırda cavabdehin onsuzda həmin mənzilə istifadə hüququ olmadığından, iddia bu hissədə təmin edilə bilməz. Həmçinin, məhkəmə iddianın cavabdehə məxsus əşyaların mənzildən çıxarılması hissəsində hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, hazırda cavabdehə məxsus əşyaların iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzildə saxlanılması iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh Əhmədova (Abdullayeva) Xavər Mehub qızına məxsus İ. yataq mebel dəsti, çarpayı 2 ədəd (yanı dolabca), kamot güzgülü 1 ədəd, 3 qapılı paltar şkafı 1 ədəd; İİ. divan 1 ədəd, kreslo 2 ədəd, masa 6 nəfərlik 1 ədəd; İİİ. 35 kv. m-lik LG markalı kondisioner 1 ədəd əmlaklar həmin mənzildən çıxarılmalıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Əhmədova (Abdullayeva) Xavər Mehub qızına məxsus İ. yataq mebel dəsti, çarpayı 2 ədəd (yanı dolabca), kamot güzgülü 1 ədəd, 3 qapılı paltar şkafı 1 ədəd; İİ. divan 1 ədəd, kreslo 2 ədəd, masa 6 nəfərlik 1 ədəd; İİİ. 35 kv. m-lik LG markalı kondisioner 1 ədəd əmlaklar ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən çıxarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Əhmədova (Abdullayeva) Xavər Mehub qızına qarşı "mənzildən istifadə etmək hüququna xitam verilməsi" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Əhmədova (Abdullayeva) Xavər Mehub qızına məxsus İ. yataq mebel dəsti, çarpayı 2 ədəd (yanı dolabca), kamot güzgülü 1 ədəd, 3 qapılı paltar şkafı 1 ədəd; İİ. divan 1 ədəd, kreslo 2 ədəd, masa 6 nəfərlik 1 ədəd; İİİ. 35 kv. m-lik LG markalı kondisioner 1 ədəd əmlaklar ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-4465/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-4465/2025
25.09.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver